Torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın qürur mənbəyi, şərəf tarixidir. Bu qüruru bizə yaşadan isə möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğal altında olan torpaqlarımız artıq azaddır, həm də sürətlə bərpa olunur.
Vətən müharibəsində bu qələbəni bizə yaşadan qəhrəman oğullarımızın böyük əksəriyyəti Qarabağı görməmişdilər. Buna baxmayaraq, əzəli yurdumuzun xəritəsini beyinlərinə, sevgisini ürəklərinə həkk edib, irəli atıldılar. Onlar düşməni əzib topaqlarımızı, adımızı, şərəfimizi geri qaytardılar.
Mənim gənclik və tələbəlik illərim torpaqlarımızın işğalı dövrünə təsadüf etdiyindən o acılı günləri yaxşı xatırlayıram. Aclıq, səfalət, xaos dolu o günlər insanlarda bir çaşqınlıq, ümüdsizlik yaratmışdı. Dövlətçiliyimiz böyük təhdid və təklükə altında idi. Böyük dövlətlər və beynəlxalq qurumlar ya seyrçi mövqedə durur, ya da gizli formada Ermənistana dəstək verirdilər.
Ancaq Azərbaycan xalqı heç vaxt ümidlərini itirmədi. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişi, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin xilası yolunda həyata keçirdiyi missiya ilə başlanan böyük siyasət bu ümidi gerçəkləşdirdi. Ulu öndər Heydər Əliyev müdrikcəsinə ilk öncə atəşkəsə nail oldu. Daha sonra ölkə iqtisadiyyatının bərpasına start verildi. Ulu öndərin dediyi kimi, yalnız iqtisadiyyatı güclü olan dövlət düşmən üzərində qələbə qazana bilərdi. Eyni zamanda güclü iqtisadiyyat həm də güclü ordu demək idi. 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tariximizin dönüş nöqtəsi oldu.
Ümummilli lider Heydər Əliyev Ermənistanla danışıqlar prosesində hər zaman Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Amma danışıqlar prosesində iştirak edən beynəlxalq təşkilatlar və dövlətlər həmişə ikili siyasət yürütdülər, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində maraq göstərmədilər.
Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda böyük bir inkişaf siyasəti həyata keçirən Heydər Əliyev bütün siyasi fəaliyyəti boyu torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə apardı. Ulu öndər Azərbaycan Ordusunu yaratdı, danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zidd məcraya yönəlməsinə imkan vermədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu layiqincə davam etdirdi. Bu siyasətin əsas vəzifələrindən biri torpaqlarımızın erməni işğalından azad olunması idi. Danışıqlar prosesində dövlətimizin milli maraqlarına zidd təklifləri rədd edən İlham Əliyev bəyan etdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verməyəcək və istənilən yolla işğal altındakı ərazilərimiz azad ediləcək. Bu illər ərzində həyata keçirilən ordu quruculuğu göstərirdi ki, danışıqlar mənasız başa çatacağı təqdirdə Azərbaycan hərbi yolla torpaqlarını geri qaytaracaq.
Apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanı nəinki Qafqazın, hətta dünyanın inkişaf etməkdə olan dövlətinə çevirən möhtərəm Prezident İlham Əliyev bununla həm də ölkəni sürətlə böyük zəfərə doğru apardı. Hər il dövlət büdcəsi təsdiq edilərkən cənab Prezident iki məsələyə xüsusi diqqət yetirirdi: – müdafiə və sosial rifah.
İlham Əliyev Azərbaycan Ordusunu gücləndirdi, müasir müdafiə sənayesinin təməlini qoydu. Milli Ordumuz ən müasir silahlarla təchiz olundu, ən yüksək döyüş imkanlarını mənimsədi. Bununla belə, Azərbaycan həmişə beynəlxalq hüquqa hörmət etdiyini, torpaqlarının da beynəlxalq hüququn norma və prinsipləri əsasında azad olunmasına tərəfdar olduğunu bəyan edirdi.
Amma istər Ermənistan, istərsə də ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlar yenə də öz mövqelərindən əl çəkmədilər. Azərbaycan vətəndaşlarının məğlubiyyətlə barışacağını düşünənlər yanıldılar. 44 günlük Vətən müharibəsi xalqımızın öz azadlığı, öz milli haqqı uğrunda mübarizəsinin təntənəsi oldu. Beynəlxalq hüquqa əməl etməyən Ermənistanı Azərbaycan güc yolu ilə cəzalandırdı və BMT qətnamələri ilə yanaşı, bütün beynəlxalq sənədlərin tələblərinin həyata keçməsini təmin etdi.
Artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azaddır. Vasitəçilərin bu müddətdə həll edə bilmədikləri və ya həll etmək istəmədikləri Dağlıq Qarabağ problemini Azərbaycan Ordusu 44 günə həll etdi.
Vətən müharibəsindəki zəfərimizi həzm edə bilməyən, bununla barışmaq istəməyən bəzi böyük dövlətlər də, beynəlxalq təşkilatlar da indi özləri üçün başqa yol tutublar. İnsanlıqdan, humanizmdən uzaq olanlar Azərbaycan hakimiyyətini insan azadlıqlarını və hüquqlarını beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməməkdə ittiham etməyə çalışırlar. Bu cür yalan, böhtan atanlara Xocalı faciəsini xatırlatmaq istərdim. Günahsız körpələri, yaşlıları, qadınları amansızcasına qətlə yetirənlərə havadarlıq edənlər erməni vəhşiliklərini görmürlərmi?
Bu gün xalqımız Vətən müharibəsindəki Qələbənin təntənəsini yaşayır. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 8 Noyabr – Zəfər Günü ilə bağlı elan edilmiş amnistiya isə cəmiyyətimizin bayram əhvali-ruhiyyəsini daha da yüksəltdi. Qeyd edim ki, Azərbaycanda müəyyən əlamətdar günlərdə məhkum olunmuş şəxslərin əfv olunması gözəl bir ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Bundan əvvəl Azərbaycanda 11 dəfə amnistiya elan edilib. 2007-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsi, 2009-cu ildə Noruz bayramı, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə isə 28 May – Respublika Günü münasibətilə amnistiyalar Heydər Əliyev Fondunun prezidenti, həmin illərdə Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
8 Noyabr – Zəfər Günü ilə bağlı elan edilmiş amnistiya aktının ümumillikdə 15 mindən çox şəxsə şamil edilməsi humanizm siyasətinin layiqincə davam etdirilməsindən xəbər verdi. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına, əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad-etmə institutlarının dairəsinə görə bu, indiyədək həyata keçirilən ən böyük aktdır. Bu amnistiya aktının fərqi həm də ondan ibarətdir ki, qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid edilib.
Bütün bunlar Azərbaycan dövlətinin siyasətində insan amilinin əsas faktor olduğunu göstərib. İnanırıq ki, bu amnistiya aktına şamil olunanlar şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini hiss edəcək, layiqli vətəndaş kimi cəmiyyətə öz töhfələrini verəcəklər.
Həsən BAXŞƏLİYEV
Ağdam hərbi prokurorunun
köməkçisi, ədliyyə baş leytenantı