Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, onun həyata keçirdiyi xətti uğurla davam etdirir.Təsadufi deyildi ki, Ümummilli lider Heydər Əliyev 2003-cü ilin Prezident seçkilərinin həlledici dövründə doğma xalqına müraciət edərək axıra çatdıra bilmədiyi taleyüklü vəzifələri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyevin başa çatdıra biləcəyini qeyd etmişdir.
2003-cü ildə keçirilən Prezident seçkilərində xalqın birmənalı dəstəyi ilə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin vaxtdan ötən 18 il ərzində Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycan hərtərəfli və sürətli inkişaf etmiş, eyni zamanda daxili və xarici siyasətin uğurla davam etdirilməsi sayəsində ölkəmiz bugünkü yüksəlişə və inkişafa nail olmuşdur.
Ən əsası isə 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük rəhbər nümunəsi ortaya qoydu. Dövlət başçısının fədakarlığı sayəsində Azərbaycan informasiya cəbhəsində də qalib gəldi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illərdən bəri davam edən münaqişədə qalib tərəfə çevrildi. Ərazi bütövlüyümüz birmənalı olaraq təmin olundu. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən ulu öndərin arzusu reallaşdı. Bu böyük qələbə Azərbaycan xalqının nüfuzunun dünyada daha da artmasına səbəb oldu.
Hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir.
Prezident İlham Əliyevin fəaliyyətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub.
Prezident İlham Əliyev Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürmüş və müvafiq qərar layihəsi Milli Məclisə təqdim edilmişdir. Layihə Milli Məclisdə müzakirə olunaraq 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir.
Azərbaycanda müəyyən əlamətdar günlərdə məhkum olunmuş şəxslərin əfv olunması mühüm əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sonuncu amnistiya aktı da ölkə Prezidentinin humanizm prinsiplərinə önəm verməsinin əyani sübutudur.
Bundan əvvəl Azərbaycanda 11 dəfə amnistiya elan edilib. 2007-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 2009-cu ildə Novruz bayramı münasibətilə, 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 2016-cı ildə 28 May – Respublika Günü münasibətilə amnistiyalar Heydər Əliyev Fondunun prezidenti, həmin illərdə Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
Zəfər Günü ilə bağlı elan edilmiş amnistiya aktının ümumilikdə 15 mindən artıq şəxsə şamil edilməsi humanizm siyasətinin layiqincə davam etdirilməsinin bariz nümunəsidir. Amnistiya tətbiq olunacaq şəxslərin sayına, əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu, indiyədək həyata keçirilən ən böyük aktdır. Bu amnistiya aktının fərqi həm də ondan ibarətdir ki, qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid edilib.
Qeyd etmək la¬zımdır ki, dövlət cinayət törətmiş vətəndaşları bağışlamaqla, yəni, barələrində amnistiya tətbiq etməklə, onlara həqiqətən islah olunmaları, cəmiyyətdə layiqli yer tutmaları üçün real zəmin yaratmışdır.
Mənəvi əhəmiyyətinə gəldikdə isə bu şəxslərin çoxu tez bir zamanda öz ailələrinə, qohumlarına və yaxınlarına qovuşmaq, ictimai faydalı əməklə məşğul olmaq və ən başlıcası azadlığa çıxmaq imkanı əldə ediblər. Yüzlərlə ailənin sevinci, müsbət ictimai rezonans da qərarın mənəvi əhəmiyyətini şərtləndirən amildir.
İnanırıq ki, amnistiya tətbiq olunan şəxslər şəhidlərimizin ruhu qarşısında məsuliyyətlərini hiss edəcək və layiqli vətəndaş kimi cəmiyyətə öz töhfələrini verəcəklər.
8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı dörd bölmədən, 45 hissədən ibarətdir: birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin dairəsi, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə, müvafiq olaraq, aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar yer alıb. Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq, amnistiyanı tətbiq edən cəzaçəkmə müəssisələri, intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, icra məmurları, təhqiqat və ya ibtidai istintaq orqanları amnistiyanın tətbiqini 4 ay müddətində başa çatdırmalıdırlar.
Amnistiya aktına əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumları, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən azad edilir. Bundan başqa, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunurlar. Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslər də cəzadan azad edilir, hətta əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.
Amnistiya aktının vaxtında və dürüst icra edilməsində prokurorluq orqanları müstəsna səlahiyyətlərə malik olmaqla, üzərlərinə böyük vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru hörmətli Kamran Əliyevin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə 5 noyabr 2021-ci il tarixdə əmr imzalanmış, həmin əmrdə aktın icrası ilə bağlı prokurorluq əməkdaşları qarşısında konkret vəzifələr qoyulmuş, amnistiya aktının tətbiqi qaydaları müəyyən edilmişdir. Ağcabədi rayon prokurorluğu tərəfindən konkret tədbirlər görülür və siyasi tədbirin müəyyən edilmiş müddət ərzində icrası təmin edilməklə, qarşıya qoyulan mühüm vəzifənin öhdəsindən layiqincə gələrək prokurorluq orqanlarına olan etimadı doğruldacağıq.
Taleh Osmanov,
Ağcabədi rayon prokurorunun
müavini, ədliyyə müşaviri