Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində reallaşan “Səyyar kitabxana” dekabrın 10-dan 19-dək Ağcabədi sakinlərə xidmət göstərəcək.
Bölgə müxbiri xəbər verir ki, “Səyyar kitabxana” Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında, Heydər Əliyev Meydanında saat 09:00-dan 18:00-dək xidmət göstərir.
Üç min çap olunmuş, beş min elektron kitab bazası ilə yenilənmiş “Səyyar kitabxana”da oxucular bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar əldə edə bilərlər. Kitablar Azərbaycan, türk, rus və ingilis dillərindədir.
Qeyd edək ki, 2013-cü ildən həyata keçirilən bu layihə indiyədək respublikamızın 43 rayon və şəhərində reallaşdırılıb. Bu müddətdə “Səyyar kitabxana”ya 83 min 437 oxucu müraciət edib. Layihənin məqsədi kitabları fərqli məkanlarda və fərqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin tapılan kitabları daha asan yolla təmənnasız əldə etmək, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir.