Hərbçilərlə görüş

Bugünlərdə şair Xəzangül Qədimli və “Zirvə” TV-nin rəhbəri Əntiqə Xalqəddinqızının təşəbbüsü və təşkilatçılığı ilə “N” saylı hərbi hissədə görüş keçirilib. Görüşdə sözügedən hərbi hissənin əsgər və zabitləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri, yazarlar, məktəblilər və media mənsubları iştirak ediblər.

Tədbirdən öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Hamlet Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin müəllimi, şair Xəzangül Qədimli yığıncağı giriş sözü ilə açaraq, görüş iştirakçılarını salamlayıb, onları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib. Natiq 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı erməni işğalından azad edən əsgər və zabitlərimizin, o cümlədən Ağcabədidən olan döyüşçülərin qəhrəmanlıqlarından geniş söz açıb.

Tədbirdə çıxış edən “N” saylı hərbi hissənin qərargah rəisi Elçin Abdullayev, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, deputat köməkçisi Eldar Məmmədov, Vətən müharibəsi veteranı Zəfər Təhməzov, şair Vəli Qurbanoğlu və başqaları görüşün mühüm əhəmiyyətindən danışıb, öz səmimi ürək sözlərini, bölüşüblər.

“N” saylı hərbi hissənin qərargah rəisi E.Abdullayevin öz şəxsi hərbi geyimini Vətən müharibəsi qazisi Elvin Namazova bağışlaması görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Sonra tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim olunub. İfa olunan “Xudayar təsnifi”, digər mahnı və rəqslər, eləcə də məktəblilərin səsləndirdikləri Vətən, qələbə, Qarabağ mövzusunda şeirlər hər kəsdə yüksək təəssürat və xoş ovqat yaradıb.

Sonda əsgərlərə şeir kitabları hədiyyə olunub.

Yəhya PAŞAZADƏ

Şərhlər