“Yuxundakı dünya”nın poetik əlvanlığı – Yahya Abbasov yazır

Hər hansı şair ədəbiyyata gələndə özü ilə təzə nəfəs, hələ edilməmiş ifadə formaları və çalarları gətirməsə, sənətdə ayaq tutub yeriyə bilməz. Sənətkar təzə söz və təzə duyğularla özünü ifadə edəndə öz üslubunu yaratmış olur. Yaradıcılığının sonuna kimi şair öz üslubuna sadiq qalır. Onore de Balzak da “Üslub güzgüyə bənzəyir, nə qədər çox silsən, o qədər çox parıldayar” – deyəndə yaradıcılıq üçün üslubu əsas şərt kimi göstərir.

Bu yaxınlarda gənc şair Gündüz Sevindiyin üçüncü kitabı – “Yuxundakı dünya” əlimə keçdi. Kitabdakı şeirləri oxuduqca şairin üslub özünəməxsusluğunun, aydınlığının və möhkəmliyinin şahidi oldum. Öz üslubun varsa, demək sən şair kimi varsan.

Gündüz Sevindik lirik şairdir!

Ədəbiyyatımızda “kökü ulu qaynaqlara bağlı” (Qoca Xalid) olan lirikanın çoxəslik ənənəsi var. Dayanmadan çağlayan bir ümmanın – zəngin lirik dünyanın içindən çıxıb öz üslubunu yaratmaq günümüzdə təqdir olunası hadisədir.

Gündüz Sevindiyin üslubunu şərtləndirən amillərdən biri şeirlərindəki yığcamlıqdır. Onun şeirlərində hissi, duyğunun az sözlə çatdırmaq minimum səviyyədədir.

Orası doğrudur ki, tədqiqatçılar lakonikliyi yaradıcılıq üçün üslubi məqam, üslub şərti kimi göstərmirlər. Ancaq nəzərə alsaq ki, yığcamlıqda obrazlılıq daha güclü olur. Ədəbiyyatın ən başlıca meyarının lakonik lirikada ehtiva olunması onun üslub şərti kimi dəyərləndirilməsinə zəmanət verir. Çünki  “lirika ani və qüvvətli həyəcanların məhsuludur” (“ədəbiyyat nəzəriyyəsi” dərsliyi). Deməli, əsl şeirin mayasını qüvvətli həyəcanlar təşkil edir. Qəlbi titrədən əlahəzrət həyəcan isə uzun-uzadı ola bilməz.

Lirik şeirdə söz sahibinin poetik duyumdan artıq dediyi nə varsa, bu iki ölçü artıq geyilən paltara və ya əldə altıncı barmağa bənzəyir.
Ümumiyyətlə, yığcamlıq şeir sənətinin mahiyyət və təzahür aspektidir və yüzilliklərin bədii təcrübəsində təsdiq olunub.

Gündüz Sevindiyin Somalidən olan ac uşağa ünvanladığı şeirdə sevgi də var, dərd var, can yanğısı da, sözə məhəbbət də:

Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.

Şeirdəki misralar və misralardakı sözlər bir-birinə pərçimlənib. Şeirdəki  daxili  intonasiya və ritm  məzmuna   köklənib. Sanki  lirik qəhrəman Somalili  ac uşağı qucağında  yatdırmağa  tələsir. İntonasiya  yüyürəkdir, itidir. “Dön quşa”, “beləcə” sözlərinin özündə xəfif bir yel  yüngüllüyü var.

Aşağıdakı məzmunun bədii həllinə nəzər salaq:

Yalanlar bal dadıb keçdi,
Keçənlər aldadıb keçdi…
Üstümdən adladı keçdi,
Böyründən keçmədiklərim.

Yol bilib keçdilər məni,
Ölçdülər, biçdilər məni,
Fərq qoyub seçdilər məni,
Fərq qoyub seçmədiklərim.

Bu gözünüz, bu qaşınız,
Bu başınız, bu daşınız…
Nəyim var, halal xoşunuz,
Ay suyun içmədiklərim.

Bu şeirin həcmi mövzunun boyuna biçilib. Yəni forma ilə məzmun vəhdəti yetərincə həll olunub.

Gündüz Sevindiyin kitabını dərdlə hörülmüş çələng adlandırmaq olar. Bu dərdi bənd-bənd, misra-misra, hətta söz-söz incələdikcə düşünürsən ki, insanın mənəvi iztirabları, ictimai dərdi sonsuzdur, ölçüsüzdür.

Çəkməliyəm axıradək,
Ömrümə hördüyüm dərdi…
…Dərd doğulur sətir-sətir,
Yağır sözümdən süzülür…

***

Bulanıq ömrümdən göz yaşı kimi,
Min dəfə süzüldüm, duruldum axı.
Qara kəsək kimi, çay daşı kimi,
Dərdin divarına hörüldüm axı….

İctimai dərddən, xəyalda canlanan dərddənsə, görünəni ifadə etmək və oxucunu bu dərdə şərik qoşmaq daha çətindir. Bu dərdi yaşamalısan ki, sözün bədii gücü möcüzə yarada bilsin.

Məşhur bir rəssamdan soruşurlar: atın şəklini çəkmək asandır, yoxsa şeytanın? Rəssam deyir, əlbəttə şeytanın. Çünki atı hamı tanıyır. Çəkib göstərsən, hərə bir qulp qoyacaq. Şeytanı isə  görən olmayıb. Nə cür çəksən, inanacaqlar.

Gündüzün mücərrədçilikdən tam uzaq olan dərd obrazı yaşadığımız günün dərdidir:

Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala,
Hardasa görmüşəm mən bu uşağı –
…Xocalı…
Mən səni tanıdım, bala!!!

Gündüz Sevindik müraciət etdiyi janrların bolluğu ilə öyünə bilər. Qoşma, gəraylı, çarpaz dördlük, sərbəst şeir, qəzəl, təxmis, bəhri-təvil, mənsur şeir, aforizm kimi janrlar Gündüzün poetik təfəkkürünün özünü ifadə formalarıdır.

Şeirin, ümumiyyətlə, bədii ədəbiyyatın nisbətən az oxunduğu günümüzdə onlarla (bəlkə yüzlərlə) şeir kitabını oxuyub arasından əsl bədii nümunələri seçəsi oxucu yox səviyyəsindədir. Əlbəttə, söhbət mütəxəssisdən deyil, kütləvi oxucu auditoriyasından gedir.

Bəsit və yarımçıq duyğulardan doğulan bədii nümunə oxucunu, təbii ki, yarıtmır. Şerin yazılışı birbaşa ruhla bağlı olduğu üçün oxunuşu da ruhla bağlıdır. Ruhu təmin olunmayan kəs elə həmin andaca şeirdən “küsür”.

Xüsusən, bu xalqın ruhunu min illər boyu həm məzmun, həm də formaca zərgər dəqiqliyi ilə yazılan şeirə kökləyiblər.

Şeirin ən başlıca vəzifəsi insanların zövqünü oxşamaqdır. Zövqləri oxşayıb ürəklərdə qərar tutan şeir yüksək obrazlılığa söykənir. Obrazlılıq məcazlar sisteminin  (daha çox təşbeh və metaforların)  şeirin mətninə və ahənginə maksimum uyğun tapılmasıdır.

Gündüz Sevindiyin “Leylalar” şeirindən alınmış kiçik bir parçada yerləşən sözlərin məna cəhətdən bağlanması çox təbii görünür:

Biz doğulanda dünyadan 
Çiçək qoxusu gəlirdi.
Biz doğulanda müharibələrin,
Sərhədlərin, raketlərin
Yuxusu gəlirdi, yuxusu…
Hakim idi dünyanın hər şeyinə
Leyla çalan çiçək qoxusu.
Həkim idi qırğınların,
Müharibələrin əbədiyyət yuxusu…

Gündüzün şeirlərində işlənən “Ömür od üstə bişməkdə”, “Sevgi yükdü, bəxtin qapan”, “Gəl indi zövq alaq dərd-sərimizdən”, “Özümü əlimdən salıb itirdim”, “Saçım-saqqalım da sözünü dedi”, “Əridim bir şirin baxışın altda”, “Ruha möhürlənmiş nəfəs”, “Vətənin şeirini Mübariz yazdı” və başqa çoxlu sayda məcazlar məzmun-məqsəd-ahəng müvazinətini tamamlayan bədii kəşflərdir.

1960-cı illərdə qismən, 70-ci, 80-cı illərdə daha sürəkli şəkildə şeirə gələn və oturuşan novellaçılıq bu gün də bədiiliyin, emosionallığın yüksək faizlə təminatını təşkil edən amillərdəndir. Şeirin mətləbi finalda açılır, oxucunun gözləmədiyi şəkildə tamamlanır. Bu mənada cavan şairimizin şeirlərini “lirik novellalar” adlandırmaq olar. Gündüz Sevindiyin şeirlərində novellalıq günün və poeziyanın tələbi kimi öz missiyasını yerinə yetirir.
“Gözlərim yada düşmədi”, “Söz…söz”, “Qoru məni”, “Ağlama”, “Məni səbrimdə az sına” və başqa şeirlərində gözlənilməz sonluqlar sanki möhürlənmiş naxışlardır.

Belə şeirlər orijinal görünür və şairin üslubunu müyyənləşdirməkdə bir növ açar rolunu oynayır. Şeir boyu lirik ovqat öz adi və sadə axarında gedir və birdən finaldakı heyrət şairin cəsarəti effektini verir. Gündüzün “At ili” şeirində olduğu kimi. Şeirin finalında şairin poetik tapıntısı maraq doğurur:

Zülmdə, ağrıda tapırsan məni,
Adın kəm bəxtimə səddi, qənimdi.
35 ildir ki, “çapırsan” məni,
Yetər, ay “At ili”, növbə mənimdi.

Gündüz Sevindiyin qəzəlləri, təxmisləri və şeirlərində küçə obrazı başqa bir yazının mövzusu olduğu üçün kitabda əhəmiyyətsiz kimi görünən bir-iki iradımı deməklə kifayətlənirəm.

Orası doğrudur ki, şairə şeir yazmağı  yalnız şair öyrədə bilər. Başqasının buna səlahiyyəti çatmır. Mən də bu fikirdən tamamilə uzağam. Amma atalar deyib ki, eyibsiz gözəl olmaz.

Şairin qəzəllərinin birində “Qoy qalsın” rədifi ağır səslənir. Düzdür, rədifdə “q” səsinin yaratdığı alliterasiya görünür. Özü də, istər xalq danışıq dilində, istərsə də bədii mətndə “q” samitinin alliterasiyası digər samitlərin səs harmoniyasından güclü olur. Amma bu qəzəldə “qoy qalsın” rədifi tələffüz çətinliyi yaradır:

Gətir, “yox” söyləmə, saqi, 
demə peymanə qoy qalsın,
Ki, canım bir ömürlük 
məst ola məstanə, qoy qalsın.

Kitabdakı “Hələ çox kiçikdi dünya” şeirində birinci bəndin son iki misrası belədir:

Bir ev həsrətimi çəkməz, 
Axtarmaz, itirməz məni.

Nəsnələr itirilir, sonra axtarılır. Xalqın dilində də “heç məni itirib-axtarmırsan” şəklindədir.

Mənim şairlə şəxsi tanışlığım yoxdur (olsa, yaxşı idi). Və bu yazıda xırda-xuruş qüsurları göstərməyə də bilərdim. Ancaq şair şeirində görünər. Şeirlərinin içindən onun insanı anlayan mərd çöhrəsinin boylandığını gördüm…

Gündüz bədii sözün əsgəridir! Əsl poeziyanın ağır yükünü çiynində daşımağa hazır dayanmış müsəlləh əsgər. Öz şəxsiyyəti və poeziyası ilə milli zəminə, kökə bağlı olan cavan şairimizə sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayıram!

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Bu il mayın 1-dən Azərbaycanda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq. "Report" xəbər verir ki, bunu Xüsusi Rabitə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər