7.5 C
Aghjabadi

Azərbaycan yüksək iqtisadi inkişaf mərhələsində

Prezident İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə respublikamızda iqtisadiyyatın inkişafından, bu sahədə atılan mühüm addımlardan danışıb. Qeyd olunub ki, bu gün Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir.  İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə özünü əks etdirir.

Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir.  Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər.

Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur.

Uzun illər ərzində manat sabitdir. Sözügedən amildən həm ölkə əhalisi faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər.

İnvestorlar tərəfindən ölkəmizdə mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Cari ilin büdcəsi tariximizdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Vergi yığımının şəffaf sistemi hər il təkmilləşir. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Dövlət başçısı bildirib ki, iqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Proqnozdan əlavə yığılmış 1,4 milyard manat hesabına dərhal 1,5 milyard manatlıq sosial paket təmin edildi. Əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirilib və bu, bir daha sosial sahəyə nə qədər böyük önəm verildiyini nümayiş etdirir.

Prezident xüsusi olaraq bildirib ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Ölkəmizin əsas təchizatçısı olan Rusiyada taxılın həm qiymətləri, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir.

Bu gün ölkəmizdəçox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.

Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Uzun illər ərazimizin təxminən 20 faizinin işğal altında olması, həmçinin ərazimizin bir hissəsinin iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsız olması işi çətinləşdirir. Bu bizim coğrafi vəziyyətimizdir.

Respublikada ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə xüsusi diqqət ayrılır. Son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, son beş il ərzində pambıqçılıq dirilib və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır.

Ölkəmizi əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atılıb. Bu gün Azərbaycan mal əti ilə özünü təqribən 90 faiz səviyyəsində təmin edir, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərclənib. Bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Görülən tədbirlər sayəsində süd və süd məhsullarının istehsalı 80 faizə çatıb. Həmçinin toyuq əti istehsalı da 80 faizə çatıb. Heç vaxt tarixdə – sovet dövründə və müstəqillik dövründə ölkəmiz bu rəqəmlərə çıxmayıb. Təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur.

Azad edilmiş torpaqlarda geniş əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb.

Kiçik fermer təsərrüfatlarına kömək göstərilməsi diqqət mərkəzindədir. Subsidiyalar və metodik tövsiyələr verilir. İstisna edilmir ki, başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək işi təşkil olunacaqdır. Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.

Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir. Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq.

Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir.

Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb.İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Əfsuslar olsun ki, bu günə qədər insanları itiririk. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. Baş planı hazır olan şəhərlərin də, xüsusilə Şuşa və Ağdam şəhərlərində minalardan təmizlənməsi prosesi sürətlə gedir.

Təkcə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrə yaxın yol çəkilib. Bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə işlər çox çətin bir şəraitdə aparılır.

Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşulub. Heç biri indi avtonom qaydada işləmir. İndi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və ölkənin potensialını göstərir.

Şəhərlərarası yolların inşası prosesinə start verildi və bu proses geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.

Tarixi abidələrin bərpası diqqət mərkəzindədir. Şuşa şəhərində mövcud istiqamətdə böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib.

Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Məktəblərin, xəstəxanaların təməli qoyulub. İşlər həm tez aparılmalıdır, həmdə ki, tələskənliyə yol verilməməlidir. Hər şey əsaslı olmalıdır. Öz doğma torpaqlarından qaçqın düşmüş insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Elə şərait yaradılmalıdır ki, onlar bundan sonra rahat yaşasınlar.

Azad olunmuş torpaqlarda bütün inşaat işləri şəffaf və tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib ki, maksimum şəffaflıq təmin edilməlidir. Xoşagəlməz hallara görə cəzalar çox sərt olacaqdır. İnfrastruktur layihələri ilə bərabər, Şuşada yaşayış kompleksinin inşasına start verilib. Zəngilanda Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur.

Dövlət başçısı müsahibəsində kadr məsələsinə də toxunub. Göstərilib ki, dövlət məmurlarına təlimat verilir ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Heç kim məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir.

Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, əyri yola düşür. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq.

İctimai nəzarət güclənməlidir. İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Media nümayəndələrinin bu sahədə çox böyük rolu var. Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.

Prezident əlavə edib ki, vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Burada institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da minimuma endirilməlidir.

Dövlət başçısı qeyd edib ki, hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub. Bu mövzu bütün xalqı birləşdirirdi və hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt ən böyük xərclər hərbi quruculuq üçün ayrılırdı. Bu işlər mütləq olaraq davam olunmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq.

Prezident İlham Əliyev təəssüfünü bildirib ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir.Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ona görə revanşist meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır.

Unutmamalıyıq ki, Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi.

Azərbaycanın siyasəti tam aydındır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər