Ağcabədi rayonunda “Zəfərimiz həmrəyliyimizdir” adlı bayram şənliyi keçirilib

 Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi, Ağcabədi rayon icra hakimiyyəti və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, şəhid və məcburi köçkün ailələrindən olan 100 nəfərdən çox uşaq iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək, şənlik iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Bildirib ki, bu ilki Həmrəylik bayramı sözün həqiqi mənasında Azərbaycan xalqının həmrəyliyinin simvoluna çevrilib. 2020-ci ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan orudusunun Qarabağı işğaldan azad etməsi xalqımıza ən böyük qürur hissi yaşatdı.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşları Ceyhun Mamedov, Nurəddin Hacıyev, Qarabağ qazisi, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşı Ramil Nağıyev, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı və şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva çıxış edərək, uşaqları təbrik edib, xoş arzularını çatdırıblar. Tədbirdə qeyd olunub ki, Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ulu öndər tərəfindən qoyulmuş bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Şənlik “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”də təhsil alan uşaqların, Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin, Yaqub Məmmədov adına rayon Mədəniyyət evinin və Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin ifasında maraqlı rəqslər və müsiqi nömrələri ilə davam etdirilib. Şənlikdə iştirak edən Şaxta baba və Qar qızın qoşulması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.

Şənliyin sonunda uşaqlara hədiyyələr paylanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər