1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Azərbaycanın qədim Şuşa şəhəri 29 ildən sonra 8 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən işğaldan azad edilmişdir.Şuşa şəhərinin azad olunması ilə Ermənistan dövləti özünün məğlubiyyəti ilə barışaraq 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya aktına imza atmış və II Qarabağ müharibəsi Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatmışdır. 10 noyabr Azərbaycan tarixinə zəfər günü kimi daxil olmuşdur. Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycanın hərb tarixində ən parlaq qəhrəmanlıq səhifəsidir.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Təsadüfi deyildir ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin qədim hissəsi tarixi-memarlıq qoruğu elan edilmişdi. Bundan sonra abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Çox təəssüf ki, erməni vandalları tərəfindən işğalı dövründə Şuşada xalqımızın tarixi-mədəni irsi məhv edilmişdir.
Şuşanın işğaldan azad olunmasından dərhal sonra onun tarixi-mədəni irsinə vurulmuş zərərin inventarizasiyası aparılaraq bərpa işlərinə başlanılmışdır. Bu istiqamətdə səmərəli tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədilə 7 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.
Qarabağın tacı olan Şuşa Azərbaycan xalqının mənəvi varlığının ayrılmaz parçası hesab olunur. Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. 2022-ci ildə 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin tarixi-inkişaf yolu keçmiş, Azərbaycanın, eləcə də bütün Qafqazın və yaxın Şərqin mədəni və ictimai-siyasi həyatında mühüm rol oynamışdır.
Şuşa şəhərinin 1752-ci ildə bina edilməsi haqqında çoxsaylı məlumatlar vardır. Lakin XV əsrdə və sonralar şəhərin əvvəllər mövcud olduğu barədə məlumatlar da az deyildir. Məsələn, F.B.Köçərli, A.A.Bakıxanov öz əsərlərində Şuşa şəhərinin Pənahəli xan tərəfindən təmir və bina olunması barədə söhbət açmışlar. Bununla yanaşı, ingilis səyyahları C.Morye və R.Burter Şuşanın tarixinə dair maraqlı mülahizələr irəli sürmüşlər. C.Moryenin fikrinə görə, Şuşa hələ eradan əvvəl yaşayış məskəni olmuşdur.R. Burter isə yazır ki, Şuşada Qafqazın başqa yerlərində rast gəlinməyən Avropa şəhərlərində olduğu kimi daş binalar, daş döşənilmiş küçələr, hamamlar olmuşdur. Ə.B.Şükürzadənin 1981-ci ildə dərc olunmuş məqaləsində isə Pənahəli xanın monqollar tərəfindən dağıdılmış qədim Şuşanın yerində 1752-ci ildə yeni şəhər saldığından bəhs olunur. Buradan belə bir nəticə çıxarmaq olar ki, Şuşa şəhərinin ərazisində 1752-ci ildən əvvəlki dövrlərdə də yaşayış mövcud olmuşdur.
Şuşa şəhəri Qarabağ xanı İbrahimxəlil xanın (1763-1806) dövründə daha da abadlaşdırılmış və inkişaf etmişdir. Şəhər orta əsrlərin şəhərsalma planı əsasında bina edilmişdir. Şəhər 17 məhəlləsi, 17 bulağı, 17 məscidi 17 hamamı və sakinlərinin adətləri və məşğuliyyətləri ilə tanınmışdır. Şuşa şəhəri uzun müddət Qarabağ xanlığının paytaxtı olmuşdur.
Qarabağ xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra da Şuşa şəhəri öz əvvəlki mövqeyini qoruyub, saxlamışdır. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək, Qarabağ əyalətinə çevrilmişdir. 1840-cı ildə Qarabağ əyaləti əsasında yaradılmış və Kaspi vilayətinə daxil olan Şuşa qəzası 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu inzibati bölgü 1920-ci ilədək davam edib. Ağcabədi də həmin qəzanın tərkibinə daxil olunub.
XIX əsrin birinci yarısında Şuşada 42 ipək parça istehsal edən müəssisə, 28 pambıq parça karxanası, 20 gön-dəri fabriki, 1 kərpic və 1 sabun zavodu, 3 boyaqxana sexi və s, fəaliyyət göstərirdi. XIX əsrin ikinci yarısında da şəhərin inkişafı səngiməmiş, orada bir sıra yaraşıqlı binalar inşa edilmişdir. XX əsrin əvvəllərindən erməni millətçiləri qnçaq, daşnaqsütyun və digər erməni terrorçu dəstələrinin təşkilatçılığı ilə Azərbaycan ərazisinə iddiaları irəli sürməyə başladılar. 1905-1907-ci illərdə digər Azərbaycan şəhərlərində olduğu kimi Şuşada da qırğınlar və dağıntılar törədildi. Şuşa şəhəri xarabalığa çevrildi. 1918-ci ildə Azərbaycan torpaqları hesabına Ararat “Respublikası”nın yaranması ermənilərin ətraf ərazilərə iddia irəli sürməsinə rəvac verdi. Qarabağda, Zəngəzurda, Şərur-Dərələyəz ərazilərində qırğınlar və talanlar törədildi, Şuşa qəzasının 21 kəndi məhv edildi. 1923-cü il iyulun 7-də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının himayədarlığı və təşkilatçılığı ilə həyata keçirildi. DQMV-nın yaradılması ermənilərin Dağlıq Qarabağa gələcək iddiaları üçün bir vasitə rolunu oynadı.
Bənzərsiz görkəmini həmişə qoruyub saxlayan qədim Şuşa şəhərinin yetirdiyi böyük şəxsiyyətlər ölkəmizə ədəbi, mədəni, elmi və ictimai fikir sahəsində misilsiz tarixi sərvətlər bəxş etmişdir.
Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün onun tarixi simasının bərpası istiqamətində mühüm layihələr gerçəkləşdirilir. Qısa vaxtda şəhərin baş planının hazırlanması,Molla Pənah Vaqifin büstünün və məqbərə kompleksinin, Bülbülün ev muzeyinin, Ü.Hacıbəylinin heykəlinin açılışları o, cümlədən şəhərdəki dini və memarlıq abidələrinin yenidən qurulması mədəniyyət paytaxtımızdakı nəhəng işlərin tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci ilin Şuşa ili elan edilməsi Azərbaycanın mədəniyyət paytaxtının dünyada tanıdılması baxımından çox önəmli əhəmiyyət kəsb edib. Bu Sərəncam xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Belə bir tarixi sənəd həm dünyada erməni yalanlarının ifşası, həm Şuşanın tanıdılması, həm də bu torpağın əsl sakinlərinin kim olduğunu sübut etmək baxımından çox önəmlidir. Bu Sərəncam 2022-ci ildə Şuşada bərpa-quruculuq işlərinin sürətlənməsi və tez vaxtda yerli aborigenlərin öz ata-baba yurdlarına köçürülməsi baxımından da olduqca əhəmiyyətlidir.
Araz ƏLİYEV,
ADPU Ağcabədi filialının
ictimai, təbiət fənləri və
onların tədrisi texnologiyası
kafedrasının baş müəllimi