Qorxubilməz döyüşçü

Ötən ilin 27 sentyabrında düşmən təxribatı zamanı Vətənin harayına səs verən oğullarımız doğma Qarabağ uğrunda savaşmaq üçün müqəddəs yola çıxarkən and içmişdilər ki, əzəli torpaqlarımız işğaldan azad edilməyincə bu yoldan döndü yoxdu. Qəhrəman döyüşçülərimiz bu müqəddəs amalla daim irəlilədilər, qarış-qarış Vətən torpaqlarımızı 44 gün ərzində azadlığa qovuşdurdular. Onlar düşmənin murdar ayağını kəsərək, üç rəngli Azərbaycan bayrağını azad olunmuş torpaqlarımızın ən hündür zirvələrində dalğalandırdılar.

Əsrlərə bərabər olan 44 gün ərzində öz hünərləri ilə igid əsgərlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Azərbaycanın düşmən üzərində parlaq qələbə çalaraq öz ərazi bütövlüyünü bərpa etməsində başlıca amil isə Ali Baş Komandanımızın ordu quruculuğu sahəsindəki siyasi xətti, hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər oldu.

44 Vətən müharibəsində ağcabədili gənclər də böyük igidliklər göstərdilər. Həmin gənclərdən biri də rayonun Poladlı kənd sakini Müqabil Əli oğlu Dadaşovdur. 32 yaşlı M.Dadaşov Vətən müharibəsində əsl şücaətlər göstərib. Yeri gəlmişkən qeyd edim ki, haqqında bəhs açdığım qəhrəman orta məktəbi bitirdikdən sonra Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkil etdiyi üçaylıq kursda hərbi biliklərə yiyələnib, kiçik çavuş rütbəsi alıb. O, sonra 2006-2008-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissənin artilleriya diviziyasında xidmət edib. O, qulluq  etdiyi illərdə nümunəvi və intizamlı hərbçi kimi etimadı doğrultduğu üçün hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. Müqabil ordudan tərxis edildikdən sonra doğma kəndinə qayıdaraq, əmək fəaliyyəti ilə məşğul olub. Torpaqlarımızın işğal altına düşməsi onun uşaqlıq çağlarına təsadüf edib. İllərdir düşmənə qarşı yaranan amansız nifrət və qisas almaq hissini müharibə meydanında göstərmək istəyirdi. Onda uşaqlıq çağlarından intiqam hissini oyadan I Qarabağ müharibəsinin iştirakçısı atası Əli Dadaşov olub.

O, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində yaranıb. II Qarabağ müharibəsinin başlamasından iki gün sonra minaatan batareyanın şəxsi heyətinin tərkibində yer alan Müqabil Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. O, döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək, düşməni canlı qüvvə və texnika sarıdan tələfata uğradıb. İgid həmyerlimiz düşmən istehkamları ilə əhatə olunmuş Füzuli şəhərinin azad olunmasında hərbçi yoldaşları ilə birlikdə böyük igidliklər göstərib. Lakin oktyabrın 9-da qanlı döyüşlərin birində o və döyüş yoldaşları mənfur düşmənin açdığı atəş nəticəsində ağır yaralanıblar. M.Dadaşov həmin vaxtdan aldığı qəlpə yaralarından müalicə olunur. O, döyüş meydanında göstərdiyi igidliklərinə görə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. İgid qazi verilən yüksək qiymətə və göstərilən diqqət, qayğıya görə dövlət başçısına öz dərin təşəkkür və minnətdarlığını bildirib. 

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər