“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq Ağcabədi bələdiyyəsində 2021-ci ildə görülən işlər barədə hesabat yığıncağı keçirilib.
Qeyd olunub ki, Ağcabədi bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı Fərman və Sərəncamlardan, Milli Məclisin yerli özünüidarə təşkilatları ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Bərdə Regional Ədliyyə idarəsinin təklif və tövsiyələrindən, bələdiyyə haqqında Nizamnamədən irəli gələn vəzifələri yerinə yetirmək üçün bütün imkanları səfərbərliyə alıb.
İl ərzində yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qəbul olunur.
Ağcabədi bələdiyyəsində ötən 2021-ci il ərzində 22 iclas keçirilmiş, 230 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Bərdə Regional Ədliyyə idarəsinə göndərilmişdir. Bundan başqa iclaslarda sakinləri narahat edən bir sıra məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri,arayışları dinlənilib, iclaslarda qəbul edilən qərarların icrası təmin edilib.
2021-ci il ərzində Ağcabədi bələdiyyəsinə 294 müraciət daxil olmuşdur. Müraciətlərin 164-ü vətəndaşlardan rəsmi qaydada birbaşa edilib. Bundan əlavə il ərzində 130 nəfər sakin bələdiyyə sədri tərəfindən sosial məsafə qorunmaqla qəbul edilmiş, irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.
Qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, daxil olan məktub və ərizələrin hər birinə vaxtında baxılmış, nəticəsi barədə məlumat verilmişdir. Müraciətlərin əksəriyyəti mülkiyyətə və ya icarəyə torpaq sahəsinin ayrılması, küçələrdə təhlükə yaradan qurumuş və ya əyilmiş ağacların kəsilməsi və ya budanması, maddi yardımla bağlı olmuşdur. Fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ilə bağlı müraciət edənlər qeydiyyata götürülmüş, mümkün olduqca bir qisim sakinlər torpaqla təmin olunmuş, digər tələblər isə əsasən yerinə yetirilmişdir.
Qeyd edək ki, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun tövsiyəsi ilə Ağcabədi bələdiyyəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaqlarından cıxarış verməsi üçün müraciət edib torpaq sahəsinin ayrılmasını xahiş etmişdir ki, ehtiyacı olan şəhid ailələrinə, I və II Qarabağ müharibəsi əlil və qazilərinə, iştirakçılarına növbədənkənar həyətyanı torpaq sahəsi verilsin. 2021-ci ildə 5 nəfər xüsusi imtiyazlı şəxsə (Qarabağ müharibəsi əlillərinə) güzəştli qaydada fərdi evin tikintisi üçün yaşayış məntəqələri torpaqları fonduna aid olan ərazilərdən həyətyanı sahə ayrılmışdır. Fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi müvafiq sənədlər təqdim edildikdən sonra xüsusi imtiyazlı şəxslər (şəhid ailələri, döyüşlərdə yaralanaraq əlillik dərəcəsi almış müharibə iştirakçıları və 15 təqvim ili staja malik istefada olan hərbi veteranlar) istisna olmaqla, digər şəxslərə növbəlilik gözlənilməklə bilavasitə alqı-satqı qaydasında verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.
2021-ci il ərzində Ağcabədi bələdiyyəsinə 166 ədəd sənəd daxil olmuş, daxil olan sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aidiyyatı üzrə vaxtında cavab verilməsi təmin edilmişdir.
Bələdiyyələr öz büdcəsini əsas etibarı ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır. Maliyyə imkanları əsasında 2021-ci il ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsi təmin olunmuşdur:
– Bələdiyyə ərazisində COVİD-19 pandemiyasına qarşı tədbirlər görülmüş,tənha, kimsəsiz sakinlərə, aztəminatlı ailələrə ərzaq yardımı edilmiş, vaksinasiyanın əhatə dairəsini daha da genişləndirmək üçün əhali arasında tərəfimizdən maarifləndirmə işləri aparılmış və bu iş davam edir.
– Ərazidə olan şəhid ailələri, Qarabağ qaziləri daim diqqətdə saxlanılır, onlara bələdiyyə tərəfindən mütəmadi yardımlar edilir.
– Bir çox ara küçələrə doğranmış cınqıl daşınaraq tökülmüş, təmir işləri aparılmışdır.
– Bələdiyyə ərazisində görülmüş işlərə görə yük maşını sürücüsünə və qreyder sürücüsünə xidmət haqqı ödənilmişdir
– Şəhərin mərkəzi yol kənarında olan qurumuş ağacların kəsilməsi, işıqfora və yol zolağına maneçilik törədən ağacların budaqlarının budanması işləri görülmüşdür.(Həmin işlər Ekologiya idarəsindən alınmış razılıq aktı əsasında həyata keçirilmişdir)
– Ramazan bayramı qabağı tənha sakinlərə və aztəminatlı ailələrə maddi yardım paylanmışdır.
– Şəhidlərin ildönümü yas mərasiminin keçirilməsinə yardım edilmişdir.
Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur. Ağcabədi bələdiyyəsinin 2021-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 200000 manat, xərclər isə 200000 manat nəzərdə tutulmuşdur. Büdcə kəsirini tamamlamaq üçün Dövlət büdcəsindən 10000 manat dotasiya ayrılmışdır.
Bələdiyyənin 2021-ci il ərzində yerli büdcəsi 200000 manata qarşı 101738 manat yerinə yetirilmişdir, yəni gəlir hissəsi 51,7 % yerinə yetirilmişdir, büdcənin xərcləri isə 100690 manat 40 qəpik olmuşdur.
Büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur:
1.I .2021-ci il tarixə 120,11 manat xərclənməmiş vəsaitimiz qalmışdır.
– Torpaq satışından – 11350 manat
– Torpaq vergisi _ 27512 manat
– Əmlak vergisi _ 227 manat
– Torpaq icarə haqqı _ 50228 manat
– Mehmanxana rüsumu _ 483 manat
– Digər _ 1938 manat
– Dotasiya _ 10000 manat
Cəmi gəlir _ 101738manat olmuşdur.
Ağcabədi bələdiyyəsinin 2021-ci il ərzində xərcləri aşağıdakı kimidir.
– Poçt xidməti(Azərpoçt MMC-yə müqaviləyə əsasən) _ 2690,99 manat
– DSMF ödəmələr _ 20925,20 manat
– Bank xidməti _ 389,79 manat
– Yer quruluşu kadastr xərci _ 1989,82 manat
– Bələdiyyə işçilərinə əmək haqqı _ 5540,41 manat
– Portala 3% _ 2680,58 manat
– Təmir-tikintiyə _ 1233 manat
– İcbari tibbi sığorta _ 1165,80 manat
– Həyətyanı pulu geri qaytarılmışdır _ 800 manat
– Poçt rabitə, internet _ 559,84 manat
– Kirayə haqqı _ 3700 manat
– Abunə qəzet _ 1200 manat
– Dəftərxana ləvazimatı alınmasına _ 500 manat
– Mətbəə xərci _ 1007 manat
– 8 Mart Qadınlar Günü _ 175 manat
– Komunal xidmətlər ( işıq, qaz ) _ 500,05 manat
– Assosiasiya _ 1200 manat
– Hərrac 4 % _ 69,6 manat
– Bələdiyyə üzvlərinə bir aylıq müavinət _ 1050 manat
– Çınqıl tökülməsi _ 1428 manat
– Ezamiyyə haqqı _ 85 manat
– Xəstəlik vərəqəsi _ 460,32 manat
– Kadastr üçün _ 340 manat
Cəmi xərclər: 100690,4 manat
Bütün bunlarla yanaşı, bələdiyyə də həllini tapmayan problemlər mövcuddur.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan, pay torpağından, əmlak, torpaq vergilərindən, torpaq icarə haqlarından borcları vardır. Bu gün vergi və icarə borclarının toplanması ən vacib məsələlərdən biridir. Ağcabədi bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri seçicilərlə birlikdə layiqincə yerinə yetirməyə çalışacaqdır. Ağcabədi bələdiyyəsi öz fəaliyətində yerli əhəmiyyətli problemləri həll edərkən möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrini həmişə öz işində rəhbər tutur. Əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində quracaqdır.
Solmaz RƏHİMOVA
Ağcabədi bələdiyyəsinin sədri