Ağcabədidə 2021-ci ildə idmanın müxtəlif növləri üzrə nailiyyət qazanmış bir qrup idmançı mükafatlandırılıb.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları nəticə münasibətilə təbrik edərək, onlara yeni uğurlar arzulayıb, 2021-ci il ərzində idman sahəsində həyata keçirilən tədbirlərdən, rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda iştirakından, qazandıqları uğurlardan söz açıb. Bildirib ki, Ağcabədi rayonunda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, kyokuşin-kay karate, muay-tay, tayboks, uşusanda, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 180-dən çox idman qurğusundan, 40-dan artıq stadiondan istifadə edirlər.
Pandemiyanın digər sahələr kimi, idmanda da yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə rayon idmançıları Avropa çempionatı və birinciliyi, Avrasiya çempionatı, respublika və zona yarışlarında ümumilikdə 65 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 31-i birinci, 15-i ikinci, 19-u üçüncü yerdir. Medalların 3-ü Avropa çempionatı və birinciliyində, 1-i Avrasiya çempionatında, 20-si Azərbaycan çempionatında, 41-i isə ölkə daxili müxtəlif turnirlərdə və zona birinciliklərində qazanılıb. Rayon idmançılarından taekvondo idman növü üzrə Estoniyanın Tallin şəhərində keçirilən Avropa birinciliyində Çingiz Həsənov birinci, Vasif Səlimov ikinci, Minayə Əkbərova isə Bolqarıstanın Sofiya şəhərində keçirilən Avropa çempionatında üçüncü yerə layiq görülüb. Alpaqut idman növü üzrə Türkiyənin Bursa şəhərində keçirilmiş Avrasiya çempionatında Puri Elsəvər bütün rəqiblərinə qalib gələrək Avrasiya çempionu olub. Son dövrlərdə Ağcabədi idmançılarının uğurlu nəticələr əldə etməsi rayonda idmanın inkişafının bariz nümunəsidir.
Sonda idmançılara diplom və hədiyyələr təqdim edilib.