Qalibiyyət sevinci

Vətən müharibəsindəki şanlı zəfər tarixindən artıq bir il ötür. Bir ildir torpağının əsl sahibi olan Azərbaycan doğma Qarabağına qovuşaraq, 30 illik vüsal həsrətinə son qoyub. Nəinki on illər, yüz illər keçsə də, bu parlaq qələbəmiz gələcək nəsillər tərəfindən hər zaman fəxrlə və qürur hissi ilə xatırlanacaqdır. Şübhəsiz ki, bu tarixi yazanlar müzəffər Ali Baş Komandan, rəşadətli azərbaycan ordusu və xalqımız oldu. Bundan əlavə olaraq, Vətən müharibəsi dövründə xalq olaraq güclü həmrəylik nümayiş etdirdik. Bu birliyin sayəsində qalibiyyətimizi təmin etdik. Bunun nəticəsində düşməni və havadarlarını rəzil duruma salaraq, əsl yerlərini göstərdik. Erməni faşistlərinin və əlaltılarının Xocalı faciəsində törətdikləri qırğınlar nəticəsində amansızlıqla öldürülən soydaşlarımızın qan qısasını artıqlamasıyla aldıq. Azərbaycan əsgərinin igidlik və qəhrəmanlıqlarını 44 gün ərzində dərk etdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Dəmir Yumruqla” düşmənin başını elə əzdik ki, çətin ki, o əzilən başda bir əsər-əlamət qalsın.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda öz canı, qanı ilə mücadilə etmiş Vətən oğullarından biri də Cahandar Quliyevdir. O, 1982-ci yanvar ayının 1-də rayonun Minəxorlu kəndində anadan olub. Cahandar 1989-2000-ci illərdə Minəxorlu kəndində şəhid Vidadi Məlikovun adına daşıyan məktəbdə oxuyub. C.Quliyev 2002-2006-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin ümumi iqtisadiyyat fakültəsində təhsil alıb. O, hərbçi olmaq qərarına gələrək, 2006-cı ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabitlik kursu üzrə imtahan verib. İmtahanın bütün göstəricilərindən uğurlu nəticə göstərərək zabitlik kursuna qəbul olmuşdur. Kursu bitirdikdən sonra o, 2009-cu ilə qədər Murovdağda N saylı hərbi hissədə tağım komandiri kimi xidmət edib. Komandir olduğu bölükdə əsgərlərə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb. Tərxis olunduqdan sonra o, fərdi işlərlə məşğul olub. C.Quliyev 2020-ci il sentyabrın ayının 29-da Qarabağın işğaldan azad olunması uğrundakı haqq mübarizəsinə qatılan zabitlərdən biri olub. O, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa şəhərlərinin düşmən tapdağından azad olunması uğrunda şərəfli döyüş yolu keçib. Qeyd edim ki, Xocavəndin Tuğ kəndi istiqamətində gedən şiddətli döyüşdə göstərdiyi qəhrəmanlığa görə Müdafiə Nazirliyi tərəfindən ona növbədənkənar baş leytenant rütbəsi verilib. Qorxubilməz zabit 2020-ci il noyabrın 7-də Şuşa şəhərinin Daşaltı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı düşmən artilleriyalarından atılan mərmi onu da yaralamışdır. Yaralarının sağalması üçün bir müddət müalicə olunmuşdur. O, müharibədəki cəsur iştirakı və göstərdiyi igidliyə görə  ölkə başçısının Sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər Paradında iştirak etmək igid Vətən oğluna da nəsib olub. Yeri gəlmişkən qeyd edək ki, Cahandar müəllim rayon icra hakimiyyəti tərəfindən 2021-ci il iyulun 14-də Minəxorlu kənd inzibati ərazi dairəsinə icra nümayəndəsi təyin olunub. Ona bu məsuliyyətli işində nailiyyətlər arzulayırıq.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər