İdmanın əsas növlərindən olan cüdonun vətəni Yaponiya sayılır. 1882-ci ildə yaranan bu idman növü hərfi tərcümədə “cü” yumşaq, “do” yol mənasını verir. Yaradıcısı Yaponiyanın məşhur idman mütəxəssisi Ciqaro Kano hesab olunur. Cüdonu Azərbaycanda sevənləri və onunla məşğul olanları çoxdur. Beynəlxalq turnirdə, respublika birinciliklərində cüdo üzrə ölkəmizi layiqincə təmsil edən idmançılar və onların püxtələşməsində zəhməti və əməyi olan peşəkar məşqçi-müəllimlərimiz çoxdur. Onlardan biri də rayonumuzda cüdo idman növü üzrə məşq keçdiyi uşaqların istedadlı idmançı kimi yetişməsi üçün əlindən gələni əsirgəməyən bacarıqlı idman mütəxəssisi Bayram Novruzovdur. O, 1962-ci il mart ayının 8-də Ağcabədi rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini 1980-1982-ci illərdə Rusiya Federasiyasının Sverdlovsk (indiki Yekaterinburq) şəhərində keçib. B.Novruzov ali təhsilini qiyabi şəkildə 2003-2007-ci illərdə Gəncə şəhərində Müəllimlər İnstitutunun Pedaqogika və Metodika fakültəsində, 2007-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində alıb. Gənc yaşlarından idmanın cüdo döyüş növü ilə yaxından maraqlanıb, ilk məşqini 1983-cü ildə Rusiya Federasiyanın Oryol şəhərində Əmək Ehtiyatları İdman Sarayında əməkdar idman ustası Nikolay Korolyovun yanında keçib. O, 1984-cü ildə Oryol şəhərində keçirilən şəhər və vilayət turnirlərində 60 kq çəkidə təmsil etdiyi idman növündə ikinci yeri tutaraq, gümüş medal qazanmağı bacarıb. B.Novruzov 1987-ci ildə Kazan şəhərində keçirilən çempionatda ikinci yerə layiq görülüb. İştirak etdiyi yarışlarda uğurlu nəticələr qazanan isedadlı idmançı 1988-ci ildə Boykova şəhərində keçirilən Rusiya çempionatında 5-ci yerə layiq görülərək, SSRİ idman ustalığı normasını yerinə yetirib. Doğma vətəninə qayıdan Bayram müəllim 1990-1991-ci illərdə rayonumuzda cüdo üzrə idman məqçisi kimi çalışıb. Uzun illərdən sonra o, yenidən 2011-ci ildə rayonumuzda məşqçi-müəllim kimi idman fəaliyyətini davam etdirib. O, 2018-ci ildən uşaqlar və yeniyetmələrlə rayonun Olimpiya İdman Kompleksində məşğul olur. Yetirmələrindən söz açan məşqçi Ruzi Əliyevdən uğurlu nəticələr gözlədiyini vurğulayıb. Ruzi 2013-2014-cü illərdə Sumqayıt şəhərində uşaqlar arasında keçirilən yarışlarda 2 dəfə ikinci yer tutaraq gümüş medala, 2 dəfə isə birinci yeri qazanaraq, qızıl medala layiq görülüb. O, Aran-Qarabağ bölgəsi üzrə uşaqlar arasında 2016-ci ildə Bərdə şəhərində, 2017-ci ildə isə Ağdam rayonunun Quzanlı qəsəbəsində cüdo üzrə keçirilən yarışlarda 1-ci yerə, 2018-ci ildə rayonumuzda yeniyetmələr arasında 2-ci yerə, 2019-cu ildə Naftalan şəhərində təşkil edilən yarışda isə 1-ci yerə layiq görülüb. Ruzinin digər uğurlu nəticəsi Sumqayıt şəhərində keçirilən ümumilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş beynəlxalq turnirdə olub. İdmançı yeniyetmələr arasında olan turnirdə 3-cü yer uğrunda mübarizədə güclü rəqibi üzərində əzmkar qələbə çalaraq bürünc medal qazanmağı bacarıb. Təkcə R.Əliyev deyil, digər yetirmələri də müəllimlərinin çəkdiyi zəhməti doğrultmaqdadır. Bu yaxınlarda rayonumuzda uşaqlar arasında keçirilən turnirdə təcrübəli məşqçinin yetirmələri 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Çempionatlarda daha yaxşı nəticə göstərən tələbələr yetişdirmək arzusu ilə Bayram müəllimə fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.
Hüseyn QULUZADƏ