Əsrə bərabər 18 il

Görkəmli dövlət xadimi, xalqımızın lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının  Prezidenti seçilməsindən 18 il ötür. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçildi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Onun  ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Əsrlərə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız isə qalib xalqa çevrildi. Bu qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə nəzər salsaq görərik ki, ötən 18 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, bu gün  Azərbaycan Ordusu dünyanın qabaqcıl  ordu sıralarında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanın qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşına başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız mənfur düşməndən azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günu kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan məğlub ölkə kimi kapitulyasiya aktına imza atmağa məcbur oldu. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Ali Baş Komandanımızın daha bir keyfiyyəti olan sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də dövlət başçımızın diplomatiya müstəvisindəki çevik siyasəti oldu. Müharibə dövründə ölkə başçısı İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Ötən illərə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi  vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifah halı yaxşılaşıb.  Respublikamızın şəhər və rayonlarında  yeni-yeni  iş yerləri açılıb.  

Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. “Azərspace-1”, “Azersky” və “Azerspace-2” peykləri orbitdə uğurlu şəkildə fəaliyyət göstərir. Həmçinin Cənab İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələrin, inqilabi islahatların müəllifidir. “Asan xidmət” və “Dost” mərkəzlərini və başqa bu kimi təşkilatları bunlara misal göstərmək olar.

Dövlət başçımızın rəhbərliyi altında idman sahəsində də böyük uğurlara imza atılıb. Bu uğurlu proses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanır. İdmançılarımızın olimpiya oyunlarında uğurlarının yüksələn xətlə irəliləməsi bu sahədə aparılan işin planlı olmasının və ardıcıllığının nəticəsidir. Həmçinin bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir. “Odlar diyar”ımız I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Avropa Qran-pri yarışı və digər mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib. 

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni və BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Quruma sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

  Bu gün  Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, infrastruktur obyektlərinin açılışı olur, yenilərinin təməli qoyulur.

Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.

Hüseyn QULUZADƏ

Şərhlər