YAP Ağcabədi rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar ZOOM proqramı vasitəsilə “Arzuları həyata keçən lider” mövzusunda videokonfrans keçirilmişdir.
Videokonfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rövşən Əhmədov Azərbaycan xalqının dahi oğlu, ümummilli liderin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətləri barədə geniş məruzə edərək demişdir ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan insan kimi qalmışdır. Dövrünün görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə, hələ neçə-neçə siyasət adamına mayak kimi istiqamət verəcəkdir.
Videokonfransda ADPU-nun Ağcabədi filialının kafedra müdiri, Pedoqoqika üzrə fəlsəfə doktoru Tahir Kərimli, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Mamedov, şəhər 9 saylı tam orta məktəbin müəllimi Vüsalə Əliyeva, 2 saylı YAP ərazi ilk təşkilatının sədri Mehdi Məmmədov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı təkrarolunmaz xidmətləri barədə danışmış, ölkəmizin hərtərəfli inkişafı, Qarabağın işğaldan azad olunması barədə ideyalarının onun siyasi varisi Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamış, işğaldan azad edilən ərazilərdə böyük bərpa və quruculuq işlərinin başlanmasından qürurla söhbət açmışlar.
“Aran”