Sizə təqdim etdiyim bu yazı M.F. Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin şagirdləri, nəvələrim Leyla Əliyeva və Əli Tunar Əliyevin arzularını nəzərə alaraq şəhidlərimiz haqqında düşüncələrimlə əlaqədar qələmə alınıb.
Şəhidlik, qəhrəman Vətən oğullarının yüksələ biləcəyi şəhadət zirvəsi, qalibiyyət şöhrəti, Ali Baş Komandanın şanlı əmrinin şahidlik heykəli, ürəklərdə daim yaşayan ölməzlik dəmir yumruq kimi birləşən xalqımızın cəsarəti, gücü və monolit birliyidir!
Yaxşı demişlər ki, şəhidlər ölməz, Vətən bölünməz! Eyni zamanda şəhidlər ölməzliklə yanaşı əsl məğlubedilməzlik simvoluna çevrilmişlər.
Roman Azaflı “Yol verin Turan gəlir!” musiqi bəstəsində spesfik şəkildə Müzəffər Ordumuzun şəhidlərimizin qisasını aldığını, Qarabağı azad etdiyini, bu ad altında çoxmillətli xalqımızı birləşdirdiyini, bir amal uğrunda Böyük Turan ideyasını formalaşdırdığını və ölməzlik qazandığını İlham Əliyev və Ərdoğan qardaşlığının, Heydər Əliyev Atatürk ideologiyasına sadiqliyin, “Bir millət, iki dövlət” birliyini sübut etməklə yeni reallıq yaratdıqlarını dünyaya bəyan etmələrini özünəməxsus tərzdə qeyd etmiş və könüllərə məlhəm çəkmişdir:
Şəhidlərin qisasını aldı şanlı ordumuz,
Qarabağım azad oldu, bayram edir yurdumuz.
Vətən uğrunda, haqq ədalət yolunda canını fəda edən hər bir kəs müqəddəs sayılır. Qədim dövrlərdən bu günə kimi el yolunda, vətən uğrunda canlarını fəda edənlər xalqımızın qan yaddaşı qiymətli və müqəddəsdir. Belə bir məqamı xüsusi tərzdə vurğulayan Bəhmən Vətənoğlu 1990-cı ildə 20 Yanvar şəhidlərinə həsr etdiyi “Bakıda” şerində haqlı olaraq müqəddəs şəhidlərimizə ən yüksək qiymət vermişdir:
Allah! Allah! Təkrar oldu təzədən,
Kərbəlanın müsibəti Bakıda!
Yer də, göy də sızıldadı görəndə,
Bu dəhşətli fəlakəti Bakıda!
Lənət olsun belə qayda-qanuna,
Necə qıydı, cavanların canına?!
İmamları qəltan etdi qanına,
Yezidlərin cinayəti Bakıda!
Şair sabaha ümidlə baxır, şəhidlərimizi vətənin xəzinəsi sanmaqla, Azərbaycanın cəsur, məğlubedilməz bahadırlarının bu qisası yerdə qoymayacaqlarını, düşməndən və onun havadarlarından intiqam alacaqlarına əminliklə yanaşır:
Torpaq, qəbul eylə bu xəzinəni,
Əgər ölmüsənsə, diril, gəl cana!
Bu cür bahadırlar yetişdirirsə,
Demək, yoxdur zaval Azərbaycana!
Otuz illik həsrətdən sonra Ali Baş Komandanın rəbərliyi ilə, Müzəffər Ordumuzun gücü sayəsində əldə etdiyimiz möhtəşəm qələbəyə nail olduq, bu gün bu qələbənin sevinc dolu günlərini yaşayıb, Qarabağı seyr edə-edə bir xalq deyimini zümzümə edirəm:
Şükür Tanrı dərgahına,
Gəzdiyim yerlərə gəldim.
Süsən sünbül, tər bənövşə,
Üzdüyüm yerlərə gəldim.
Dağlar mənim 30 illik həsrətimin qocalığından xoflanmaması üçün acizanə şəkildə zümzüməmə davam edirəm:
Dağlar, məndən xof etməyin,
Al qarların nuruyam mən,
Can gedibdi, qalıb qəfəs,
Ancaq baxın, diriyəm mən!
Bu gün şüküranlıqla doğma diyarımın, doğulduğum Qarabağ məkanının qucağında dəfn olunacağım üçün, şəhidlərimizin ruhuna qovuşacağım üçün fəxarət duyuram! Fəxarət duyuram ki, Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz hissəsi olmaqla bərabər, müqəddəs məkan kimi də ziyarət olunmağa layiq bir bölgədir. Çünki bu diyar çoxmillətli Azərbaycan xalqının canı ilə yoğrulmuş, qanı ilə sulanmış və müqəddəslik qazanmış Azərbaycandır! Bu diyarın hər qarışından bir qəhrəmanın düşmənə nifrət dolu baxışını görür, Koroğlu nərəsini eşidirəm və hiss edirəm ki, şəhidlər öməyib yaşayır! Şəhid qanı ilə sulanmış Qarabağ torpağında daş da göyərib çiçək açacaqdır!
Əli ƏLİYEV,
ADPU Ağcabədi filialının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru