Prokurorluq və polis orqanları əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində tədbirləri davam etdirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində əvvəlki illərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərinin üstü açılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci il fevralın 23-də Ağcabədi şəhərindəki evinin həyətində ölmüş vəziyyətdə aşkarlanması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İstintaqla Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Cəfərov Seymur Elxan oğlunun 2020-ci il fevralın 22-də saat 01 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qaynanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən olunub.
Seymur Cəfərov 2022-ci il fevralın 8-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.