Qarabağ ədəbi mühiti nəinki Azərbaycana, eləcə də dünya mədəniyyətinə çox sayda dahi simalar və qüdrətli sənətkarlar bəxş edib.
Qarabağın Aran hissəsində yerləşən Ağcabədi rayonu da bu cəhətdən çox qədim bir ənənəyə malikdir. O, Azərbaycan təbiətinin, xüsusən də Qarabağın nadir gözəlliklərini, xalqımızın maddi-mənəvi irsini, qədim adət və ənənələrini özündə əks etdirən yaşayış məskənlərimizdən biri olmaqla, həm də zəngin və şanlı tarixi keçmişə malikdir.
Bu mühitin yetirdiyi istedadlı qələm sahiblərindən biri də yazıçı-publisist Şirxan Aranlıdır. O, bədii yaradıcılığa gənclik illərindən başlayıb, şeirləri və hekayələri yerli və mərkəzi mətbuatda müxtəlif qəzet, jurnal və almanaxlarda dərc edilib. “Hər qəlbin öz səsi var”, “Mehribanlıq məhəbbətin tacıdır”, “Harda qaldın, Qarabağım”, “Ürək sevəndə”, “Mərhəmət yollarında”, “Ömrün əzablı yolu” və “Yurd həsrəti” adlı şeirlər, hekayələr, poemalar, povest və romanlardan ibarət kitabların müəllifidir.
Yazıçının böyük zəhmət və sevgiylə yazaraq, xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli əsərlərdən biri də bu günlərdə çap etdirdiyi “Ağcabədi: ensiklopedik toplu” adlı əsərdir. Kitab elmi faktoloji cəhətdən çox zəngindir. Adından məlum olduğu kimi kitab qədim tarixə malik, Qarabağ bölgəsinin Aran hissəsində yerləşən Ağcabədi rayonunun və onun kəndlərinin yaranma tarixindən, toponomiyasından, etnoqrafiyasından, müxtləlif tarixi dövrlərdə əhalisinin tərkibindən, görkəmli şəxsiyyətlərindən, rayonun inzibati ərazi vahidi kimi təşkilindən, həmçinin sonrakı tarixi mərhələlərdə keçdiyi sosial-iqtisadi inkişafdan, geniş vüsət alan abadlıq-quruculuq işlərindən zəngin sənədlər və arxiv materialları əsasında elmi-publisistik üslubda müfəssəl məlumatlar verməklə, bu zəngin mənəvi sərvətin nəsildən-nəslə çatdırılmasına nail olmuşdur.
Ensiklopedik topluda ilk dəfə olaraq XIX əsrə aid rus canişinliyinin hazırladığı əyalət dəftəri əsasında Ağcabədinin və qədim kəndlərinin əhalisinin və evlərinin say tərkibi barədə qiymətli arxiv sənədlər əsasında məlumat verilməklə yanaşı, Qarabağın mərhələlər və ərazi idarəetmə formaları, ictimai-sosial mühiti və qədim tayfaları barədə bilgilər qeyd edilib.
Kitabda irəli sürülən ideyalardan biri də budur ki, vətən tarixini öyrənmək, öz soykökünə qayıtmaq, qan yaddaşını bərpa etmək hər kəsin şərəfli vəzifəsi və vətəndaşlıq borcudur. Çünki vətən tarixini öyrənmək insanlara keçmişin ibrət dərslərindən nəticə çıxartmaqda, vətən qarşısındakı borcu başa düşməkdə və əsrlərdən bəri yaranıb formalaşan milli mənəvi sərvətlərə yiyələnməkdə güclü vasitədir. Ensiklopedik topluda verilmiş məlumatlar əsasən tarixi-xronoloji və müqayisəli təhlil metodu ilə yazılıb. Məsələn: “Qarabağ – qan yaddaşı”, “Oğuz yurdu-Ağcabədi”, “Ağcabədi illərin sınağında” adlı fəsillərdə Ağcabədinin əsasən qədim yaşayış məskənləri, “Ağcabədi illərin sınağında” fəslində isə eradan əvvəl II minillikdən başlayaraq bizim əsrimizin hazırkı günlərinə qədər olan böyük bir tarixi dövrü əhatə olunur. Tarixi xronologiyanın bu çərçivəsində müəllif, “Qarabağ -qan yaddaşı” adlı fəsildə isə Ağcabədinin daxil olduğu Qarabağ bölgəsinin real tarixinə ekskursiya edərək, maraqlı məlumatları oxucuların diqqətinə çatdırır.
