Dünya ədəbiyyatının parlaq nümayəndələrindən biri, Azərbaycanın mütəfəkkir şairi, dahi Nizami Gəncəvinin 880 illik yubileyi ölkəmizdə, onun hüdudlarından kənarda geniş qeyd olunur. Əlamətdar haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il “Nizami ili” elan edilib. Həmin Sərəncamla əlaqədar respublikamızda mühüm tədbirlər həyata keçirilib. Yubiley münasibəti ilə qüdrətli söz ustasının həyat və yaradıcılığına həsr edilmiş müxtəlif kitablar, elmi-publisistik materiallar, məqalələr dərc olunub. Eldar Qarqarçayın (Əhmədov) tərtibçisi və müəllifi olduğu “Əsrlərdən gələn səs” toplusu da bu baxımdan diqqət çəkir. İxtisasca mühəndis olsa da, söz sənətinə yaxından bələd olan E.Qarqarçay sözügedən topluda dahi Nizaminin zəngin yaradıcılığına işıq tutmağa çalışıb, onun əsərləri barədə fikirlərini bölüşüb. Burada şairin dövrü, həyatı, əsərlərinin sənətkarlıq xüsusiyyətləri haqqında ətraflı söhbət açılıb, özünəməxsus münasibət sərgilənib.
Bayramoğlu Dizayn nəşriyyat -poliqrafiya müəssisəsində yenicə işıq üzü görmüş 247 səhifəlik “Əsrlərdən gələn səs” kitabı, müxtəlif bölmələrdən ibarətdir. Topluda görkəmli söz ustası haqqında müxtəlif mənbələrdən, tədqiqat əsərlərindən, qəzet və jurnal materiallarından istifadə olunub. Kitabda qeyd olunduğu kimi, Nizami Gəncəvi misilsiz yaradıcılığı ilə şöhrət tapan bir şair olmaqla yanaşı, dünyəvi elmlərə, şəriət məsələlərinə dərindən, hərtərəfli yiyələnən elm adamı, filosof, mütəfəkkir kimi də məşhurdur. XII əsrdə yaşamış şairin dünya, cəmiyyət, ailə, təbiət hadisələri, astronomiya, təbabət, riyaziyyat və sair haqqında mükəmməl bilgiləri, fikir və baxışları bu gün də heyrət doğurur. Həyatın elə bir sahəsi yoxdur ki, Nizami yaradıcılığında ondan bəhs olunmasın. “Əsrlərdən gələn səs” kitabında Nizami yaradıcılığına məhz bu prizmadan yanaşılıb, nisbətən az araşdırılmış məsələlərə toxunulub.
Nizami irsinin öyrənilməsi, araşdırılması və təbliği baxımından gərgin zəhmətin bəhrəsi olan bu toplunu müəllif tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirmək olar. İnanırıq ki, “Əsrlərdən gələn səs” kitabı oxucular tərəfindən maraqla qarşılanacaq.
Yəhya PAŞAZADƏ
525-ci qəzetdən