Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2022-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə beynəlxalq münasibətlərdən geniş söhbət açıb.Dövlət başçısı qeyd edib ki, bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.
Rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atmışdır. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.
Bildirilib ki, müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş səfərlər erməni siyasətinin əsl simasını ifşa etmişdir. Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir.
Fransada Prezidentliyə namizəd olan xanım Pekresin Azərbaycan ərazisinə təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Səfər zamanı verilən təxribat xarakterli bəyanatların əsas səbəbi Fransada keçiriləcək növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır.
Müharibə dövründə Fransa Prezidenti Makron birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Buna baxmayaraq, sonda Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keçirilmişdir.
İkinci Qarabağ Müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik.
Prezident xüsusi olaraq vurğulayıb ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə alınmaması ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində.
Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.
Minsk qrupunun fəaliyyətinə münasibət bildirən Prezident qeyd edib ki, minsk qrupu danışıqlar ilə bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib. Eyni zamanda, qrup daxilində də narazılıq var.
Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi. Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur.
Ölkəmizə bütövlükdə 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Ölkəmizə modul tipli xəstəxanalar gətirilib.
Müsahibə zamanı göstərilib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.
Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Elə bir hal olmayıb ki, Azərbaycan kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olsun.
Prezident müsahibəsində Qoşulmama Hərəkatı ilə əlaqədar fikirlərini səsləndirib. Bildirilib ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr iki dəfə Azərbaycanın lehinə səs verdilər. Bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir.
Ölkəmizinfəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərilib.
Prezident müsahibəsində bunu da qeyd edib ki, bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntisi yoxdur. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni ölkəmizin Avropa İttifaqı ilə sazişin mətni tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb.
Respublikamız Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq aparılır. Avropada qaz böhranı yaşanır. Ölkəmizin qazına böyük ehtiyac var. Azərbaycan etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi.
Lakin təəssüflər olsun ki, bəzən ədalətsiz mövqe ilə üzləşirik. Təəccüblüsü budur ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə yardımı nəzərdə tutulur. Sözügedən fakt ədalətsizlikdir. Qeyd olunan amil Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərə bilər. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb.
Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Bu cür yanaşma uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Ölkəmizin isə mövqeyi birmənalıdır. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur.
Balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. Qərəzli yanaşmaları nəzərə alaraq, Demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir.
Müsahibə zamanı əlavə olunub ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir. Sözügedən nəhəng enerji layihəsinin çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni səfərbər edib. Gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək. Orada bütün aparıcı banklar iştirak edir – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı. Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı – həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.
Cari ildə təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Eyni zamanda, daxili tələbat da artır və artacaq. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına sərf olunacaqdır. İnfrastruktur nöqteyi-nəzərindən ölkəmizin qazı bir çox ölkələrə çatdırıla bilər. Nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq.
İndi güc amili ön plana çıxır və Azərbaycan buna hazır olmalıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır
Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər.
Lakin Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Azərbaycan dünya təsisatlarının – BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.