Dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi, son illər aqrar sahənin də inkişaf etdirilməsi istiqamətində müəyyən tədbirlər görülür, layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli, fərmanına əsasən ölkədə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci ilin noyabrından isə Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə start verilib. Bütün bunlar aqrar sahənin inkişafında mühüm rola malikdir.
Dövlət dəstəkli aqrar sığortanın tətbiqindən sonra bugunlərdə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilməsi, bununla bağlı rayonumuzda tədbir keçirilməsi bu istiqamətdə önəmli addımdır. Görülən tədbirlər nəticəsində müxtəlif rayonlardakı pambıq əkini sahələri Aqrar Sığorta Fondu tərəfindən sığorta olunmuş “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax rayonu Aran qəsəbəsində yerləşən, ümumi sahəsi 15 hektar olan pambıq sahəsinə və Ağcabədi rayonunun Şənlik kəndinda yerləşən ümumi sahəsi 41 hektar olan pambıq sahəsinə dəyən zərərə görə ödəniş edilmişdir. Bəs ümumiyyətlə fermerlərimiz bu haqda nə düşünürlər? Aqrar sığorta ilə bağlı ünvanladığımız suallardan aydın olur ki, onların bəziləri şərtlərdən, tələblərdən ya xəbərsizdirlər ya da ondan-bundan eşitdiklərinə daha çox inanırlar.
Ümumiyyətlə, istənilən sığorta ilə bağlı mövzularda insanlar bəzən mahiyyəti anlamadan ondan imtina edir, əhəmiyyətsiz hesab edirlər. Məlum olduğu kimi “Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.”
Bunu aqrar sahənin timsalında daha aydın görmək olar. Məsələn, fermerlərin çox böyük əziyyətlə yetirşdirdiyi məhsul bəzən təbii fəlakət nəticəsində bütünlüklə, yaxud da qismən ziyan görür. Hansısa xəstəlik nəticəsində istər heyvandarlıq, istər bitkiçilik və digər sahələrdə çəkilən zəhmət boşa gedir. Və fermerlər həmin məhsulun zay olmasına görə heç bir vəsait əldə edə bilmirlər. Çünki aqrar sığorta olmadığı halda çəkilən xərclər ödənilmir. Aqrar sığorta tətbiq edildikdə isə hər hansı bir təbii hadisə baş verərkən və nəzərdə tutulan digər hallarda fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların məhsulları zay olarsa, artıq onlara dəyən zərərə görə sığorta ödənişi edilir. Odur ki, bu insanlar sığortanın onlara dəyən zərərin ödənilməsi olduğunu bilməlidirlər.
Bildiyimiz kimi, artıq Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə, “Aqrar sığorta predmetinin Tərkibi”ndə və 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib. Bu qərarlara əsasən Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.
“Aqrar sığorta predmetinin Tərkibi”ndə edilmiş dəyişiklikliyə əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı 14-dən 41-ə qaldırılıb. Yəni əvvəl bura buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq daxil idisə, indi həmin siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.
Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki, indiyədək yalnız südlük inək və camışlar sığortalanırdı. Bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur.
Nazirlər Kabinetinin müvafiq qərarları ilə aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı da genişləndirilib.
Beləliklə, bitkilərin sığortalandığı risklərə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel, subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları üçüncü şəxsin hərəkətləri;
Heyvanların sığortalandığı çoxsaylı risklərə isə yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsiri ilə zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, heyvanın nəqliyyat vasitəsi–avtomobil və ya qatarla vurulması nəticəsində heyvanların ölümü, oğurluq, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Burada təbii fəlakət dedikdə, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları nəticəsində heyvanın ölümü nəzərdə tutulur.