Həmrəyliyimiz gücümüzdür
Redaksiyamızın bu dəfəki qonağı Füzuli, Hadrut, Şuşa uğrunda gedən döyüşlərin fəal iştirakçısı, qazi Asif Nağıyevdir.
Hər an ölümlə qarşı-qarşıya, ağla gəlməyəcək qədər çox mina təhlükəsilə üz-üzə, ətrafı bürüyən barıt qoxusu, insanı vahiməyə salan güllə səsləri içərisində düşmən üzərinə addımlayan minlərlə qəhrəman oğulların mərdliyi bizi qalib ölkənin məğrur duruşlu vətəndaşına çevirdi.
Asif Nağıyev də ölümlə üz-üzə gələnlərdən idi:
“Çox vaxt yuxudan qan-tər içində oyanıram. Yenidən o anlara dönürəm. Yaddaşımdan silinmir. Təbii ki, bu vaxt bütün əziyyətimi valideynlərim çəkir. Özüm müalicəmin ev şəraitində davam etməsini istədim.”
Sualları dəflərlə ünvanlayıram. Öz-özümə: “Bu suallarda çətin nə var ki? Bəlkə cavablamaq istəmir” deyə düşünürəm. Mühasibim isə eşitməsində, eləcə də yaddaşında problem olduğunu, buna görə sualları təkrar-təkrar soruşduğunu bildirir. Acılı-şirinli xatirələr çözələnir:
“Şəhidlərimiz çox oldu. Allah onlara rəhmət eləsin, qazilərimizə şəfa versin. Nə yaralılarımızı, nə də ki, şəhidlərimizi təhlükəli zonada qalmağa qoymadıq. Qələbəyə onlarla birgə addımladıq. İllərdir o, torpaqlarımız işğalda idi. Bütün ruhumuz, sevincimiz, qürurumuz da elə o torpaqlarla birgə getmişdi. Mən həmin yerləri heç görməmişdim. Ancaq evdəkilərin söhbətlərindən bələd idim. Hər dəfə yeni ərazi aldıqca maraqlı gəlirdi. Görəsən digər torpaqlar necədi?İrəlilədikcə ancaq Qələbə deyirsən.”
Qazimiz doğum günündən cəmi bir gün sonra, 9 oktyabrda yaralanıb:
“Vurulanda canında elə bir rahatlıq olur ki, sanki hər işin hazırdır. Və şəhid olmalısan. Gülüş üzündən çəkilmir, sevinirsən.”
Bayaqdan danışığında tələskənlik duyulan Asiflə söhbətimizi ənənəvi sualımla yekunlaşdıraraq, rublikamızın adını xatırladıram, həmrəyliyimizin qələbəmizdə nə qədər önəm daşıdığını soruşuram. “Allah Azərbaycan ordusunu qorusun. Biz orda inamımız, gücümüz və birliyimiz hesabına qalib gəldik. Ali Baş Komandanın hər çıxışı bizə lap çox dəstək olurdu.” deyir.
Allah bütün qazilərimizə şəfa versin. Onlar bizim haqq davamızın canlı yadigarlarıdır.
Rəmziyyə HƏSƏNOVA