Kitabın “Oğuz yurdu Ağcabədi” adlanan fəslində isə müəllif Ağcabədinin yaşayış məskənləri haqqında çox maraqlı məlumatlardan bəhs edir. Ağcabədi rayonunun Azərbaycanın qədim yaşayış məskənlərindən biri olması, onun inkişaf ənənələrindən, müasir dövrümüzə qədər keçdiyi dinamik inkişaf yolu araşdırılır və əsas diqqəti Ağcabədi haqqında tarixi qaynaqlarda mövcud olan ilk məlumatlara, Ağcabədi adının yaşayış məskəni kimi elm aləminə ilk dəfə nə zamandan bəlli olmasından, Azərbaycanın müxtəlif dövrlərini özündə əks etdirən xəritələrdə Ağcabədi adının əks olunmasından, xanlıq dövründə və sonrakı illərdə tarixən bu ərazidə yaşamış zadəgan nəslinə mənsub olan 279 nəfər Ağcabədi bəylərindən, onların genealogiyasının araşdırılmasından, həmin bəylərə məxsus olan kəndlər, torpaq sahələri və tayfalar barədə tarixi materiallar da öz geniş əksini tapmışdır. Burada həmçinin rayonun ilk yaşayış məskənlərindən olan qədim kəndlərin əhalisi, tarixən məhşur olan tayfalar və təbəqələri – bəy, kəndli, rəncbər, sənətkarlar, köçəri tərəkəmə elatları haqqında da ətraflı məlumatlar var.
Ş.Aranlının gəldiyi nəticələrdən biri də budur ki, Ağcabədi respublikanın ən qədim sivilizasiya məskənlərindən biridir. Çünki tarixdən məlumdur ki, rayonun ərazisində ilk insan məskənləri Neolit, yəni daş dövrünün sonlarında, meydana gəlmişdir. Müəllif isnad etdiyi çoxsaylı tarixi sənədlərə əsaslanaraq, bu tarixiliyi sübut edən, arxeoloji qazıntılar zamanı əldə olunmuş sübut və dəlillərlə, maddi mədəniyyət abidələriylə, kurqan, küp qəbirlər, Üçtəpə, Şahtəpə, Kamiltəpə, Qalatəpə və başqa yaşayış məskənləri haqqında tutarlı faktlara əsaslanan, təsdiqini tapmış, maraqlı elmi məlumatlar verir. Müəllif bu istiqamətdəki elmi araşdırmaları ilə yanaşı, Ağcabədi toponimi barədə zaman-zaman şifahi şəkildə, folklor nümunəsi kimi günümüzə qədər gəlib çatmış bayatı və rəvayətlərə də yer verir. Ağcabədinin adı ilə bağlı olan həmin bayatılardan biri belədir.
Ağcabədi, duz dağı,
Ceyran gəzər düz, dağı.
Yan keçdin, qıya baxdın,
Çəkdin mənə düz dağı.
Ensiklopedik topluda qədim yaşayış məskəni olan Ağcabədinin XV-XXI əsrlər boyunca inkişaf yolu, ana xətt olaraq saxlanılır. Burada Ağcabədi ərazisindəki yerli tayfalar, onların nəslindən olan insanlar, onların nəsil-nəcabətləri, vaxtilə sahib olduqları torpaq sahələri, mülkləri, hazırda mövcud olan davamçıları barədə də maraqlı faktlar var. Müəllif həmçinin XIX əsrin ortalarında Ağcabədidə mövcud olmuş 50 kəndin adlı siyahısını və bu kəndlərin tabe olduğu bəylərin də adını vermiş, hər kənddə neçə ev və oradakı əhalinin kişi, qadın olmaqla, sayını özündə əks etdirən maraqlı cədvəllər də tərtib etmişdir.
(Davamı növbəti sayımızda)
Tahir KƏRİMLİ
ADPU-nun Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyaları” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
Əlizadə NƏCƏFOV
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin Ağcabədi bölgəsi üzrə
şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru