Hələ gənclik illərində böyük rus şairi Sergey Yeseninin bu misralarını beynimə həkk eləmişdim:
Üzbəüz duranda
Heç bir şey görünmür.
Uzaqdan baxanda
çox şey görünür…
İlk baxışdan bu misraların sadəliyi sanki bir şey demir, söyləmir. Ancaq bir az düşünəndə bu sadə misraların arxasında nə qədər dərin və böyük mənanın gizləndiyinin şahidi olursan. Çox zaman yanında, yaxınında olan adamlarda elə güclü bir fikir, məna, keyfiyyət görmürsən Ancaq ara məsafəsi uzaqlaşdıqca hər şey qarşında səndən ötrü yeni bir mənzərə açaraq çox şey deyir, anladır. Yaxından görə bilmədiklərini uzaqdan elə aydın və dəqiq görürsən ki, sanki ona yaxından baxırsan.
Bu fikirlərlə yaddaşımı çözələyib vaxtı ilə televizorda seyr etdiyim “Xalqların dosluğu, ədəbiyyatın dostluğudur” verilişini xatırlamağa çalışdım. Azərbaycan Respublikası KP MK-nin o vaxtkı birinci katibi Heydər Əliyevin xalqlar dostluğu və xalqlararası dostluğun həm də xalqın mənəvi sərvəti olan ədəbiyyatın dostluğuna çevrilməsi mövzusunda parlaq və təkrarolunmaz nitqini acgözlüklə dinləyirdim. Və elə o zaman xalqımın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin hər sözü, hər kəsi izah oluna bilməz bir cazibə qüvvəsi ilə özünə çəkir, bu şəxsin nə qədər böyük ürək, dərin və müdrik siyasət, eyni zamanda enerji və qüvvə sahibi olduğu özünü açıq büruzə verirdi. Elə o zaman mən bu insanın adını yaddaşıma böyük həriflərlə yazdım. Nitqindəki dərinlik və sadəlik, müdriklik və aqillik adamı heyran edirdi. Danışığı davranışı ilə kimliyindən asılı olmayaraq ancaq ona mənsub olan çox güclü cazibə qüvvəsi ilə adamı özünə cəzb edir, ovsunlayırdı.
…1988-ci ildə Moskvada M.Qorki adına institutunu bitirəndən sonra iş elə gətirdi ki, buradakı Azərbaycan və SSR-nin Daimi Nümayəndəliyinin qonaq evinə təsərrüfat işləri üzrə müdir təyin olundum. İşi qəbul edərkən anbarlardan birində Heydər Əliyevin Kremldə işlədiyi vaxt çəkdirdiyi böyük, rəngli portreti nədənsə gözdən uzaq yerə qoyulmuşdu. İçimdə o dövürdə nümayəndəlikdə işləyən adamları dönüklük və etibarsızlıqlarına görə xeyli lənətlədim…
Portret yaxşı qalmışdı. Amma buna baxmayaraq onu şəhərin qədim, məşhur emalatxanasında bərpa etdirdim. Portreti kabinetimin ən gözəgəlimli yerində yüksəkdən asdım. İndi mən kabinetdə tək deyildim. Xalqımın XX əsrdə tarixə bəxş etdiyi ən böyük oğlunun yanında idim. İçimdə izahı çətin olunan bir qüvvə, inam var idi. Və bu inam gündən-günə artırdı. Heydər Əliyevə, onun portretinə olan böyük məhəbbətimə görə çalışdığım nümayəndəliyin işçilərindən artıq sözlər eşidirdim. Burada məni keçmişimlə bağlılıqla məzəmmət də edirdilər. Mən isə Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması ötəri, müvəqqətidir deyirdim. O böyük insan siyasət aləmində hələ son sözünü deməyib deyə söyləyirdim. Onun bir daha siyasi arenaya qayıdaraq böyük siyasətçi olduğunu sübut edib, xalqımızın taleyində böyük rol oynayacağını bildirirdim. İçimdəki qəti inam çətin günün ömrünün az olacağını mənə pıçıldayırdı.
…Dünya tarixi çox dahi şəxsiyyətlər görüb. Amma bu şəxsiyyətlərin çoxunun adı tarixdə öz yerini tapıb, o qədər böyük iz qoymamışdır. Çünki böyük şəxsiyyət olmaq heç də vətənpərvər, xalqının istəklisi olmaq demək deyildir. Odur ki, xalqının dərdini öz dərdi kimi yox, ondan da dəfələrlə yüksəkdə tutub, xalqına hədsiz, təmənnasız məhəbbət, sədaqətlə xidmət edən insanlar tarixdə çox az, bir neçə nəfər olmuşdur. Bunlardan biri adı həmişə xalqımız tərəfindən fəxr və qürur hissi ilə çəkilən Heydər Əliyev haqda çox, olduqca çox danışmaq olar. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyev dünyanın siyasət nəhəngləri Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Uinston Çorçill ilə birlikdə adı çəkilən nəhəng bir şəxsiyyətdir. Bunun başlıca səbəbi də böyük öndərin çox uzaqgörən siyasətçi olmağı ilə bərabər, bütün şüurlu ömrünü Azərbaycan xalqına, onun tərəqqi və inkişafına, çiçəklənərək dünyada yüksək ad qazanmasına sərf edərək xalq, millət yolunda ömrünü şam kimi əritməsindədir. Şəxsi mənini unudub, bütün ömrünü, bilik və bacarığını xalqa həsr etmək Heydər Əliyev tərəfinfən öz qarşısına qoyulan ən ümdə vəzifə idi. O, bu işi son nəfəsinə qədər davam etdirərək, xalqına vicdanla, sədaqətlə, şərəflə xidmət etdi.
Dövlətçilik, quruculuq işində hədsiz bilik və səriştəsi olan Heydər Əliyev xarici və daxili düşmənlərə qarşı amansız mübarizəsi ilə xalqımızı bir rəhbər kimi öz ətrafında birləşdirərək hamıya örnək oldu.
Tarixin yazılmamış bir qanunu var ki, xalq çox böyük təhlükə qarşısında, parçalanmaq vəziyyətində olanda Uca Tanrı xalqın öz içərisindən xalqın tale və müqəddəratını müsbət həll edə biləcək oğul yetişdirib çıxarır və bu şəxsin adı xalqın yaddaşına əbədilik qızıl hərflərlə yazılır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev də xalqı zamanın bir çox bəlalarından qurtarıb, vətəndaş müharibəsinin qarşısını alaraq ona nicat verdi, sözün əsl mənasında xalqın xilaskarı oldu.
Böyük siyasətçi olmaq təkcə zamanla ayaqlaşmaq, onun törətdiyi çətinliklərə tab gətirmək yox, zamandan bir neçə addım irəlidə gedərək hər şeyi və onun nəticəsini qabaqcadan görmək, onun həllini tapmaq, çətinliklərə inamla qalib gəlmək deməkdir.
Heydər Əliyev dərin vətənpərvər olmaqla bərabər, olduqca mətin, qorxmaz, cəsur və sədaqətli bir siyasətçi idi. Yaxşı yadımdadır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Mixail Qorbaçovun xalqımızın azadlıq hərəkatını boğmaq məqsədi ilə Bakı şəhərinə qoşun yeritməsindən hiddətlənən Heydər Əliyev dərhal Moskvadakı Daimi Nümayəndəliyimizə gələrək Kremlin siyasətinə etiraz edən bəyanatla çıxış etdi. Dahi liderimiz ümumilli maraq naminə belə bir addım atdı. Bu addımın onun həyatı üçün təhlükəli olacağını söylədilər…Unudulmaz rəhbərimiz ancaq ona məxsus olan inam, qətiyyət və soyuqqanlılıqla cavab verdi: “M.Qorbaçov xalqımıza qarşı qəddarlıq və alçaqlıq etdi. O, mənə qarşı xalqa etdiyindən artıq edə bilməz. O, satqındır. Satqınlar isə qorxaq olurlar. Bu gün o, mənə yaxın düşə bilməz. Gedək, xalq bizi gözləyir. Axı bu gün, çətin anda xalqımızla bir yerdə olmalıyıq. Belə ağır gündə xalqı tək buraxmaq olmaz”.
…Daimi Nümayəndəliyin yanı, ətrafı M.Qorbaçovun həyasızlığından hiddətlənən azərbaycanlılarla dolu idi. Dərddən başlarını itirmiş minlərlə azərbaycanlı ümidsiz halda bir-birinə baxır, nə edəcəklərini bilmirdilər. Heydır Əliyev Kremlin alçaq siyasətini damğalayan, iç üzünü göstərən parlaq nitq söylədi. Ruhdan düşməyin, həyat davam edir. Xalqımız mətin xalqdır. Bu çətin döyüşdən xalqımızın qalib çıxacağını söylədi. Birləşməyə, bir olmağa səslədi. Adamların üstündən elə bil ağır yük götürüldü. H.Əliyevin adamlara aşıladığı inam, nikbinlik göz qabağında idi. Əvvəlki inamsızlıq, süstlükdən əsər-əlamət yox idi.Çoxları belə oğlu olan xalq məğlub olmaz, yıxılmaz, qırılmaz dedilər Mən isə içimdə nə yaxşı ki, bu dünyada Heydər Əliyev var, -deyə öz-özümə pıçıldadım…
…Rusların xüsusi təlim keçmiş “OMON”u nümayəndəliyimizə soxularaq buranı zəbt etdilər. Nümayəndənin kabinetinin və bir çox otaqların qapıları sındırılaraq sənədlər ruslar tərəfindən götürülmüşdü. Nümayəndəliyin növbətçisi qonaq evinin müdiri Ramiz müəllim “OMON”çuların mühafizəsində növbətçinin otağında ayaqüstə quruyub qalmışdı, rəngi ağappaq idi. Ətraf aləmlə onun əlaqəsini tam kəsmişdilər. Mən işğalçılara buranın Azərbaycan ərazisi olduğunu, onlarınsa quldurluq, qarətçiliklə məşğul olduqlarını söylədim. “OMON”çulardan yaxınımda olanı əlindəki Kalaşnikov avtomatının qundağı ilə qapıya çox güclü bir zərbə endirdi. Başımı güclə kənara çəkə bildim. Qapının zərbənin təsirindən doğan istisi sifətimi qarsdı…
Küçəyə çıxdım. Nümayəndəliklə yaxın küçələrdə avtomat telefonların xətlərini kəsmişdilər, onlar işləmirdi. Özümü 300 metrlikdə olan Puşkin meydanına yetirdim. Burda “Maqdonals”ın yanındakı telefon da işləmirdi. Tver bulvarı ilə yuxarıya, Gertsen küçəsinə qaçdım. Oleq Tabakovun teatr studiyasının yanındakı “SİTA” ilə üzbəüz avtomat telefondan mərhum həmyerlimiz Tahir Aslanlının evinə birtəhər zəng edə bildim. Dedim televiziyanı, mətbuat işçilərini ayağa qaldır. Sənin tanışın çoxdur. Nümayəndəliyimizə ruslar basqın ediblər. Tahir vəziyyəti bildiyini söylədi. Dedi ki, tanış müxbir və jurnalistlərin heç birinə zəng çatmır. Geriyə qayıt, mən də indicə taksi tutub gələrəm.
Özümü yenidən nümayəndəliyə yetirdim. Ruslar binanın lap qabağında bizi qorxutmaq məqsədi ilə Kalaşnikov avtomatından üç dəfə havaya atəş açdılar. Atəşin sədaları altında “Moskviç-412 “ markalı göy rəngli maşının dal sağ qapısını avtomatın qundağı ilə sındıraraq içəridən bir anda bir həmyerlimizi çıxartdılar. Onu başqa bir neçə nəfər azərbaycanlı ilə birlikdə naməlum istiqamətə apardılar. Sonralar öyrəndik ki, onu bir neçə həmyerlimizlə bərabər Lubyankaya aparıblar. Və burada onları zirzəmidə müstəntiqlər sorğu-suala tutublar. Qəribə burasıdır ki, müstəntiqlərin hamısının iş masasının üstündə “Axtamar” markalı erməni siqareti var imiş…
Prezident düşündüklərinin hamısını xalq arasında açıqlamalı deyil. O, xalqın oğlu olduğunu, ona qulluq etdiyini işində, əməlində göstərməlidir. Ot kökü üstə bitir deyirlər. Böyük öndər H.Əliyevin layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir Azərbaycanımız yeni qələbələrə doğru inamla irəliləyir. Odur ki, qədirbilən xalqımız möhtərəm dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətini bəyənir, dəstəkləyir, ona inanır və güvənir. Bir sözlə, xalqımızın taleyi etibarlı əllərdədir…
…Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev bir azərbaycanlı kimi mənim həyatımda mühüm rol oynamışdır. Qürur hissi keçirirəm ki, Heydər Əliyevin idarəçilik məktəbini keçənlərlə çiyin-çiyinə çalışmışam. Mən vətəni, torpağı, ana dilimizi sevməyi o dahi şəxsiyyətdən öyrənmişəm. Bu gün o gözəl insan cismən bizi tərk etsə də, mənən parlaq siması və unudulmaz xatirəsi ilə qəlbimdə yaşamaqda davam edir, bizi uğurlu gələcəyə səsləyir. Düşünürəm, nə yaxşı ki, o, böyük insanla ünsiyyətdə olmaq mənə nəsib oldu. Və sevinirəm, nə yaxşı ki, həyatda, həyatımda ümumilli lider Heydər Əliyev var və yaşayır…
Adil MİSİRLİ