Mənalı ömür yolu

Respublikamızın təcrübəli mütəxəssislərindən, nüfuzlu ziyalılarından biri olan Tahir Bünyadov 1947-ci ildə Ağcabədidə dünyaya göz açıb. Atası Əlaslan Bünyadov adıçəkilən bölgədə, Qarabağda böyük hörmət sahibi olan ağsaqqalardan sayılıb.

Əlaslan müəllim kiçik qardaşı Əlinağı ilə birlikdə İkinci Cahan savaşında 416-cı Taqanroq diviziyasında alman faşistlərinə qarşı igidliklə vuruşub. Əlaslan müharibəyə tək getməsin deyə, anası Əlinağını da ona qoşmaq qərarına gəlib. Həmin vaxt Əlinağının 18 yaşı tamam olmayıb. Buna baxmayaraq, ananın istəyi baş tutub. Onlar qanlı döyüşlərdə birlikdə düşmənə ağır zərbələr vurublar. Lakin həmin döyüşlərin birində Əlinağı qəhrəmancasına həlak olub. Komandanlıq tərəfindən o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülsə də, bu barədə SSRİ Ali Sovetinin fərmanını nədənsə əldə etmək mümkün olmayıb. İgid döyüşçünün qəbri hazırda Taqanroq şəhərindədir. Müharibədən sonra Hüsülü kəndindəki kolxoz  onun adını daşıyıb. Qəhrəmanın şərəfinə kolxozun həyətində ucaldılan abidə müstəqillik illərində doğulduğu Salmanbəyli kəndinə köçürülüb.

Müharibə qurtardıqdan sonra Ağcabədiyə dönən Əlaslan Bünyadov burada rəhbər vəzifələrdə çalışıb, məktəb direktoru işləyib. O, böyüdüb, boya-başa çatdırdığı 5 övladının hamısına təhsil verib. Ailənin böyük oğlu Tahir orta məktəbi müvəffəqiyyətlə bitirərək, Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olub. 1970-ci ildə ali təhsilini başa vurub, mühəndis-mexanik ixtisasına yiyələnən gənc mütəxəssis təyinatla Bakı Təcrübə-Sınaq Zavoduna göndərilib. O vaxtlar keçmiş ittifaq tabeliyində fəaliyyət göstərən sözügedən müəssisə  SSRİ-nin ən məşhur elmi-tədqiqat mərkəzlərindən hesab olunub. İstedadlı gənc burada əvvəlcə mühəndis-texnoloq, sonralar isə birinci kateqoriyalı konstruktor vəzifəsində çalışıb. Zavodda yaradılmış hərtərəfli şərait onun elmi-tədqiqat işlərinə marağını artırıb. Gənc mühəndis həmin dövrdə müəssisədə istehsal edilən avadanlıq hissələrinin, detalların, kəsici qurğuların hazırlanması və sınaqdan keçirilməsinə rəhbərlik edib. Bu sahədə ona zavodda fəaliyyət göstərən zəngin kitabxananın böyük köməyi dəyib. Kitablardan son mütərəqqi elmi-texniki yeniliklər barədə ətraflı məlumatlar əldə edən mütəxəssis istehsalın bütün sahələrində texnoloji nasazlıqların aradan qaldırılması,yüksək keyfiyyətli məhsul buraxılışı ilə əlaqədar müxtəlif səmərələşdirici təkliflər irəli sürüb.Yekdilliklə qəbul edilən həmin təkliflər istehsalın həcminin artmasına, əmək tutumunun azalmasına, maya dəyərinin xeyli aşağı düşməsinə səbəb olub və zavoda böyük mənfəətlər gətirib.

Onun təklif etdiyi yeniliklər, keçmiş SSRİ-nin digər istehsal müəssisələrində də geniş tətbiq olunub. Bu səmərəliləşdirici təkliflər zavod rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, böyük dəstək alıb. Zavodun direktoru E.Prokovets, baş mühəndis Y.Rüstəmov və baş texnoloq N.Neymətov mütəxəssisə bu sahədə lazımı köməkliklər göstəribər. Təsadüfi deyildir ki, Tahir Bünyadovun səmərəliləşdirci təklifləri Moskva şəhərində gənc mütəxəssislərin iştirakı ilə keçiriləcək elmi-praktik konfransa təqdim olunub. Moskva yaxınlığındakı İstra şəhərində fəaliyyət göstərən tədqiqat institutunun elmi şurası tərəfindən həmin materiallar bəyənilib. Beləliklə, gənc azərbaycanlı mütəxəssis 20-25 may 1975-ci ildə keçirilən konfransa dəvət alıb. Sözügedən konfransda SSRİ-nin ayrı-ayrı yerlərindən olan gənc mütəxəssislərin 37 mövzudan ibarət çıxışlarınn tezisləri kitabça şəklində dərc edilib. Tahirin məruzəsinin tezisləri də həmin kitabçada yer alıb.Tədbirin ikinci günü onun “Texnoloji proseslərin hazırlanması və tətbiqinin əsas prinsipləri” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. T.Bünyadov xüsusi diplom və pul mükafatına layiq görülüb.

Bakıya qayıdıb, çalışdığı müəssisədə bir müddət işini davam etdirən gənc, atasının təkidli tələbləri ilə Ağcabədiyə dönmək məcburiyyəti ilə üzləşib. O, rayon avtomobil təmiri zavodunda mühəndis kimi işə başlayıb. Mütəxəssis sözügedən zavodda da bacarıq və qabiliyyətini nümayiş etdirib, bir çox səmərəliləşdirici təkliflərini həyat keçirməyə nail olub.Tahir müəllim 1977-1995-ci illərdə rayon avtobazasında baş mühəndis, partiya təşkilatı katibi vəzifələrində işləyib. Həmin dövrdə səmərəli fəaliyyəti, xeyirxah xidmətləri sayəsində kollektivdə, eləcə də rayon əhalisi arasında hörmət və nüfuz qazanıb. 1995-ci ildə rayon avtobazarının özəlləşdirilməsi səbəbindən tutduğu vəzifədən azad olunan T.Bünyadov həmin vaxtdan taleyini pedaqoji fəaliyyətlə bağlayıb. Hərtərəfli bilik və qabiliyyətə malik olan ziyalı Odlar Yurdu Universitetində, Ağdam Kənd Təsərrüfatı Texnikumunda, Ağcabədi rayon şahmat uşaq-gənclər məktəbində öz bilik və təcrübəsini gənclərə həvəslə öyrədib.

Tahir müəllim ədəbiyyata, söz sənətinə bağlı bir insan kimi də tanınıb. Gözəl insan, ziyalı, nümunəvi ailə başçısı Tahir Əlaslan oğlu Bünyadov 29 fevral 2019-cu ildə çox sevdiyi həyatdan ayrılıb. Onun adı bu gün də böyük hörmətlə çəkilir, ehtiramla yad olunur.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com