2021-ci il başa çatmaq üzrədir. Təqvimdə artıq barmaqla sayılası günlər qalıb. Yola saldığımız 21-ci əsrin 21-ci ili xalqımızın həyatında sevincli, kədərli anları ilə yadda qalıb. Ümid edirik ki, qarşılaşdığımız yeni 2022-ci il öz uğurlu addımları ilə ölkəmizə sülh, əminamanlıq, xoşbəxtlik, qələbə, şadlıq dolu günlər bəxş edəcək. Soydaşlarımızın bütün istəkləri, diləkləri gerçəkləşəcək.
Yeni il rayonumuzun sakinləri üçün də yeni-yeni nailiyyətlər gətirəcək, hər birimizi sevindirəcək, arzularımızı çin edəcək. Ağcabədililər 2022-ci ildə çoxdankı arzularının həyata keçəcəyinə əmindirlər. İnanırlar ki, uzun illərdən qalan bir sıra problemlər, nəhayət ki, Yeni ildə həllini tapacaq, aradan qaldıracaq. Hər bir rayon sakininin elektrik və telefon dirəklərinin yenilənməsi, kitab satışı mağazasının açılması, şəhər mərkəzindəki kollektorun təmizlənməsi, rayonun bütün istiqamətlərinə sərnişin avtobusları marşrutlarının açılması, dayanacaqların qurulması rayon mərkəzi kitabxanası üçün müasir tipli binanın inşası, şəhər daxilində içməli su krantlarının çəkilməsi, bütün küçələrə zibil qutularının qoyulması, bəzi döngələrdə, dairələrdə işıqforların quraşdırılması və sair kimi arzularının qarşıdan gələn ildə reallaşacağı şübhə doğurmur. Təki belə olsun. Allah bizi arzularımıza qovuşdursun.
“Aran”