Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi son vaxtlar sözügedən təşkilatın üzvlərinə, şəhid ailələrinə və qazilərə yardımlar göstərilməsi istiqamətində mühüm addımlar atır. Adıçəkilən komitənin sədri Mehdi Əhmədovun dediklərinə görə, rayonda əvvəlki ildə olduğu kimi 2021-ci ildə də Novruz, Ramazan və Qurban bayramları münasibəti ilə həmkarlar təşkilatının aztəminatlı üzvlərinə, şəhid ailələrinə və qazilərə ərzaq payları və maddi yardımlarla köməkliklər göstərilib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar həmkarlar təşkilatı üzvlərinə, şəhid ailələrinə və qazilərə maddi yardımlar, hədiyyələr təqdim olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Komitə sədri əlavə olaraq, bildirib ki, koronavirus pandemiyası səbəbindən xəstəlik keçirmiş həmkarlar təşkilatının üzvü olan rayon sakinlərinə də müalicə olunmaları üçün vəsait ayrılıb.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rayon komitəsi ötən il ərzində koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə təşkilatın üzvlərinin və imkansız şəxslərin spirt, tibbi maska və digər gigiyenik vasitələrlə təmin olunması üçün də lazımi tədbirlər görüb. Bu sahədə işlərin bundan sonra da müntəzəm davam etdiriləcəyini vurğulayan M.Əhmədov qeyd edib ki, üzərimizə düşən vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbərliyə alınacaq.
Mehdi müəllim sonda bildirib ki, həyata keçirilən tədbirlərdə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının rəhbərliyi tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub.
Hüseyn QULUZADƏ