27 sentyabr 2020-ci il. Silahların nəriltisinə açmışdıq o sabahı. Havada sayrışan raketlər pozurdu şəhərin ala-qaranlığını. Hava açıldıqca bir-birini təbrik edən insanlara, döyüş bölgəsinə gedən, QARABAĞ! QARABAĞ! deyə hayqıran əsgərlərlə dolu texnikalara sataşdı gözüm. Televizyadan səslənən “Ordumuz bütün cəbhə boyu əks hücüm əməliyyatlarına başlayıb” kəlməsi xalqımızın illərdir yanan ürəyinə səpilən ilk su damlaları idi sanki. Bəlkə də xəyal etməzdik, nə vaxtsa internetsiz dözə biləcəyimiz günləri. Ta ki, 10 milyonun bir nəfər kimi ekran qarşısında Ali Baş Komandanın qələbə xəbərlərini izlədiyimiz günlərə qədər. Xalq, ordu və Ali Baş Komandan birliyindən doğan bir yumruq kimi birləşmişdik o günlərdə. Bu özünə ayaqqabı almağa qıymayıb, təqaüdünü son qəpiyinə qədər cəbhədə vuruşan əsgər balalarına göndərən, dağ boyda ürəyə sahib Hikmət babanın, Gəncə terrorunda möcüzə nəticəsində sağ qalıb, təbəssüm dolu gözlərilə misli görünməmiş insan soyqırımına kor olan bəşəriyyətə dağ çəkən balaca Ömərin, yad-qohum demədən, gələn şəhid xəbərlərinə öz evinə od salmış kimi yaş töküb, haray çəkən ana-bacıların, düşmən generalının boğazından yapışaraq onu məhv edən şir ürəkli Cəbrayılın, şirin səsi ilə qəlbləri fəth edən Xudayarın yumruğu idi. Bu şəhid qardaşlarının qisası ilə alışıb yanan 10 minlərlə igidin yumruğu idi.
Cəbhədən qələbə xəbərləri gəldikcə illərdir həsrətində olduğumuz zəfər günlərinin çox yaxında olduğuna inanmağa başlamışdıq. Ordumuz addım-addım, kənd-kənd çatırdı məqsədinə. 30 ilə yaxın ayaqyalın, başıaçıq doğma el-obasından didərgin düşmüş məcburi köçkünlərin keçirdiyi hisslər isə tamam başqa idi. Hər biri azad olmuş kəndlər içərisində öz doğma yurdlarının adını eşitmək üçün alışıb yanırdı. İllər öncə qucaqda gələn körpələr indi tank belində geri qayıdırdı. Ordumuzun qarşısında tab gətirməyən düşmən yenə öz məkrli əməllərinə davam edirdi. Döyüş bölgəsində aldıqları məğlubiyyətlərin əvəzini silahsız insanlardan çıxmağa çalışırdılar. Gəncə, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Beyləqan, Mingəçevir kimi bölgələr isə müharibənin yükünü çiyinlərində ən çox daşıyanlar idi desək yanılmarıq. Düşmən hər nə qədər dinc insanları hədəf alsa da,bunlar qələbəyə susamış bir xalqı yolundan döndərə bilməzdi. 4 oktyabrda azğınlaşmış düşmən Gəncə şəhərinə raket yağdırdı. 1 mülki şəxs şəhid oldu, 30-dan çox dinc insan isə yaralandı. Vəhşiliklərinə davam edən düşmənə ən böyük cavab yenə döyüş meydanında qəhrəman əsgərlərimiz tərəfindən verildi. Arxasında dayanan milyonlarla həmvətənin dəstəyindən güc alan ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini düşmən tapdağından azad etdi. Cəbrayıl zəfəri növbəti qələbələrə açılan qapı kimi xüsusi əhəmiyyətə malik idi. Döyüş meydanında darmadağın edilən düşmən bunun əvəzini yenə silahsız, dinc əhaliyə atəş açmaqla çıxmaq istəyirdi. Oktyabrın 17-də ermənilər döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən, elm və mədəniyyət beşiyi olan qədim Gəncə şəhərini sayca beşinci dəfə qanunsuz silahlardan hədəf aldı. Amma ardıcıl məğlubiyyətə düçar olan düşmən silah-sursatını ataraq qaçırdı. Sevdalı Natəvan qəzəlləri, ayaq altda əzilən, gözü yollarda qalan “Xarı – bülbül”, dağları dumanlı Şuşa gözləyirdi bizi. Ordumuz kimsənin ağlına belə, gəlməyən keçilməz yolları, dağları, daşları aşaraq addım-addım yaxınlaşırdı Şuşaya. Şuşanın azad olunması əməliyyatı üzərindən əsrlər keçsə də unudulmayacaq bir hərb dastanı idi. Yaralansa belə dayanmaq bilməyən igidlərin, şəhid qardaşlarını çiyinlərinə alıb, əzəmətli qayalara dırmanan qəhrəmanların qanları ilə yazdığı dastan idi bu. Düşməndən fərqli olaraq,bizim arxamızda Vətən dayanmışdı. Müqəddəs Vətən…
Rəşad QULİYEV
ADPU-nin Ağcabədi filialının tələbəsi