Məşhur xeyriyyəçi haqqında maraqlıfaktlar

Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mənalı və maraqlı həyat yolu keçmişdir.

O, 1823-cü ildə Bakıda başmaqçı ailəsində anadan olmuşdur. On yaşına çatanda atası Zeynalabdini bir bənnanın yanına aparır və burada o, palçıq daşıyır. O, 12 yaşına çatanda artıq daş yonurdu, 15 yaşındaykən bənnalıq etməyə başlamışdı.

Zeynalabdin Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Burada qazılmış neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyev olur. O, üç ilə Bakı şəhərinin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Onun Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları mövcud idi.

Hacı Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaç-Qala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmış, Kür qırağındakı vətəkələri dövlətdən icarəyə götürmüşdü.

Rəhbərlik etdiyi o dövr üçün nəhəng inşaat hesab edilən neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsəfədə uzanmışdır. 

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Məktəbin binasının tikintisi 1898-ci ildə başlayıb, 1900-cu ildə başa çatmışdır.

Hacı Zeynalabdin Tağıyev dünyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Tağıyevin təşəbbüsü ilə ilk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış “Müsəlman xeyriyyə cəmiyyəti” idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur.

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.

İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur, qızları: Leyla, Sara və Sürəyya, oğlanları Məhəmməd və İlyas. 

Məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Mərdəkandakı bağında 1924-cü il sentyabrın 1-də 101 yaşında vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər