Kitabda sovet hakimiyyətinin ilk illərində Ağcabədidə yeni yaranmış siyasi quruluşa qarşı baş vermiş yerli üsyanlardan və sovetlər tərəfindən dinc əhaliyə edilmiş zülm və işgəncələrdən, əsassız təqib olunan repressiya qurbanları barədə də məlumatlar verilir. Məlum olur ki, təkcə 1920-1929-cu illərdə Ağcabədidə yeni siyasi quruluşa, sovetləşməyə qarşı 11 kəndli üsyanı baş vermiş və onlardan bir neçəsi genişlənərək, hətta silahlı toqquşmaya çevrilmişdi. Ağcabədililərin repressiya olunmasından bəhs edərkən Ş.Aranlı keçmiş SSRİ Daxili İşlər Komissarlığının “Azərbaycanda antisovet elementlərin sürgün olunması haqqında” və “Qolçomaqlar və antisovet elementlərin repressiyasına dair” mənfur qərarların adını çəkir və respublikanın hər yerində olduğu kimi, heç bir günahı olmayan yüzlərlə ağcabədili ailələrin və ayrı-ayrı insanların məhv edilməsi, sürgünə göndərilmələri və başlarına gətirilən faciələrdən ürək ağrısıyla bəhs edir.
“Ağcabədi: ensiklopedik toplu”sunda rayonun mədəni həyatına həsr olunmuş “Ağcabədidə ilk məktəb, ilk teatr”, “Ağcabədi təhsilinin tarixindən”, “Ağcabədi səhiyyəsinin tarixindən”, savadsızlığın ləğv edilməsi, mədəni quruculuq, maarifin, səhiyyənin və digər sahələrin inkişafına həsr olunmuş çox maraqlı nümunələr də verilib. Bu yazılardan məlum olur ki, 1883-cü ildə Ağcabədidə ilk məktəb, 1914-cü ildə isə ilk teatr tamaşası göstərilib. Amma müəllifin arxiv sənədlərindən gətirdiyi çoxsaylı faktlar göstərir ki, ilk teatr səhnəcikləri də elə həmin ilk məktəbin müəllim və şagirdləri tərəfindən göstərilməyə başlanıb. Əsərdə qeyd olunur ki, yeni tipli dünyəvi məktəblər açılana kimi Ağcabədidə uşaqlara dərslər mollaxanalarda keçirilib. Burada şəxsi məktəblərdən olan Məşədi Şirin bəyin, Hindarxda Səlim bəy Mustafabəyovun, Lənbəran kəndində Məhəmməd bəy Tahirbəyovun açdığı məktəb (Lənbəran kəndi vaxtı ilə Ağcabədinin kəndi olmuşdur), Kəhrizli kəndində Həmidə xanım Cavanşirin, Hacı Beftallının, Məşədi Məmmədalı qardaşlarının və Hüsülü kəndində Rəhim bəy Novruzbəyovun açdığı məktəblər, həmin məktəblərin müəllim və tanınmış məzunları haqqında məlumatlar verilir.
Kitabda Ağcabədi təhsilinin inkişafı, xüsusən 1883-1940-cı illər üzrə ayrıca araşdırılır, buradakı siniflər, uşaqların sayı, kəndlərin adı, dərs deyən müəllimlərin sayı, ixtisası, siniflərin sayı və inkişafı illər üzrə göstərilir. Ondan sonrakı dövrlər də bu qaydada nəzərdən keçirilir və sonda Ağcabədi məktəblərinin müasir vəziyyəti barədə ətraflı və statistik məlumatlar verilir. Aydın olur ki, 2019-2020-ci tədris ilində rayonda fəaliyyət göstərən 62 ümumtəhsil məktəbində, 21.847 şagird təhsil almış, onların təlim və təhsil ilə 2632 müəllim məşğul olmuşdu. Bundan başqa rayonda 1 şahmat məktəbi, 9 musiqi məktəbi, ADPU-nun Ağcabədi filialı, Ağcabədi Pedaqoji Kolleci, Texniki Peşə litseyi və çoxsaylı məktəbəqədər və məktəbdənkənar tədris müəssisələri də fəaliyyət göstərir.
Bəhs olunan dövrdə müəllif rayon səhiyyəsinin inkişafını davamlı olaraq tədqiq edir və məlum olur ki, 1920-ci ilə qədər Ağcabədidə səhiyyə məntəqəsi olmamış, yalnız 1920-ci ildə 2 nəfər başqa millətdən olan Zubov və Çereşkov soyadlı feldşerlər əhaliyə tibbi xidmət etmişdi. O vaxta qədər isə mənbələrdə ilk yerli həkim kimi Əkbər Ağamirovun adı çəkilir. Müəllif 1935-ci ildə Ağcabədidə 2 xəstəxana, 6 kənd ambulator məntəqəsi və orada çalışan 8 həkim və 14 tibb işçisi haqqında da məlumat verir. Əsərdə Ağcabədi səhiyyəsinin keçdiyi tarixi yolla bərabər müasir durumuna da nəzər salınır. Məlum olur ki, 2020- ci ilin əvvəlində rayonda 161 həkim və 543 orta ixtisaslı tibb işçisinin çalışdığı 7 xəstəxana və 25 ambulator- poliklinika fəaliyyət göstərmişdi.
Ş.Aranlı digər sahələrlə yanaşı Ağcabədinin zəngin mədəniyyət tarixinin formalaşması və inkişafını da bütün əsər boyu izləyir və davamlı tədqiq edir. Məlum olur ki, 1936-cı ildə rayonda 250 yerlik ilk klub fəaliyyətə başlamış, 1939-cu ildə isə 100 nəfərlik ikinci klub istifadəyə verilmişdi. Rayonun ilk kütləvi kitabxanası da bu klubda açılmışdı. Beləliklə, 1939-cu ildə Ağcabədidə 1 mədəniyyət evi və 5 klub, kəndlərdə isə 13 qiraət koması yerli əhaliyə xidmət etmişdi. Bəhs olunan dövrdə Ağcabədidə mədəni-maarif işinin inkişafı sistemli şəkildə, verilməklə onun müasir dövrü də tam işıqlandırılıb. İndi rayonda geniş mədəni maarif şəbəkəsi mövcuddur. Hazırda Ağcabədi mədəniyyət şöbəsində 1 mədəniyyət evi, 35 klub, 1 mərkəzi kitabxana və onun 38 kənd filialı, 1 şəhər uşaq, 1 qəsəbə uşaq, 6 kənd uşaq musiqi məktəbi, Qarabağ Muğam Mərkəzi, rayon Tarix diyarşünaslıq muzeyi və onun filialı olan Həmidə xanım Cavanşirin ev muzeyi, Heydər Əliyev Mərkəzi və Rəsm Qalareyası fəaliyyət göstərir. Qeyd olunur ki, 2020-ci ildə bu mədəniyyət ocaqlarında 87 ali, 638 orta ixtisaslı və 130 nəfər orta təhsilli olmaqla 855 nəfər işçi fəaliyyət göstərmişdir.
Əsərin dövlət müstəqilliyimizin ilk illərinin təhlilindən başlayan və “Ağcabədi yeni mərhələdə” adlanan hissəsi də maraqlı tarixi materiallarla çox zəngindir. Buradakı məlumatlar əsasən “Müstəqilliyimizin 90-cı illəri”, “Aqrar islahatlar”, “Qarabağ qan içində” adları altında verilir. Burada Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində əldə olunmuş bəzi nailiyyətlər, ölkədə baş verən siyasi çəkişmələr və bunun nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların erməni silahlı birləşmələri tərəfindən işğal olunaraq 30 ilə yaxın bir vaxtda yerüstü və yeraltı sərvətlərimizin düşmən dövlət tərəfindən talan edilməsi, yerli əhalinin soyqırıma məruz qalması, şəhər və kəndlərin, tarixi-dini, memarlıq və digər mədəni abidələrin məhv edilməsinə də tarixi ekskursiya edilir, oxucuya erməni faşizmi barədə məlumatlar çatdırılır. Əsərin bu hissəsində Ş.Aranlı qeyrətli Ağcabədi oğullarının vətənpərvərliyindən, burada yaradılmış ilk özünü müdafiə dəstələri və batalyonlardan, onun komandir və şəxsi heyətindən, döyüş yolundan çoxsaylı məlumat verilməklə yanaşı, 831 saylı Motoatıcı batalyonunun keçdiyi şərəfli döyüş yolu və şəxsi heyətin 314 nəfər üzvü barədə məlumatlar verir. Həmçinin Birinci Qarabağ müharibəsində ağcabədili gənclərdən 227 nəfərin həlak olması, 258 nəfərin isə döyüşlərdə yaralanması və onlardan 3 nəfərə, ölümündən sonra, Azərbaycanın Milli Qəhrəman adının verilməsi barədə olan məlumatlarla da tanış oluruq. Əsərdə 2020-ci ilin sentyabr ayının 27-də başlamış 44 günlük Vətən müharibəsi bütün komponentləri ilə verilmiş və bu müharibədə Ağcabədidən 42 nəfər gəncin şəhid olması və 254 nəfərin isə yaralanması barədə məlumatlar da öz əksini tapmışdır. Döyüşlərdə xüsusilə fərqlənən Ağcabədi igidlərindən olan “Vətən müharibəsi qəhrəmanı” general-mayor Zaur Məmmədov, “Qarabağ orden”li polkovnik Rəfael Abdullayev, “III dərəcəli Vətənə xidmətə görə” ordenli, polkovnik Qiyas Abbasov, “Şücaət” və “Vətən uğrunda” ordenli polkovnik Elramin Behbudov və çoxsaylı medallar almış digər gənclər haqqında da məlumatlara geniş yer verilmiş, onların qəhrəmanlıqları gənc nəslə əsl vətənpərvərlik nümunəsi kimi təqdim edilmişdir.
(Davamı növbəti sayımızda)
Tahir KƏRİMLİ
ADPU-nun Ağcabədi filialının “Pedaqogika, psixologiya və
onların tədrisi texnologiyaları”
kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru
Əlizadə NƏCƏFOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi
üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru