Bu günlərdə Ağ göl Milli Parkında Ümumdünya Su-bataqlıq Əraziləri Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ağ göl Milli Parkının kollektiv üzvləri, ictimaiyyət nümayəndələri qatılıblar.
Yığıncağın işində ekoloji İnformasiya İctimai Birliyinin nümayəndəsi Musa Muradlı iştirak edib.
Tədbiri giriş sözü ilə açan 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev iştirakçıları bayram günü münasibəti ilə təbrik edib. Natiq qeyd edib ki, respublikamızda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur. Sahəsi 1000 hektardan çox olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır. Onlar Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s. əhatə edir. Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş növləri toplanır.
Qeyd olunduğu kimi “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 2 fevral tarixində İranın Ramsar şəhərində imzalanmışdır. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilmişdir.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri də mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı” na daxil edilmişdir və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 min 924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilmişdir. Hazırda Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulub.
Su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunması mühüm əhəmiyyət kəsb edir. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə həmçinin ziyarətçilər üçün “quşların müşahidəsi (birdwatching) təşkil edilib.