Dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin rəmzi

         Xalqımızın tarixində ən əlamətdar və şərəfli günlərindən biri də 31 dekabrdır. Həmin gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bayram edilir. Bu möhtəşəm tarixi anın əsası 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında İranla Azərbaycan sərhəddinin dağılması ilə bağlıdır. Uzun zaman bir-birinə həsrət qalan otaylı, butaylı Azərbaycan xalqının Arazın hər iki sahilində yürüşü sərhəd dirəklərinin yıxılması ilə nəticələnib. Bu mühüm hadisə Azərbaycan millətinin birləşmək arzusunu dünyaya nümayiş etdirib. Həmrəylik günü məhz bu birləşmək istəyinin parlaq rəmzinə çevrilib.

1991-ci ilin 16 dekabrında xalqımızın böyük oğlu, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev azərbaycanlıların birliyinin yaradılmasının əhəmiyyətini uzaqgörənliklə nəzərə alaraq 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Ulu öndərin bu misilsiz tarixi təşəbbüsü bütün Azərbaycanda dəstəyini qazanıb, ölkədə rəsmən qeyd edilməyə başlayıb. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr yaradılmasında, onlar arasında birliyin, həmrəyliyin təmin olunmasında önəmli əhəmiyyət kəsb edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər il geniş qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Əslində, həmrəylik günü Azərbaycan diasporunun bir məqsəd, amal uğrunda birləşməyə səfərbər edib. Maraqlıdır ki, həmin tarixi gün milliyətcə azərbaycanlı olmayıb, Azərbaycanda doğulub, boya-başa çatmış Azərbaycan əsilli diaspor nümayəndələri tərəfindən də təntənə ilə qeyd edilir.

Xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız 31 dekabrı böyük həvəs, ruh yüksəkliyi ilə qarşılayır. Bu bayram ildən-ilə geniş vüsət alır, yüksək səviyyədə keçirilir.

Azərbaycanı özünə tarixi Vətən hesab edən hər bir kəsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Bu gün hər bir azərbaycanlı öz iç dünyasında ümummilli lider Heydər Əliyevin bu möhtəşəm sözlərini dönə-dönə təkrarlayır: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Doğrudan da, bu gün hər birimiz azərbaycanlı olmağımızla fəxr edirik.

Ulu öndərin təşəbbüsü və təşkilatçılığı ilə dünya ölkələrində yaşayan soydaşlarımızın müstəqil ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin daha da gücləndirilməsi məqsədi ilə 9-10 noyabr 2001-ci il tarixdə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirilib.

Dahi şəxsiyyətin birlik və həmrəylik ideyaları onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı Sərəncamlarla Bakı şəhərində 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə isə IV qurultayı keçirilib. Bu tarixi qurultaylar dünya azərbaycanlılarının dövlətimizin ətrafında sıx birliyini nümayiş etdirib.

Dünya azərbaycanlılarının birlik və həmrəyliyi 44 günlük Vətən müharibəsi dövründə daha parlaq əksini tapıb. O ağır günlərdə hər bir soydaşımız Azərbaycanın yanında olub, xalqımızı qələbəyə ruhlandırıb.

Yəhya PAŞAZADƏ

Şərhlər