Çörəyə biganə yanaşmaq olmaz!

         Ta qədimdən xalqımız çörəyə müqəddəs nemət kimi dərin hörmət və ehtiram bəsləyib. Hətta çörəyin adı inam və and yerinə çevrilib. Çünki biz azərbaycanlıların ən çox istifadə etdiyi əziz nemət məhz çörək hesab olunur. Məlumdur ki, başqa millətlərlə müqayisədə bizlər çörəklə daha çox qidalanırıq. Odur ki, evimizdə həmişə bu müqəddəs nemətin bolluğunu istəyirik. Çörəyin bolluğu Vətənin də güclü, qüdrətli olmasına dəlalət edir. Xalq şairi Səməd Vurğun demişkən, “Çörək bol olarsa, basılmaz Vətən.”

Ölkəmizdə əhalinin çörəyə olan bu yüksək tələbatı nəzərə alınaraq taxılçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Respublikanın taxıl əkini sahələrindən hər il kifayət qədər məhsul istehsal olunur. Lakin tədarük edilən taxıl ehtiyatları çörəyə olan zəruri ehtiyacı tam ödəyə bilmir. Odur ki, ölkəmizə digər dövlətlərdən əlavə olaraq buğda idxal olunur. Azərbaycana taxıl məhsullarını ixrac edən ölkələr sırasında Rusiya ön cərgədə durur. Dünyada yaranmış böhranla əlaqədar Rusiyanın yüksək ixrac rüsumlarını tətbiq etməsi səbəbindən respublikamızda ərzaqlıq buğdanın, unun və çörəyin qiymətinin bahalaşması qaçılmaz olub.

Bununla əlaqədar dövlət tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib, yaranmış vəziyyətin yüngülləşdirilməsi üçün lazımi ölçülər götürülüb. Ölkə üzrə növlərə görə çörəyin satış qiymətləri müəyyənləşdirilib.

Respublikanın hər yerində olduğu kimi, rayonumuzda fəaliyyət göstərən çörək emalı zavod və sexləri də yanvarın əvvəlindən satış qiymətlərini artırıblar. Lakin təəccüblüsü burasındadır ki, çörəyin qiymətinin artırılmasına baxmayaraq, rayonun çörəkbişirmə müəssisəsi və sexlərində onun çəkisinin azaldılması müşahidə olunur. Necə deyərlər, qiymət artdıqca çörəyin çəkisi də azalmağa başlayıb. Bu azmış kimi, istehsal edilən çörəyin keyfiyyəti də nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Çörəyin linc, yanıq olması, nazik yayılaraq bişirilməsi, nəmliyinə fikir verilməməsi də narahatlıq doğuran cəhətlərdəndir.

Çörəyin bişirildikdən sonra saxlanılmasında, satışında, ticarət obyektlərinə daşınmasında da ciddi nöqsanlara yol verilir. Bu zaman sanitariya qaydalarına düzgün əməl edilmir. Çörəkbişirmə sexlərində koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının pozulması hallarına tez-tez rast gəlinir.

Bütün bunlar haqlı olaraq alıcılar tərəfindən narazılıqla qarşılanır. Həqiqətən, qiymətin artırılması çörəyin keyfiyyətli olmasını gündəmə gətirir. Gündəlik istehlak məhsulu olduğu üçün onun keyfiyyətinə daim nəzarət edilməsi önəmli əhəmiyyət daşıyır. Çörəyin standartlara uyğun olaraq keyfiyyətlə bişirilməsi hər bir istehsalçının ən mühüm vəzifəsidir. Bu, ilk öncə hər kəsdən əsil vətəndaşlıq mövqeyi və məsuliyyət tələb edir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər