Tarixçi həmyerlimizin uğurları

         Şəfa Kamran oğlu Mövsümov 18 noyabr 1982-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1989-2000-ci illərdə Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində təhsil alıb.

2000-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub və 2004-cü ildə bu təhsil ocağını uğurla başa vuraraq, “Tarix və ictimaiyyət” ixtisasına yiyələnib. 2004-cü ilin iyulundan 2005-ci ilin iyul ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2005-2007-ci illərdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə “magistr” elmi dərəcəsi alıb.

2007-ci ilin sentyabr ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərində “R & R Travel Company” turizm şirkətində marketinq və ictimai əlaqələr üzrə direktor kimi fəaliyyət göstərib. 2013-cü ilin noyabrından 2014-cü ilin iyununa qədər Diasporla iş üzrə Dövlət Komitəsinin nəzdində Virtual Məktəb layihəsində “Azərbaycan tarixi” və “Heydər Əliyev irsi” üzrə distant müəllim kimi çalışıb. 2014-cü ilin yanvarından 2018-ci ilin noyabrına qədər AMEA Rəyasət Heyətinin Elmi İrs Mərkəzində baş mütəxəssis vəzifəsini yerinə yetirib. 2019-cu ilin noyabrına qədər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Arxiv şöbəsində elmi işçi işləyən Şəfa müəllim 20 iyun 2019-cu ildən 1 mart 2021-ci ilə qədər AMEA Milli Azərbaycan Tarixi Muzeyi Numizmatika elmi fond şöbəsində elmi işçi vəzifəsini daşımışdır. Həmyerlimiz, tanınmış tarixçi Şəfa Mövsümov 1 mart 2021-ci ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyi Vətən Müharibəsi Fondunun müdiri vəzifəsini icra edir.

Şəfa Mövsümov hələ Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində oxuyarkən tarix elminə böyük həvəs göstərir, bu sahəyə aid əlavə dərslik və materiallar oxuyur. Həmyerlimiz, məşhur tarixçi mərhum Əlvan Kəbirlinin tarixə həsr etdiyi əsərləri ilə yaxından təmasda olurdu. O, müxtəlif olimpiada və elmi yarışlarda tarix sahəsində iştirak edir və başqalarından öz biliyi ilə seçilirdi. Bu qədim elmə olan hədsiz və böyük marağı Şəfanı tarix elminə qırılmaz tellərlə bağladı. Odur ki, o, bir sənət olaraq tarixşünaslığı seçdi və ömrünü bu elmlə bağladı.

Şəfa Mövsümov əmək fəaliyyəti ilə yanaşı, elmi yaradıcılıqla da geniş şəkildə məşğul olur. O, 2013-cü ildə AMEA Tarix İnstitutunun “tarixşünaslıq və mənbəşünaslıq” bölməsi üzrə qiyabi doktoranturaya qəbul olmuş, “1941-1945-ci illər müharibəsi tarixi Azərbaycan sovet tarixşünaslığında” mövzusu üzrə dissertasiya işini tamamlayaraq ilk müzakirədən keçirmişdir. Minimum imtahanlarını uğurla vermiş, dissertasiya işi ilə əlaqədar 3 tezis, 25 elmi məqalə (ikisi xaricdə) və 2 kitabı (biri münsiflər heyəti ilə) nəşr etdirmişdir. Həmçinin elmi işi ilə bağlı “Azərbaycan veteranı” qəzetində 7 elmi-populyar yazısı dərc edilib.

İntellektual oyunların finalçısı, həvəskar jurnalist olan Şəfa Mövsümov marketinq, menecment, təhsil, İKT və insan hüquqları üzrə kursların iştirakçısı, 2009-2014-cü ildə Ağcabədi rayonu Salmanbəyli Kənd Bələdiyyəsinin üzvü (ictimai əsaslarla) olmuşdur. O, həmçinin AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (2014), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (2015), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin(2013), Azərbaycan İntellektual Oyunlar Klubunun (2016), “Azərbaycan vikimediaçıaları” istifadəçi qrupunun (2017), “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi (2018), UNESCO “Günəşin axtarışında” Beynəlxalq İşçi qrupunun üzvüdür. Geniş dünyagörüşə malik olan tanınmış tarixçi azərbaycan, türk, rus, ingilis, fransız, fars dillərini bilir. Bacarıqlı mütəxəssis MC Word, MC Excel, Power Point, İnternet Expolorer komputer biliklərinə dərindən bələddir.

Həmyerlimiz, tarixçi, istedadlı gənc tədqiqatçı Şəfa Mövsümova məhsuldar fəaliyyətində uğurlar arzulayırıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər