Dünyanın nüfuzlu siyasətçisi, dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mənalı və şərəfli həyat yolu keçib.
O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub, 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.
İstedadlı gənc1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsilə yiyələnib, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub,1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb.
İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllimi kimi fəaliyyət göstərib.
Onun özəl biznes sahəsində çalışdığı və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etməsi 1991-1994-cü illərə təsadüf edir.
İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.
O, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv,1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.
İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu onun lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan dövlət xadimi ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanaraq, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yüksəlib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Dövlətimizin başçısı çoxşaxəli uğurlu fəaliyyəti sayəsində elm, siyasət, dövlət quruculuğu, beynəlxalq münasibətlər və idman sahəsində dünya ölkələrinin nüfuzlu mükafatlarına layiq görülüb.
Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev məktəbinin və siyasi kursunun layiqli varisi olduğunu sübut edib. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində 2003 –cü ildə qarşıdan gələn Prezident seçkilərində namizəd kimi, özünün siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırırıb. O, İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət kimi dəyərləndirib və ulu öndər əmin olduğunu bildirib ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı yolunda çox işlər görəcək. Dahi rəhbər ona özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini vurğulayıb.
Azərbaycan Respublikasının rəhbərliyi altında aparılan demokratik islahatlar nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafına səbəb olub. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti sayəsində böyük uğurlara imza atılıb. Sonuncu prezident və parlament seçkilərindən sonra da ölkəmizdə başlanan islahatlar və bu gün də dövlətimizin başçısının rəhbərliyi altında əzmlə davam etdirilir.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasını təşkil edir. Məhz bu siyasət sayəsində 44 günlük Vətən müharibəsində xalqımız böyük qələbə qazanıb.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artıb. Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, habelə nüfuzlu beynəlxalq təşkilatlarda əzəmətlə dalğalanır. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisidir.
Qoşulmama Hərəkatında Azərbaycanın rolunun artması bunun əyani təcəssümüdür.
Regionun statusunu və siyasi aktuallığını artıran Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyası. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı region ölkələri üçün yeni iqtisadi perspektivləri yaradır. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olması və regionun investisiya cəlbediciliyinin artmasının səbəbidir. Nəqliyyat, enerji, regional təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.
“Cənub Qaz Dəhlizi”nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 2011 -ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı hökumətlərarası sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələrinə geniş meydan açıb.
Əlamətdar haldır ki, Azərbaycanın hər bir yerində bu gün quruculuq-abadlıq işləri aparılır, geniş regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edib.
Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Fərmanda qeyd edilir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd olunan ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir. Yeni bölgüyə əsasən isə iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb. Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. Belə ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Prezident İlham Əliyev qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizə aparıb. Onun hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi.
Dövlət başçısı Vətən müharibəsində qələbənin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin və digər müharibə iştirakçılarına diqqət və qayğının artırılması istiqamətində də mühüm addımlar atıb. 44 gün ərzində qazanılan Qələbə bütün regionda sülh və davamlı inkişaf imkanını yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır.
Yeni reallıq regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən olunacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Ölkə başçısının göstərişi ilə ərazilərin işğaldan azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcəkdir. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük qayıdış çərçivəsində reallaşdırılacaqdır.
“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. 2021-ci ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Bu cür müasir layihələr bütün digər ərazilərdə də icra olunacaqdır.
Prezident İlham Əliyevin yüksək səmərəli diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.