Bu gün Azərbaycan dünyanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan qabaqcıl bir dövlət kimi tanınır. Ölkəmiz dünya dövlətləri sırasında böyük hörmət və nüfuz sahibinə çevrilib. Azərbaycan bu nailiyyəti güclü lider, görkəmli dövlət xadimi İlham Əliyevin qətiyyəti sayəsində əldə edib. Respublikamızda digər sahələrdə olduğu kimi idman sahəsində də böyük uğrulara imza atılır. Ölkədə idmanın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Daha dəqiq desək, idman sahəsi dövlət siyasətinin prioritetləri sırasında mühüm yer tutur. Bu uğurlu proses 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən başlanır. O vaxt idmanımızın strateji inkişafını təmin edən yeni konsepsiya müəyyənləşdirildi. Azərbaycanı dünya miqyasında idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan İlham Əliyev bütün respublika üzrə müasir idman infrastrukturunun yaradılması istiqamətində nəhəng quruculuq layihələrinin dəqiq planını müəyyənləşdirdi. Hazırda demək olar, elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Söhbət 50-dək olimpiya idman kompleksindən, 64 idman növü üzrə modern bazadan gedir. Bununla yanaşı respublikada 53 idman federasiyası, 66 idman təşkilatı, 60-dan çox idman klubu, 170 idman məktəbi fəaliyyət göstərir ki, bu göstərici ilə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Bütün bu işlər uzun illər aparılan səmərəli fəaliyyətin nəticəsidir. İdmanın kütləviliyinə nail olmaq üçün zəruri tədbirlər görən cənab Prezident İlham Əliyevin idmanı çox sevməsi faktı da mütləq vurğulanmalıdır. Başlıca nailiyyətlərin mərkəzində duran mühüm amillərdən biri də məhz budur. İdmançılarımızın olimpiya oyunlarında uğurlarının yüksələn xətlə irəliləməsi bu sahədə aparılan işin planlı olmasının və ardıcıllığının nəticəsidir. Azərbaycanın modern idman infrastrukturuna malik ölkə olması hər kəsin qəbul etdiyi reallıqdır. Bu fikri Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinin ənənəyə çevrilməsi bir daha təsdiqləyir. Odlar diyarımız I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Formula 1 Avropa Qran-pri yarışı və digər mötəbər beynəlxalq yarışlara ev sahibliyi edib. Turnirlər ən yüksək standartlara cavab verən səviyyədə keçirildi, yeni standartlar müyyənləşdirdi və bütün dünyaya göstərdi ki, sülhün, sabitliyin hökm sürdüyü ölkəmiz müstəqil, heç bir ölkədən asılı olmayan azad məkan nümunəsidir. Bu yarışlarda xalqımızın mübarizliyi ön plana çıxdı, dünya idman ictimaiyyəti həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə irqindən, dinindən asılı olmayaraq insanların ölkəmizdə azad yaşamaq hüqunun qorunduğunun bir daha şahidi oldu. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Sözsuz ki, azad edilmiş ərazilərimizdə geniş idman infrastrukturu da yaradılacaq, doğma Qarabağımızda beynəlxalq idman yarışları təşkil olunacaqdır.
Bütün sahələrdə olduğu kimi idmanın inkişafına göstərdiyi böyük xidmətlərə görə dekabrın 16-da Milli Olimpiya Komitəsinin onlayn formatında keçirilən Baş Məclisində cənab İlham Əliyev yekdilliklə sözügedən komitənin prezidenti seçilib. İnanırıq ki, idmanımız bu gündən sonra güclü liderimizin rəhbərliyi dövründə daha da inkişaf edəcək, atletlərimiz yeni-yeni nailiyyətlər qazanacaqdır. Dövlətimiz tərəfindən idman siyasəti daim uğurla davam etdirilir. Bunu rayonumuzun timsalında aydın görmək olar. Ağcabədidə fəaliyyət göstərən Olimpiya İdman Kompleksi gənc idmançıların yetişməsində önəmli əhəmiyyət kəsb edir. Rayon idmançıları ayrı-ayrı nüfuzlu yarışlarda yüksək nəticələr əldə edirlər.
Hüseyn QULUZADƏ