Narkomaniyaya qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur

Hazırki dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri də narkomanlıqdır. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarının həyata keçirdikləri geniş tədbirlərə baxmayaraq, bu ümumbəşəri bəlanın qarşısını almaq mümkün olmayıb. Təəssüf ki, narkomaniyanın coğrafiyası getdikcə genişlənir. Bu səbəbdən də dünya dövlətləri daha ciddi tədbirlərə əl atır.

Bu gün narkomaniyaya qarşı barışmaz mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Son illər bu istiqamətdə dövlətimiz tərəfindən görülmüş əhəmiyyətli tədbirlər sayəsində mühüm nəticələr əldə olunub. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikamızda narkomaniya bəlasına qarşı ciddi mübarizə aparılıb. Ulu öndərin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı tarixli fərman bu bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Həmin fərmana əsasən narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Bunun ardınca bu sahədə dövlət orqanlarının və ictimai birliklərin əlaqələndirilməsi məqsədi ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası önəmli əhəmiyyət kəsb etdi.

Ümummilli liderin xalqımızın xoşbəxt gələcəyinə hesablanmış siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yorulmaz fəaliyyətinin, möhkəm iradəsinin xalqın mübarizliyi ilə sıx birləşməsi nəticəsində respublikamızda narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlarla qəbul edilmiş Dövlət Proqramları bu sahədə xüsusi rol oynayıb. Respublikanın hüquq-mühafizə orqanlarının, əlaqədar dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyəti ilə narkomaniyanın qarşısının alınması sahəsində ölkədə yüksək nəticələrə imza atılıb. 

Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da “ağ ölüm” adlandırılan narkotik maddələrdən istifadə edilməsinin, narkomaniyanın yayılmasının qarşısının qətiyyətlə alınması üçün konkret tədbirlər həyata keçirilir. Daha dəqiq desək rayonda narkomaniyaya qarşı mübarizə daim diqqət mərkəzindədir. Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Nakomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının, rayon hüquq-mühafizə orqanlarının, təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin və rayon mərkəzi xəstəxanasının əlaqələndirilmiş fəaliyyəti sayəsində bölgə əhalisi arasında narkomaniyaya və narkotik maddələrdən istifadə edilməsinə qarşı mübarizə xeyli gücləndirilib. Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı” barədə imzaladığı Sərəncamla əlaqədar olaraq rayonda səmərəli tədbirlər həyata keçirilir.

İlk öncə, sözügedən qurumların təşkilatçılığı ilə əhali arasında geniş maarifləndirici tədbirlər aparılır. Bölgədə fəaliyyət göstərən əmək kollektivlərində, ali, orta ixtisas və ümumtəhsil məktəblərində gənclər və yeniyetmələr arasında narkotik maddələrdən istifadə hallarının qarşısının alınması, narkomanlığın yayılmasının profilaktikası məqsədi ilə seminarlar, söhbətlər, diskussiyalar təşkil olunur, müxtəlif qabaqlayıcı tədbirlər görülür. Yeniyetmə və gənclərin I və II Qarabağ müharibələrinin veteranları ilə görüşlərinin keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edib. 

Bu sahədə rayon gənclər və idman idarəsinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin rayon, respublika, Avropa çempionatları və dünya birincilikləri üzrə müxtəlif idman yarışlarına cəlb olunması xüsusilə önəmli rol oynayır. Bölgədə yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün bütün imkanlardan istifadə olunur.

Məktəblilərin bilik yarışmalarında, rəsm, inşa müsabiqələrində, fənn olimpiadalarında iştirakının müntəzəm təmin olunması narkomaniyaya qarşı mübarizədə xüsusi önəm daşıyır. Rayonda narkomaniyaya qarşı mübarizədə ictimaiyyətin, valideynlərin rolundan hərtərəfli istifadə olunur. 26 iyun Narkomaniyaya Qarşı Mübarizə Günü münasibəti ilə keçirilən ümumrayon tədbirlərində bu amilə xüsusi əhəmiyyət verilib.

Bütün bunlara baxmayaraq, rayon sakinləri arasında narkotik maddələrdən istifadə edilməsi hallarının aşkar edilməsi çox böyük narahatlıq doğurur. Odur ki, rayon hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrdən istifadə, psixotrop vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi şəkildə mübarizə aparılır. Ağcabədi Rayon Polis Şöbəsi bu istiqamətdə müntəzəm irimiqyaslı tədbirlər həyata  keçirir. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon üzrə narkomaniya ilə əlaqədar 80 cinayət faktı aşkar olunub. Həmin dövrdə 28 kq 323,61 q qurudulmuş marixuana, 1 kq 927, 476 q heroin və 37,13 q psixotrop maddə olan metafetamin aşkar edilərək, dövriyyədən çıxarılıb. Göstərilən il ərzində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə 12, 208-ci maddəsi üzrə isə 7 inzibati xəta müəyyən edilərək, baxılması üçün İTB-yə göndərilib.

Heç şübhəsiz, bundan sonra da rayonda narkomaniyanın yayılmasının, narkotik vasitələrdən istifadə olunmasının qarşısının alınması üçün mübarizə tədbirləri daha da gücləndiriləcək, daha barışmaz təşkil olunacaq. Bu sahədə hər birimizin üzərinə mühüm vəzifələr düşür. Çünki narkomaniyaya qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur.

Muxtar Bağırov,

Ağcabədi Rayon İcra Hakimiyyəti 

yanında narkomanlığa və 

narkotik vasitələrin qanunsuz 

dövriyyəsinə qarşı mübarizə 

üzrə komissiyanın katibi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər