II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bizim birlikdə güclü olmağımız sayəsində mümkün olub. Başqa sözlə desək, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad olunmasında mühüm əhəmiyyət daşıyıb. Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi 18 il ərzində xalqımız bu qələbəyə addım-addım yaxınlaşdı. İllərdir bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də aparılmış düzgün islahatların nəticəsini Vətən müharibəsi zamanı gördük. Bu parlaq qələbənin əldə olunmasında şəhidlərimizin, qazilərimizin, bütün müharibə iştirakçılarının xüsusi payları vardır. Füzulidən Şuşa şəhərinədək şərəfli döyüş yolu keçən igid həmyerlimiz Hümbət Şəmmədov da belə mərd oğullardan biridir. O, 1997-ci il aprelin 30-da zəhmətkeş insan Rafiq kişinin ailəsində dünyaya göz açıb. Hümbət gənc olmasına baxmayaraq, həyatda mərdliklə yaşamağı, çətinliklərin öhdəsindən gəlməyi də atasından öyrənib. M.F.Axundov adına şəhər 3 saylı tam orta məktəbində təhsil aldıqdan sonra onun əsgəri xidməti 2016-2018-ci illərdə Bakı şəhərində Müdafiə Nazirliyinin tərkibində olan Sülhməramlı Qüvvələrinin “N” saylı hərbi hissəsində keçib. Xidmət etdiyi hərbi hissədə keçirilən normativ hazırlaqlarda uğurla iştirakına görə H.Şəmmədov komandanlıq tərəfindən Fəxri fərman və hədiyyə ilə təltif olunub. Hərbi xidmətdən qayıdan Hümbət uşaq vaxtlarından böyük həvəs göstərdiyi qaynaqçılıq peşəsinə yiyələnmək üçün 1 il Zərdab rayon peşə liseyində təhsil almışdır. Hazırda öz peşəsi üzrə çalışır.
H.Şəmmədov Vətən müharibəsi başlandığı gün könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsində qeydiyyatdan keçib. Onun ilk döyüş yolu 2020-ci il oktyabr ayının 1-də top və mərmi alovunun yağdığı Füzulinin Merdinli kəndi istiqamətində başlayıb. Kəşfiyyat bölüyündə şəxsi heyətin tərkibində yer alan cəsur döyüşçü Füzuli şəhərinin və Merdinli, Qaraxanbəyli, Aşağı Alxanlı, Kürdlər kəndlərinin mənfur düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb, bu zaman düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyi bacarıb. Hümbət Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunması uğrundakı hərbi əməliyyatlarda yaxından iştirak edib. 1-8 noyabr tarixlərində o, Şuşa şəhərinin Topxana meşəsində şəxsi heyətlə müdafiə mövqeyində, müharibə bitdikdən sonra isə dekabr ayının 28-dək Şuşa şəhərinin özündə xidmət göstərib.
Vətən torpaqlarının azad olunmasında göstərdiyi şəxsi igidliyi nəzərə alınaraq, H.Şəmmədov dövlət başçısının Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Hümbət ordudan tərxis olunduqdan sonra dinc əməklə fəaliyyətini davam etdirir. Ön cəbhədə mərdliklə döyüşən qəhrəmanımız, arxa cəbhədə də çalışdığı peşədə rayon sakinlərinə layiqincə xidmət edir. Yeri gəlmişkən qeyd edək ki, o, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon bölməsinin fəal üzvü kimi də geniş iş aparır.
Hüseyn QULUZADƏ