Hafiz Mehdiyev müxtəlif dövrlərdə olmaqla 17 ildən çoxdur ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi Ağcabədi rayon nümayəndəliyində çalışır. Onunla söhbətimiz rayonumuzda məskunlaşan məcburi köçkün əhalinin problemlərinin həlli istiqamətində görülən işlərin vəziyyəti ilə əlaqədar oldu. H.Mehdiyev söhbət zamanı bildirdi ki, erməni işğalı ilə əlaqədar, öz ata-baba yurdlarından didərgin düşərək, rayonumuza pənah gətirmiş Ağdam, Laçın, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarından olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılıması, onların sosial-iqtisadi problemlərinin vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan üzərində qazandığı parlaq qələbə nəticəsində 30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız azad olunub.Dövlətqaçqınkomun rayon nümayəndəsinin dediklərinə görə öz el-obalarından köçkün düşmüş həmvətənlərimiz doğma yurdlarına dönmək üçün gözəl bir şans əldə ediblər. Onlar bu səbəbdən keçmiş məcburi köçkün statusu qazanıblar. Əlbəttə, dövlətimizin diqqət və qayğısı sayəsində tezliklə müvəqqəti köçkünlər öz ata-baba ocaqlarına dönəcəklər. Həmin vaxta qədər isə rayonumuzda məskunlaşan köçkün soydaşlarımız lazımi diqqət və qayğı ilə təmin olunacaqlar. Odur ki, Azərbaycan Respublikası Qaçqınların və Köçkünlərin işi üzrə Dövlət Komitəsi Ağcabədi rayon ərazisində yaşayan müvəqqəti köçkün əhalinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində mühüm addımlar atır. Məcburi köçkünlərin sosial problemlərinin həlli Komitənin rəhbəri Rövşən Rzayev tərəfindən daima diqqət mərkəzində saxlanılır və yaranmış problemlərin vaxtında aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. Hazırda dövlət tərəfindən sözügedən köçkün ailələrinin hər bir üzvünə yemək xərci müavinət, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 60 manat olmaqla vahid aylıq müavinət verilir. Bu məbləğ təbii qaz, elektrik enerjisi, istilik, su və məişət tullantıları ilə bağlı xərclərin məcburi köçkünlər tərəfindən ödənilməsi üçün nəzərdə tutulub.
Qeyd olunub ki, cari ildə Ağcabədi şəhəri ərazisində yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdıqları bioloji laboratoriyanın köhnə binasının, kolxozlararası tikinti idarəsinin, Suvarma sistemləri idarəsinin köhnə binasının, Eldəniz Sadıqov adına küçədə yerləşən mal fermasının inzibati binasının dam örtüyü təmir olunub. Eyni zamanda, rayonun Hacıbədəlli kəndi ərazisində məskunlaşan köçkün əhalinin yaşadığı kənd həkim məntəqəsi, şəhid Rizvan Nağıyevin adını daşıyan körpələr evi-uşaq bağçasının dam örtükləri də dəyişdirilib. Bildirilib ki, növbəti ildə köçkün soydaşlarımızın məskunlaşdıqları Ağcabədi şəhəri ərazisində yerləşən keçmiş çörək zavodunun inzibati binasının, Şərəfxanlı kəndində keçmiş traktor parkının, Boyat kəndindəki tarla düşərgəsinin, Kəhrizli kəndində Həmidə xanımın ev-muzeyinin yardımçı binasının və Hindarx qəsəbəsində yerləşən ferma binalarının dam örtüklərinin Komitə tərəfindən yeniləşdirilməsi də nəzərdə tutulub.
Eyni zamanda, məcburi köçkünlərin qarşılaşdıqları yanğın və digər bədbəxt hadisələr zamanı cənab R.Rzayev tərəfindən lazımi köməkliklər göstərmək üçün müvafiq tapşırıqlar verilməklə yaranmış problemlər vaxtında aradan qaldırılır. Bu ilin noyabr ayında rayonda məskunlaşmış şəhid ailələrinə, qazilərə və digər aztəminatlı ailələrə Dövlətqaçqınkom tərəfindən yataq dəstləri və məktəblilər üçün gödəkcələr paylanıb
Bundan başqa, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin kənd təsərrüfatı işləri ilə müntəzəm məşğul olmaları üçün Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən hər cür şərait yaradılıb. Bu məqsədlə yerli bələdiyyə və dövlət fonduna aid müvafiq torpaq sahələrindən müvəqqəti istifadə üçün həmin ailələrə icarəyə verilib. Bu da öz növbəsində köçkün ailələrinin rifah halının və maddi durumlarının xeyli yaxşılaşdırılmasına xidmət edir.
H.Mehdiyev söhbət zamanı onu da əlavə edib ki, 2021-ci ilin ötən dövrü ərzində Ağcabədi Rayon İcra Hakimiyyətinin müraciəti əsasında köçkün əhalinin məskunlaşdığı yaşayış məntəqələrində işıqlandırılma, içməli su təminatı ilə əlaqədar yaranmış problemlərin vaxtında aradan qaldırılması məqsədilə Komitə tərəfindən transformator,su nasosları və digər elektrik avadanlıqlarının ayrılması mütəmadi təmin olunmuşdur.Qeyd edək ki, bu ilin oktyabrında Hacıbədəlli kəndində məskunlaşmış Ağdam şəhərindən olan məcburi köçkün, kimsəsiz, tənha qadın Şükufə Məmmədovanın ev problemi ilə əlaqədar cənab Rövşən Rzayevə edilən müraciət də öz müsbət həllini tapıb. Belə ki, Ş.Məmmədovanın yaşayış şəraiti nəzərə alınaraq, ona 556 ailəlik köçkün qəsəbəsində hər cür şəraitlə təmin olunan 1 otaqlı mənzil verilib.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağcabədi nümayəndəliyi bundan sonra da dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ərazidə məskunlaşan köçkün ailələrin sosial problemlərinin aradan qaldırılması üçün bütün imkanları səfərbər edəcəkdir.
Adil MİSİRLİ