Kəmalə Əlizadə: “Gözlərini yummazdan əvvəl evin ünvanını deyib”

20 Yanvar faciəsinin qurbanlarından biri də Faiq Əbdülhüseyn oğlu Əlizadə idi. O, 10 yanvar 1953-cü  ildə Ağcabədidə anadan olub. Sonradan Bakı şəhərində yaşayan həmyerlimiz hadisə gecəsi Gənclik metrostansiyası yaxınlığında güllələnib. 

Azərbaycan Respublikası Prezidentinin  31 mart 1998- ci il tarixli fərmanına əsasən  “20 Yanvar Şəhidi” fəxri adına layiq görülüb. 

Bakıda, Şəhidlər  Xiyabanında dəfn edilib.

Hadisədən 32 il sonra Faiq Əlizadənin  həyat yoldaşı Kəmalə Əlizadə aranqazeti.az saytına müsahibə verərək şəhidimiz haqqında xatirələrini bölüşüb.

– Kəmalə xanım, uzun illərdən sonra ağcabədili oxucular ilk dəfə sizin xatirələrinizlə tanış olacaqlar. Öncə haqqınızda bir balaca bilgi alaq. Hazırda nə işlə məşğulsunuz?

– Hal-hazırda Bakı şəhəri 18 saylı Notariat ofisində aparıcı mütəxəssis kimi çalışıram. 1995-ci ildən indiyədək bu vəzifədəyəm.

– 20 Yanvar faciəsini hərə bir cür xatırlayır. Kimisi azadlığa gedən yol kimi, kimisi xalqın birliyinin necə əzəmətli olması kimi… Kəmalə xanım necə xatırlayır o günləri? 

– Hər il 20 Yanvar gələndə mən elə bilirəm ki, o hadisə yenidən təkrarlanır. Bilmirəm nə ilə bağlıdı. O günləri yaşamışam ona görəmi, yoxsa… O vaxtlar mənim xatirimdən silinmir heç. O zaman  mənim 28-29 yaşım vardı.

Faiq evə gəlmişdi işdən sonra. Mağazada işləyirdi Bakıda. Yeməyini yedi, televizora baxmağa başladı. Futbol həvəskarı idi. Bir az baxmışdı ki, işıqlar söndü. Bilirsiniz, televiziyada problem yarandı, enerji blokunupartlatmışdılar. Biz 7-ci mikrorayonda yaşayırdıq. Mən də evdə uşaqlarla məşğul idim. Az keçmişdi ki, səs-küy qalxdı. Bizim küçədən tanklar getməyə başladı, bərk gurultu səsləri. Faiq səsə durub çıxdı balkona. Saymışdıq 28 tank keçmişdi bizim küçədən. Binamız elə titrəyirdi ki… Sözün açığı biz heç qorxmamışdıq onda. O vaxt belə şeylər yox idi axı. Düşmən, təxribat. Faiq hazırlaşdı, çıxdı evdən. Qonum qonşular da həyətdə idi. Açığı getməsini istəmirdim. Dedi ki, yox, qoy gedim görüm nə olub? Nə məsələdi? İnanırsınız elə tələsə-tələsə geyinib çıxdı. Bir göz qırpımında.Elə bil ki, harasa tələsirdi. 1 saat keçdi,2 saat keçdi gəlmədi. Gecə yarı idi artıq. Pəncərədən baxıram ki, qonum-qonşu hamısı çəkilib getdi. Qonşudan soruşdum ki, Bəhram, Faiq hanı? Sənin yanında idi axı?!Bəhram cavabında Faiqin hansısa maşına əyləşərək Gənclik metrostansiyasına tərəf getdiyini bildirdi. Sürücü aparmaq istəməyib. Çünki qan su yerinə axırdı. Faiq sürücünü Allaha and verib ki, məni bircə Gəncliyə apar sonra qayıdıb gələrsən. Öz maşını da var idi. Ancaq həmin vaxt təmirdə idi. Faiq ora çatanda insanlara tutulan divanın şahidi olub. Başlayıb KamAz maşınlarını tankın qarşısına çəkiblər ki, yolları bağlasınlar. (Mənə də bu haqda sağ qalan şahidlər danışıb.) KamAz maşının birinə qalxdığı yerdə  onu vurmuşdular. Özü yaralı halda xəstəxanaya gedib. 5 nömrəli xəstəxanaya. Nərimanov rayonunda  və Gənclik metrosuna  yaxın. (Qaraciyərindən güllə yarası alıb)  Onun həkimi danışırdı ki, “çox möhkəm oğlan idi.” Doğurdan da elə idi. əvvəllər idmanla məşğul olurdu. Güləşçi kimi. Həmişə tay-tuşlarından seçilirdi.Əməliyyat üçün hazırlayıblar. Amma işıqlar olmadığı üçün aparatlar da işləməmişdi. Və Faiq çoxlu qan itirdiyi üçün xilas etmək də mümkün olmayıb. Bütün bunların hamısını onun həkimi mənə danışıb. Gözlərini yummamışdan əvvəl evin ünvanını da deyib ki, mənim övladlarıma xəbər verin. Onlar məni gözləyir. 

Çox çətindir o günləri xatırlamaq.  32 ildir hər il elə bil həmin günləri yenidən yaşayıram. Başqa vaxtlar sanki bir az uzaqlaşır o tarix.  Çox dəhşətli idi. Mən elə düşünürdüm ki, dünya dağılıb, bundan sonra daha həyat olmayacaq.

– Necə tanış olmuşdunuz Faiq bəylə? Bəlkə bir balacao xatirələrə dönək?

–  Faiqlə biz qohum idik. Yəni mənim böyük bacım onun dayısı ilə evli idi. Sonra ailəlikcə gediş-gəliş oldu. Bizim ailə də xoşlarına gəlmişdi. Böyük bacımdan razı qalmışdılar. Məni də Faiqə istədilər. Əslində atam deyirdi ki, “yox, bir qazandan bir pay olar. İki qız bir evə olmaz”. Amma əl çəkmədilər. Getdilər, gəldilər, necə deyərlər saqqızımızı oğurladılar. Daimi gediş-gəlişimiz vardı, amma  evlilik kimi heç bir fikrimiz yox idi qətiyyən. Qismətdi. Buna qismət deyirlər. Harda olur olsun, gəlib insanı tapır.

– Necə insan idi həyat yoldaşınız? Xasiyyəti sərt idimi, yoxsa əksinə?

– Faiq çox gözəl insan idi. O qədər yaxşı insan idi ki,ailəcanlı, mehriban. İnanırsınız üç uşağı mənimlə bərabər böyütmüşdü.  Mənə o qədər kömək edib ki. Elə vaxtlar olurdu uşaqlara görə yata bilmirdim. Deyirdi sən istirahət elə, uşaqlara mən baxaram. Xasiyyəti fəqliydi. Yox, sərt insan deyildi.  Tez peşman olan idi. Cəmi 8 il evli olduq. Uşaqlarımızı birtəhər ayaq üstə dayandıra bildi. Çox balaca idilər… Mən onun heç bir pis xasiyyətini nə eşitmədim nə də ki, gördüm.. Həm xarici görünüşcə, həm də daxili cəhətdən gözəl insan idi. 

– Bildiyim qədər 3 övladınız var. Adları nədir? Hazırda nə işlə məşğuldurlar?

– 3 övladımız var. Səbuhi, Rəfael, Aynurə.  Səbuhi torpağı sanı yaşasın, elə bil atasıdır. Hərəkətləri də, özü də çox bənzəyir. Ailəlidir. Ailəsinə qarşı münasibətləri də eyni ilə atasının münasibətidir. Hal-hazırda Daxili İşlər Nazirliyinin polis əməkdaşıdır. 15 ildir bu vəzifədədir.  İkinci övladım Rəfael mağazada satıcı işləyir. Qızım da ailəlidir. Bir qız övladı var.  5 nəvəm var hamısı qızdır. Faiq qızları o qədər çox sevirdi ki,  həmişə deyirdi kaş çoxlu qızım olaydı. Öz qızımıza bacı deyirdi. Deyirdi ki, mənim həyatda bacım olmayıb. Özü tək övlad olub. Heyif ki, gömədi nəvələrini.  Allah bütün qızlarımızı xoşbəxt etsin . Mənim nəvələrim də onların içində.

– Atalarını xatırlayırmı övladlarınız?

– Atalarını xatırlayırlar, əlbəttə ki.  Hər zaman xatirlərində olur.32 ildir ki, onun şəkli bizim evin divarından düşmür. Uşaq olanda ataları ilə etdikləri hərəkət, onun aldığı hədiyyələr… Hamısını xatırlayırlar. Böyük oğlum 6 ay idi birinci sinfə gedirdi. Atası ilə məktəbə getməsi haqqında danışır hər vaxt. 

 “Şəhidlər xiyabanı”  hər birimiz üçün müqəddəs məkandır. Qürur duyduğumuz yerdir. Bəs bir şəhid ailəsinin üzvü olaraq oranı ziyarət edəndə nə hisslər keçirirsiniz?

“Şəhidlər xiyabanı”  hər birimizin qürur mənbəyimizdir. Mən fəxr edirəm, uşaqlarım da fəxr edirlər ki, ataları o xiyabandadı. Düzdür, hər birimizin bir can borcumuz var.Amma ölümlər də fərqlidir. Onların atası çox şərəfli bir yolda şəhid olub. Ona görə də övladlarım hər yerdə, məktəbdə, işdə, öz ailələrində atalarından qürurla danışıblar. Onun məzarı qəbri şəhərin mərkəzindədir. Bütün insanlar gedib ziyarət edir. Nə qədər acı xatirələr olsa da, bir o qədər də qürurvericidir. Biz onunla hər zaman fəxr edirik. Hər il yanvarın 10-da onun doğum günündə xiyabana gedirik.

 Ötən il Vətən müharibəsində də şəhidlərimiz oldu. Amma həm də böyük qələbə qazandıq.  Təəssüratlarınızı bilmək istərdik. 

 – Ötən il 44 gün davam edən müharibə də itgilərimizə görə sinəmizə dağ çəkdi. Amma qələbə də qazandıq. Cənab Prezidentimizin, əsgərlərimizin sayəsində. I Qarabağ müharibəsi, Aprel döyüşləri zamanı şəhid olanların qanı yerdə qalmadı. Ancaq fikrimiz Qarabağ idi. Mən Qarabağın bütün guşələrində olmuşam. Subay vaxtlarımda atam bütün bölgələri gəzdirmişdi.  Nə yaxşı ki, biz  bu yolda qələbə qazandıq.  Şəhidlər verdik. Şəhidlərin hamısına Allahdan rəhmət arzulayıram. Ailələrinə səbr diləyirəm. Mən o yolları keçmişəm. O günləri yaşamışam.  Onların nə hisslər keçirdiyini bilirəm. Körpələri atasız qaldı. Mənim övladlarım da elə idi. Bir səs gələn kimi deyirdilər ki, atamız gəldi.  Amma bir şey var ki, onlar qalib ataların övladıdır. Bu günə, qələbəmizə min şükür.

Söhbətləşdi: Rəmziyyə Həsənova

Şərhlər