Təqvimdə qara rəngdədir uşaqlığımın qan yaddaşı 20 Yanvar. Bu tarix azadlıq uğrunda küçələrə axışıb imperiya ordusuna qarşı etiraz səslərini ucaldan mücahidlərin adını əbədiləşdirən bir tarixdir. Bu tarix həmrəyliyin, mübarizliyin təzahürüdür. Bu tarix sevgi simvoluna çevrilən Leyli və Məcnun adını Fərizə və İlhamla əvəzləyən tarixdir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə, hüzn günü kimi deyil, valideynlərimin, müəllimlərimin anlatdığı Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günü kimi uşaqlıq yaddaşıma köçdü. Böyüklərimizin həmin vaxt matəm saxlaması, televiziya vasitəsilə faciəni əks etdirən görüntüləri izləyib ağlaması, insanların əllərində qərənfillər Şəhidlər Xiyabanına axını heç yadımdan çıxmaz…
Hələ həyatı tam dərk etməyən 2- ci sinif şagirdini böyüklərin hadisə haqqında danışdıqları düşündürürdü. Eşitdiklərim bunlar idi: 20 yanvar günü Bakıda sovet ordusu dinc əhaliyə qarşı dəhşətli qırğın törətdi, amma Azərbaycan xalqının əzmini qıra bilmədi. Candan keçərək şəhidliyə ucalan Vətən övladları fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə öz adlarını şərəflə yazdılar:
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi Şəhidlər..
Elə o zamandan anlamağa başladım ki, Vətənimin azadlığı müstəqilliyi uğrunda sinəsini sipər edən, canından keçən qəhrəmanlara Şəhid deyirlər…
Hər il 20 Yanvar şəhidlərini böyük ehtiramla yad etdikcə, onların həyatı bahasına əldə edilən müstəqilliyi qorumaq borcunu daha dərindən dərk etdim və Vətən sevgisi də mənimlə birlikdə hər gün böyüdü.
O qanlı gecənin açılan səhəri, işıqlı sabahı varmış. Candan keçərək, torpağa azadlıq toxumu əkən Vətən övladlarından sonra millətimizin vüqarını sınmağa, ümidini sönməyə qoymayan oğullar doğuldu, böyüdü…
Şəhid qanıyla müqəddəsləşən Vətən torpağına möhür kimi baş qoyub səcdə etməliyik. 20 Yanvar faciəsindən sonra matəm simvolu olan qərənfil güllərinin kədərdən mayalanmış göz yaşlarını 31 il sonra qələbə simvolu olan Xarı bülbül sildi .
Vətənin müstəqilliyi uğrundan candan keçən hər bir Şəhidin ruhu qarşısında baş əyərək hörmətlə anırıq. Ruhunuz şad olsun, cənnət ətirli Şəhidlər!
Aynurə İNCİ