Ziyalının xatirəsi əbədiləşdirildi

Xeyirxah əməllər sahibi olan insanlar həyatda olmasalar belə, qəlblərdə iz qoyur, əbədi yaşayır. Ağcabədinin dəyərli ağsaqqallarından, ziyalılarından biri olan Xəlil Xəlilov da belə şəxsiyyətlərdən biridir. X.Xəlilov nəinki Ağcabədidə, onun hüdudlarından kənarda da böyük hörmət qazanmış insanlardan idi. Onun adı hər yerdə böyük ehtiramla çəkilir.

Xəlil Ələkbər oğlu Xəlilov 1922-ci ildə Ağcabədidə anadan olub. Orta məktəbi müvəffəqiyyətlə bitirsə də, II Dünya müharibəsinin başlanması onun ali təhsili davam etdirmək istəyinə imkan verməyib. O,1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib, igidliklə vuruşaraq, yaralanıb. Müharibə illərində döyüşlərdəki igidliyinə görə “Vətən müharibəsi” ordeni və bir çox döyüş medalları ilə təltif olunub. Təhsilə, elmə böyük marağı olan gənc müharibədən qayıtdıqdan sonra imtahan verərək, Azərbaycan Dövlət Universitetinə daxil olub, 1951-ci ildə sözügedən təhsil ocağının tarix şöbəsinin fəlsəfə fakültəsini bitirib. X.Xəlilov 60 ildən çox bir müddətdə fasiləsiz olaraq, rayonda müxtəlif vəzifələrdə çalışıb. Bunun 20 ili rayon təhsil şöbəsinə rəhbərlikdə keçib. Bu dövrdə rayonda təhsilin inkişafı, uğurları onun adı ilə bağlıdır. Ayrı-ayrı illərdə Ağcabədi rayon Partiya Komitəsində şöbə müdiri işləyən qabaqcıl pedaqoq şəhər 1 saylı tam orta məktəbdə direktor kimi fəaliyyət göstərib. Səmimi bir insan olan Xəlil müəllim hər zaman müəllim və şagird kollektivinə heç vaxt  mənəvi dəstəyini əsirgəməyib. O, işlədiyi müddət ərzində hər zaman  şərəfli müəllim adını uca tutub. Bir neçə kitabın, məqalələrin  müəllifi olan təcrübəli müəllim neçə-neçə şeir, qəzəl də qələmə alıb. 

Onun pedaqoji xidmətləri, fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. “SSRİ-nin Maarif Əlaçısı”, “Qabaqcıl Maarif Xadimi” döş nişanlarına, “Oktyabr inqilabı” ordeninə, o cümlədən “əməkdar müəllim” fəxri adına layiq görülüb.

X.Xəlilov gözəl ailə başçısı kimi, sevimli həyat yoldaşı Qəmər xanımla birlikdə 5 övlad böyüdüb, boya-başa çatdırıb. Onların hamısı ali təhsillidir.

Dəyərli el ağsaqqalı 2018-ci ildə ömrünün 97-ci baharında gözlərini dünyaya əbədi olaraq yumub. 

Bu yaxınlarda tanınmış ziyalının adının əbədiləşdirilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən şəhərimizin küçələrindən birinə onun adı verilib. Bu xeyirxah addım hər bir rayon sakini tərəfindən böyük razılıqla və minnətdarlıqla qarşılanıb. 

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər