Bugünlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə ayrı-ayrı idman növləri ilə məşğul olan dərəcəli idmançıların, məşqçi-müəllimlərin iştirakı ilə “2021-ci ildə əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin, uşaq gənclər idman şahmat məktəbinin, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, cüdo, boks, taekvondo, kikboksinq federasiyalarının nümayəndələri iştirakı etmişlər.
Görüş zamanı Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək bildirib ki, rayonumuzda futbol, voleybol, şahmat, cüdo, boks, taekvondo, kikboksinq, karate-do, kyokuşin-kay karate, muay-tay, tayboks, uşusanda, alpaqut, bodibildinq, juboksinq-citsu, vale tudo, MMA idman növləri fəaliyyət göstərir.
2021-ci ildə rayon idmançıları Avropa və Avrasiya çempionatlarında, respublika və zona yarışlarında, ümumilikdə, 65 ədəd medal və diploma layiq görülüblər ki, bunların da 31 ədədi 1-ci yer, 15 ədədi 2-ci yer, 19 ədədi 3-cü yer üçün nəzərdə tutulub. Medalların 3-ü Avropaçempionatı və birinciliklərində, 1-i Avrasiya çempionatında, 20-si Azərbaycan çempionatında, 41-i isə ölkədaxili müxtəlif turnirlərdə və zona yarışlarında qazanılıb. Rayon idmançılarından taekvondo idman növü üzrə Estoniyanın Tallin şəhərində keçirilən Avropa birinciliyində Çingiz Həsənov I, Vasif Səlimov II,Bolqarıstanın Sofiya şəhərində keçirilmiş Avropa çempionatında isə Minayə Əkbərova III yerə layiq görülmüşlər. Alpaqut idman növü üzrə Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş Avrasiya çempionatında Elsəvər Puri bütün rəqiblərinə qalib gələrək çempion adını qazanmışdır.
Eldəniz Qənbərov çıxışında qeyd edib ki, əldə olunmuş nəticələrlə yanaşı yol verilmiş nöqsanlarımız da az deyildir. İnanırıq ki, bu nöqsanların aradan qaldırılması üçün məşqçi–müəllimlər, xüsusən də rayon təhsil şöbəsinin həmin sahə üzrə nümayəndəsi tərəfindən ciddi tədbirlər həyata keçiriləcək.
Daha sonra rayon təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxış edərək futbol və voleybol idman növləri üzrə yol verilmiş nöqsanlardan danışıb və bu nöqsanların aradan qaldırılması məqsədi ilə rayonda fəaliyyət göstərən futbol və voleybol müəllimlərinin iştirakı ilə ayrıca olaraq toplantı keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən məşqçi-müəllimlər görülmüş işlər, yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı fikirlərini bölüşüblər.