Şəhidin xatirəsi anılıb

​Rayonun Sarıcalı kəndində Vətən müharibəsi qəhrəmanı,  şəhid Ceyhun Mustafazədənin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri , kənd sakinləri, müəllim və şagirdlər, şəhidin doğmaları, döyüş yoldaşları, ağsaqqallar, media nümayəndələri iştirak ediblər. 

Mərasimə qatılanlar öncə Ceyhun Mustafazadənin Sarıcalı kənd qəbiristanlığındakı məzarını ziyarət edib, onun üzərinə tər çiçək dəstələri düzüblər.  Şəhidin ruhuna dualar oxunub. 

Anım tədbiri Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbində davam etdirilib.  Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Ağcabədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şöhrət Orucov yığıncaqda çıxış edrək, şəhid Ceyhun Mustafazadənin qısa, lakin şərəfli həyat yolundan söz açıb.  Qeyd edilib ki, igid döyüşçü 27 yanvar 1997-ci ildə Sarıcalıda anadan olub. Onun atası Şükür Adilov I Qarabağ müharibəsində fəal iştirak edib. Ceyhun orta məktəbi bitirdikdən sonra Ağcabədi Pedaqoji Kollecində təhsil alıb, texnologiya müəllimliyi ixtisasına yiyələnib. O, 2017-ci ilin iyun ayında Milli Orduda hərbi xidətə çağrılıb, Naxçıvanda “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi qulluq göstərib. 

C. Mustafazadə 2020-ci ilin yanvarında müddətdənartıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətini davam etdirib, Naxçıvanın Günnüt kəndinin azad edilməsində fərqlənib.

Vətən müharibəsi başlananda o, azğın düşmənlə mübarizə meydanına atılıb. Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi torpaqlarımızın işğaldan azad olunmasında igidliklər göstərib. Cəsur kəşfiyyatçı Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətlərində, Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda gedən qanlı döyüşlərdə böyük hünər və cəsarət nümayiş etdirib., erməni faşistlərinə sarsıdıcı zərbələr vurub. O, 10  oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərin birində qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəlib. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Ceyhun Mustafazadə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu gün igid həmyerlimizin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilir. 

Sonra qəhrəmanın atası Şükür Adilov, döyüş yoldaşları, müəllimlər, kənd ağsaqqalları çıxış edərək, onun mənalı həyatı haqqında ürək sözlərini söyləyib, xatirələrini bölüşüblər. 

Anım tədbirinin sonunda Müşfiq Uluxanov adına Sarıcalı kənd tam orta məktəbi şagirdlərinin ifasında Vətənə, Qarabağa, torpağa və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. 

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər