Respublikamızın hüdudlarından kənarda yaşayan, öz mənalı həyatları və geniş fəaliyyətləri ilə sayılıb seçilən həmyerlilərimiz çoxdur. Yaşadıqları ölkələrdə böyük hörmət və nüfuz qazanan bu şəxslər rayonumuzun adını daim uca tutur, layiqincə doğruldurlar. Həmin nüfuzlu həmyerlilərimizdən biri də Ukraynanın Poltava şəhərinin sakini, iqtisad elmləri doktoru, professor Xanlar Mahmudovdur.
20 yanvar 1958-ci ildə Ağcabədidə anadan olan Xanlar Zeynal oğlu Mahmudov 1964-cü ildə Ağcabədi şəhər 7 saylı orta məktəbinin birinci sinfinə daxil olub. 1974-cü ildə şəhərimizdəki 1 saylı orta məktəbi bitirib. O, orta məktəbi bitirdikdən sonra 5 saylı Ağcabədi rayon Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə işləyib, 1976-cı ilin mayında sovet ordusunun tərkibində Murmansk vilayətində hərbi xidmətdə olub. 1978-ci ildə orduda xidmətini başa vurduqdan sonra Ukraynanın vilayət mərkəzi olan Poltava şəhərində məskunlaşan Xanlar 1979-cu ildə Poltava Universitetinin marksizm-leninizm fakültəsinin gecə şöbəsinə qəbul olub. Elə həmin il Poltava Kooperativ İnstitutuna daxil olan istedadlı gənc 1982-ci ildə sözügedən universiteti, 1984-cü ildə isə Kooperativ İnstitutunu uğurla başa vurub. 1995-ci ildə Yaroslav Mudrı adına Xarkov Milli Hüquq Akademiyasının qiyabi şöbəsinə daxil olan Xanlar Mahmudov 2000-ci ildə bu tədris ocağının hüquq müdafiəçisi fakültəsini məhkəmə prokuroru ixtisası üzrə bitirib.O,həmin il dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 2006-cı ildə dosent fəxri elmi adına layiq görülüb. X.Mahmudov 2010-cu ildə Milli Elmlər Mərkəzində iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. 2011-ci ildə professor adına layiq görülüb, 2017-ci ildə Ukrayna Elmlər Akademiyasının üzvü seçilib.
Həmyerlimiz boks üzrə SSRİ idman ustası və ehtiyatda olan mayordur. Bir çox elmi işin, monoqrafiyanın və müxtəlif mətbuat orqanlarında çap olunan 200-dən çox məqalənin müəllifi Xanlar Mahmudov hazırda Poltava şəhərinin, həm də vilayətinin ictimai-siyasi həyatında yaxından iştirak edir. Ukrayna və Poltova vilayət İqtisadçılar Cəmiyyətinin Rəyasət Heyətinin üzvüdür. Bir çox ictimai vəzifələri icra edən Xanlar Mahmudov eyni zamanda Ukraynanın Poltava vilayətində fəaliyyət göstərən Azərbaycan Konqresinin sədri vəzifəsini daşıyır. Burada yaşayan həmyerlilərimizlə yaxından hərtərəfli əlaqədə olan Xanlar müəllim onların Vətənimizlə əlaqə saxlamasında mühüm rol oynayır. Ukraynada böyük nüfuz və hörmət sahibi olan həmyerlimiz Xanlar Mahmudova gələcək həyatında yeni-yeni uğurlar azulayırıq.
Adil MİSİRLİ