Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr III hissə

Vətən müharibəsinin Zəfərlə başa çatmasını müəllif xalqın, ordunun və dövlətin birliyinin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin təntənəsi kimi xarakterizə edərək, gənc nəslin vətənpərvərlik tərbiyəsində, bu birliyin rolundan, bu müharibənin fəlsəfəsini çatdırmaqdan söz açır, yəni qalib ordu, qalib xalq və qalib Prezident ideyasını önə çəkərək bildirir ki, “Dəmir yumruq” həm də birliyimizin rəmzidir. 

Kitabdakı “Tarixləşən korifeylər” adlı yazıda dahi bəstəkar Ü.Hacıbəyli, muğam ustaları Z.Adıgözəlov, M.Mütəllimov, Xalq artisti Y.Məmmədov haqqında geniş və əhatəli yazılar verilib, onların yaradıcılıq yolundan ətraflı bəhs olunub. Həmçinin Azərbaycan Respublikasının Xalq artistləri – rejissor A.Kazımov, aktrisa F.Mütəllimova, bəstəkar V.Adıgözəlov, xanəndə S.Qəhrəmanov, diktor R.Tağıyeva, Əməkdar artistlərdən, xanəndə Ə.Əhmədov, S.Novruzov, S.Əhmədova, K.Kərimova, aktyorlar N.Rüstəmov, Q.İsmayılov, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, əməkdar incəsənət xadimləri, bəstəkar C.Quliyev, Rauf Adıgözəlov və digərlərinin yaradıcılıq yolundan bəhs edilir. Əsərin “Ağcabədili şair və yazıçılar” adlanan bölməsi isə rayonun yaradıcı ziyalılarına, söz adamlarına həsr edilmişdir. Belə ki, burada Ağcabədi torpağının yetirmələri olan 27 nəfər ədəbi-bədii aləmdə tanınmış şair, yazıçı, dramatruq və jurnalistlər barədə verilmiş məlumatlar yer alır. 

Kitabda “Tarixdə iz qoyan şəxsiyyətlər” barəsində də maraqlı məlumatlara geniş yer verilib. Burada Qarabağ xanının varislərindən biri olan Əhməd bəy Cavanşir, onun qızı Həmidə xanım Cavanşir, Həmidə xanımın ömür-gün yoldaşı, böyük demokrat yazıçı C.Məmmədquluzadə, ağcabədinin ilk maarifpərvər ziyalılarından olmuş Rəhim bəy Novruzbəyov və Mirzə Vəli İsmayılovun maarifçilik və xeyriyyə işlərindən, rayonun yetirməsi olan 52 nəfər ictimai-siyasi xadim, elm adamları – 3 akademik, 32 elmlər doktoru, professor və 105 nəfər fəlsəfə doktoru barədə məlumatlar yer alır. Əsərdə ümummilli lider Heydər Əliyevin Ağcadədi haqqında olan fikirlərinə xüsusi yer ayrılmışdır. Belə ki, “Əbədiyaşar Lider” sərlövhəli yazıda ümummilli lider Heydər Əliyevin Ağcabədiyə etdiyi tarixi səfərlərdən bəhs olunur. Oxucuya məlum olur ki, Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev 4 dəfə sovetlər dönəmində, 2 dəfə isə müstəqillik illərində Ağcabədidə olmuşdur. Müəllif haqlı olaraq Heydər Əliyevin dövründə rayonun sosial-iqtisadi inkişafını geniş təhlil edərək göstərir ki, Ağcabədi ulu öndərin hakimiyyəti illərində bütün sahələr üzrə ən uğurlu inkişaf yolu keçmişdir. Müəllif ümummilli lider Heydər Əliyevin “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən insanlardır” fikrini əsas tutaraq, böyük bir dövrün sosial-iqtisadi göstəriciləri ilə oxuculara geniş və hərtərəfli məlumatlar verir və 2003- cü ildən Heydər Əliyev irsini və siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də Ağcabədiyə 7 tarixi səfəri barədə hərtərəfli bəhs edir. Əsərdə ölkə Prezidentinin Ağcabədi rayonuna səfərləri, hər dəfə müxtəlif obyektlərin açılışı, yenilərinin bünövrəsinin qoyulması, rayonun əhalisi və ərazisində məskunlaşmış məcburi köçkünlərlə, ziyalılar, gənclər və əmək adamları ilə görüşləri, 50 illik yubileyini Ağcabədinin Taxta Körpü adlı ərazisində müvəqqəti məskunlaşmış Laçınlı məcburi köçkünlərlə birlikdə keçirməsi, Qarabağ qaziləri ilə görüşləri, onlara ev, avtomobil verməsi və maddi yardımlar etməsindən söz açır, bütövlükdə Ağcabədinin bugünkü sosial-iqtisadi inkişafına verdiyi dəyərli töhfələri işıqlandırılır. 

Kitabın sonuncu bölməsi “Yüksəlişə gedən yol” adlanır. Burada 2005-ci ildən başlayaraq bu günümüzə qədər olan dövrdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı hərtərəfli təhlil edilir və həyata keçirilmiş abadlıq quruculuq işlərindən bəhs olunur. Xüsusilə, kənd təsərrüfatı, sənaye, səhiyyə, mədəniyyət, təhsil, rabitə, insan resuslarının inkişafı, əhalinin yaxşılaşmış güzaranı barədə nəzəri müqayisəli və ümumbildirici statistik məlumatlar verilir. Müəllif görülmüş bu işlərin hamısının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçdiyini xüsusi vurğulayaraq, onun “Ağcabədidə son bir neçə il ərzində böyük işlər görülmüşdür” kəlamına cavab verən statistik rəqəmlər, inkişafın mərhələlərini göstərən cədvəllər, yeni tikilmiş sosial-mədəni obyektləri barədə yenilikləri nəzərdən keçirərək qeyd edir ki, hər il bir-birindən yüksək olan göstəricilər insanları ruhlandırır. 

Maraqlı cəhətlərdən biri də budur ki, kitabın ilk səhifələrindən başlayaraq rayon ərazisində təhsilin, səhiyyənin, mədəniyyətin formalaşmasına nəzər salınmış və kitabın sonunadək bu sahələrin inkişafı və real vəziyyəti barədə olan məlumatlar ardıcıl olaraq öz əksini tapmışdır. Əsərlə tanış olduqca hiss edirsən ki, kitab səninlə, sanki 300 illik bir dövrün tarixinin canlı şahidi kimi danışır, vaxtilə bir neçə yüz evdən ibarət olan Ağcabədi indi 137 min əhalisi olan gözəl bir şəhər olmuş, yaşamaq üçün ən gözəl bölgələrdən birinə çevrilmişdir. 

Diqqət çəkən məqamlardan biri də kitabda verilmiş çoxsaylı adlar siyahısında Milli Əlifbamızın tələblərindən düzgün istifadə olunmasıdır. Belə ki, əksər kitablarımızda, xüsusilə ensiklopedik toplularımızda adlar siyahısı sovet ideologiyasına uyğun olaraq soyad, ad və ata adı ardıcıllığı ilə verildiyi halda bu ensiklopedik topluda Milli Əlifbamıza uyğun olaraq ad bölgüsü ön plana çəkilib. 

Əsərin dili aydın, oxunaqlı, çox sadə və təmizdir. Fəsillər və daxili bölgüləri, şəkillər və xəritələr bir-birini tamamlayır. Rayonun siyasi, mədəni həyatı, onun ayrı-ayrı sahələri barədə olan fəsil və paraqraflar bir-birinə nəinki, tarixi-xronoloji, həm də məntiqi cəhətdən bağlı, sistemli, ardıcıl və davamlı olaraq şərh olunmuşdur. 

Yazıçı Ş.Aranlının bu kitabı onun illərlə öz düşüncələrində formalaşdırdığı tam və bitkin bir əsərdir və əsərin əsas qəhrəmanı da Ağcabədi və onun adını daim uca tutan vətənpərvər ağcabədililərdir. Ümumiyyətlə, Ş.Aranlının “Ağcabədi: ensiklopedik toplu”sunda, tarixi, yer, yurd, kənd adları ilə bərabər, rayonun 4193 nəfər tanınmış elm, təhsil, səhiyyə, mədəniyyət və başqa sahələrdə fərqlənən ziyalılar haqqında ətraflı məlumatlar verilib. 21 fəsil, 307 paraqraf və 912 səhifədən ibarət kitabın bədii və texniki tərtibatı, poliqrafik cəhətdən çap məhsullarının nəşrinə qoyulan müasir tələblərə yüksək səviyyədə cavab verir. Kitabın titul vərəqində və digər səhifələrində verilmiş çoxsaylı xəritələr, şəkillər, tarixi mənbələr, arxiv sənədləri, müxtəlif dövrləri əhatə edən cədvəllər, müəllifin mətndə verdiyi nəzəri məlumatların elmi əsaslı və həqiqət olduğunu bir daha təsdiq edir. 

Fikrimizi yekunlaşdırarkən bildiririk ki, mütəxəssislər və geniş oxucu kütləsi üçün təqdim olunan “Ağcabədi: ensiklopedik toplu” əsəri Ağcabədi rayonunun tarixinin, mədəniyyətinin və incəsənətinin öyrənilməsində son söz yox, yeni-yeni tədqiqatlar üçün hərəkətverici mənbə rolunu oynayacaq. Kitabın ərsəyə gəlməsində onun redaktoru, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin zəhməti və dəyərli tövsiyələri də təqdirəlayiqdir.

Bir məsələni də dəyərli oxucularımızın nəzərinə çatdıraq ki, kitabın hər səhifəsində milli-mənəvi dəyərlərimizin başlıca prinsipi olan Azərbaycançılıq ideyası xüsusi yer tutur. 

Müəllifin şəxsi keyfiyyətlərindən irəli gələn və diqqəti cəlb edən cəhətlərdən biri də onun peşəkar yazı üslubuna malik olması, elmi və ədəbi dilinin sadəliyidir. Onun özünəməxsus tarixi faktlara söykənən nəqletmə, müşahidə, paralellər aparmaq üsulları var. Şübhə yoxdur ki, bu da onun çoxillik yaradıcılıq təcrübəsindən irəli gəlir. Bizim fikrimizcə bu qiymətli əsər hər bir ağcabədili ailənin stolüstü kitabı olacaq. Çünki kim axtarsa, burada öz yaşadığı şəhər, qəsəbə, kəndi və nəsli- nəcabəti, ulu babaları haqqında ən azından bir neçə maraqlı məlumatla rastlaşa bilər.

Sonda belə bir dəyərli kitab yazdığına görə hörmətli yazıçımız  Şirxan Aranlıya təşəkkür edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Tahir KƏRİMLİ

ADPU-nun Ağcabədi filialının 

“Pedaqogika, psixologiya və 

onların tədrisi texnologiyaları” 

kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru

Əlizadə NƏCƏFOV 

Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin Ağcabədi bölgəsi 

üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər