Ağcabədi və ətraf rayonlarda təlim keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) icra etdiyi “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihə çərçivəsində növbəti təlim Ağdam şəhərində təşkil olundu. Bu haqda  ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat verilib

4 ay müddətində icra olunan layihə Qarabağ iqtisadi regionunun Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarında gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübə aşılamağı nəzərdə tutur.

Layihə Qarabağ gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaq.

Layihə nəticəsində Qarabağ iqtisadi regionunun gənclərinin karyera və məşğulluğu üzrə məlumat-konsaltinq xidmətlərinin inkişafına təkan verəcək davamlı fundamental təlim bazası və könüllü təlimçilər şəbəkəsinin qurulması da nəzərdə tutulur.

Layihə çərçivəsində 5 rayon üzrə gənclər arasında məşğulluğun səviyyəsi, bu sahədə real vəziyyət, karyera imkanları barədə gənclərinin rəy və təkliflərilə bağlı onlayn sosioloji sorğu keçirilmiş ki, bunun əsasında da hesabat hazırlanıb geniş ictimaiyyətə və aidiyyətli qurumlara təqdim olunmuşdu.

Layihə çərçivəsində iştirakçılar və onların vasitəsilə digər həmkarları üçün “Qarabağ gənclərinin məşğulluq və karyera imkanları” adlı Yaddaş kitabçası çap olunub paylanacaq və eləcədə davamlılıq üçün qurulan 15 nəfərlik könüllü təlimçilər şəbəkəsi üzvlərinə peşəkar təlim modulları təqdim olunacaq.

Sosial media və şəbəkələrdə silsilə PR işləri aparılacaq, geniş ictimai reklam kampaniyası təşkil olunacaq və layihə davamlılığı olaraq Qarabağ gənclərinin məşğulluğu üçün iş təklifləri ilə əlaqədar HR funksiyalı, virtual məlumat-kadr bazası qurulacaq, regionda hökumət və özəl qurumlarla faydalı əməkdaşlıq və tərəfdaşlıq qurulacaq.

30 nəfər fəal gəncin iştirakı ilə Ağdam şəhərində təşkil olunan təlim kursunun açılışında rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, GİKM Ağdam nümayəndəliyinin məsul əməkdaşları və ADTGT rəhbərliyi çıxış edərək, rayon gənclərinin maariflənməsi və karyera inkişafı üçün bu layihənin müsbət əhəmiyyətini və tərəflərini qeyd etdilər. İnteraktiv şəkildə davam edən təlimdə Ağdam gənclərinə karyera, məşğulluq və iş axtarışı sahəsində bilik, bacarıq və təcrübələr aşılanaraq, onların bu sahədə potensialının artırılmasına dəstək verildi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər