Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər şahidin danışdıqları özü bir tarixdir.Biz də 20 yanvar faciəsinin şahidlərindən biri ilə söhbətimizi sizlərə təqdim etmək istədik. Müsahibimiz Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini, Karate – do idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Eldəniz Qənbərovdur.
– Eldəniz müəllim, bildiyimiz kimi 20 Yanvar faciəsi ilk illərdə yalnız dəhşəti, vəhşəti, sarsıntısı ilə yadda qalmışdı. Amma zaman keçdikcə biz həm də bu tarixi bir qəhrəmanlıq, azadlıq salnaməsi kimi təqdim etməyə başladıq. Həmin hadisələrin şahidisiniz. O vaxtlar bildiyim qədər tələbə idiniz. Elə bir tələbənin gözü ilə baxanda o günlər necə görünür? Hadisələr necə başlandı?
- Qorboçov başda olmaqla, həmin vaxtlar SSRİ rəhbərləri Dağlıq Qarabağda ermənilərin özbaşınalığına demək olar ki, göz yumurdular. Əlbəttə, hər kəsə məlumdur ki, 1990-cı ilin yanvar faciəsinə aparan yol 1987-ci ildən başlayıb. Yəni azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığıvaxtlardan… O vaxtlar getdikcə artan gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi.
Həmin dövrdə mən tələbə idim. İnstitutun 4-cü kursunda oxuyurdum. İnsanlar SSRİ rəhbərliyinin yarıtmaz idarəçiliyinə qarşı öz etirazlarını bildirirdilər. Şəhərə xəbər yayılmışdı ki, SSRİ rəhbərliyinin göstərişi ilə Bakı şəhərinə qoşun yeridiləcək. Mən “Azdrama”nın arxasında yerləşən keçmiş Poluxin küçəsində kirayədə qalırdım. Ümumiyyətlə, həmin günlər şəhərdə hərbçilərin sayı artırılmışdı.
Bir qrup ziyalılar, insanlar çalışırdılar ki, hərbçilərə hadisələrin mahiyyətini izah etsinlər. Məsələn mən canlı şahidiyəm ki, rəhmətlik aktyorumuz Eldəniz Zeynalov, Telman Adıgözəlov və digərləri hərbçilərə izah edirdilər ki, ermənilər zaman-zaman azərbaycanlılara qarşı necə ağır cinayətlər törədiblər. Bu xalq öz haqqının müdafiəsindədir.
Hadisələrdən bir gün əvvəl mən küçənin başına çıxanda bir qrup əsgərin patrul xidmətini yerinə yetirdiyinin şahidi oldum. Onlarla söhbət etdim, söhbətimiz qarşılıqlı anlaşma ilə keçdi. Mən də vaxtilə əsgər olmuşdum. O günləri gözümün qarşısından keçirdim və əsgərləri çay süfrəsinə dəvət etdim. Onlarla ətraflı söhbətimiz oldu. Zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri faktlarla onlara açıqladım. Xeyli müddət əsgərlərlə fikir mübadiləsi edərək, hadisələrə necə yanaşmaları barədə fikirlərini dinlədim. Şəhərə bir gün əvvəl hərbi maşınlarda, həmçinin insanların çoxluq təşkil etdikləri yerlərdə çoxlu əsgər və texnikalar da yerləşdirilmişdi. İnsanlar tankların lülələrinə qərənfil qoymuşdular və bununla da xalqımızın sülhsevər bir xalq olduğunu nümayiş etdirirdilər.
– Yəqin ki, sakinlərin atəşə tutulacağını, amansızcasına qətlə yetiriləcəyini, belə böyük bir faciə yaşanacağını ağlınıza gətirmirdiniz?
– Yanvarın 19-dan 20-nə keçən gecə saat 1200-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Tankların, tırtılların səsi bütün şəhəri bürüdü. Göyün üzü işıq saçan güllələrlə dolu idi. Güllə səsləri ara vermirdi. Mənim yaşadığım küçənin qarşısına bir hərbi texnika gələrək topa duran yalın dinc insanlara və eləcə də evlərə atəş açmağa başladı. İnsanlar çaş-baş qalmışdılar. Sülhsevər ordu kimi tanınan sovet ordusundan belə qəddarlıq heç kim gözləmirdi. Tanklar, BTR-lər qarşısına çıxan maşınları əzərək, üzərlərindən keçir, qarşılarına çıxan insanlara atəş açırdılar. Bir sözlə, dillə ifadə etmək çətin olan dəhşət və vəhşət yaşayırdı insanlar. Deyərdim ki, insanlara xəbərdarlıq olunmadan komendant saatı elan edilmişdi.
– Azadlığın əldə olunacağına inam böyük idimi? Bir gənc olaraq sabaha necə baxırdınız?
– Səhəri gün Bakıda demək olar ki, bütün evlərin pəncərələrindən qara bayraqlar asılmışdı. Bakı şəhəri qara şəhərə dönmüşdü.
Qəddarcasına qətlə yetirilən vətəndaşları dəfn etmək üçün bütün insanlar küçələrə axışırdı. Rus generalları nə qədər çalışdılarsa, bunun qarşısını ala bilmədilər. Camaatın üzərinə texnikaları sürməklə hədələsələr də,onlar buna məhəl qoymayaraq dəfn mərasimində iştiraka gedirdilər. İnsanların hətta texnikaların qarşısındançəkilmədiyini görən generallar əsgərlərə onlara toxunmamaq əmrini verdilər.
Azərbaycan xalqı şəhidlərini son mənzilə yola saldı. Ancaq hər kəs, eləcə də gənclər azadlığın əldə olunacağına böyük inamla yanaşırdılar. Törədilmiş bu vəhşilikdən sonra hamı birmənalı şəkildə Azərbaycanın SSRİ-nin tərkibindən çıxaraq müstəqil bir dövlət olması tələbini dilə gətirir və azadlıq, müstəqillik şüarlarını səsləndirirdilər.
– Gənclər və İdman İdarəsinin rəis müavinisiniz. Yəqin ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün tez-tez təbliğat yönümlü tədbirlər keçirirsiniz, onların fikirlərini öyrənirsiniz. Necə bilirsiniz, o dövrün hadisələrinin bugünkü gəncliyin yetişməsində nə kimi rolu olub?
– Gənclər və İdman İdarəsinin rəis müavini kimi vətənpərvərliklə bağlı keçirilmiş çoxlu sayda tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Həmişə çalışmışam ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunsun. Təbliğat həmişə lazımdır, çünki düzgün təbliğat gənclərin doğru yola istiqamət almasına kömək edir. Hesab edirəm ki, bu istiqamətdə keçirilmiş tədbirlər gənclərin formalaşmasında böyük rol oynayıb. Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi gənclərin vətənpərvər kimi formalaşmasının əyani təzahürüdür.
Müsahibəyə vaxt ayırdığınız üçün minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.
Söhbətləşdi: Məhsəti MUSA