“Ələk” ədəbi məclisinin növbəti görüşü keçirilib

Fevralın 5-də Ağcabədidə fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin növbəti toplantısı keçirilib. Heydər Əliyev Mərkəzində təşkil ounan görüşdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa qeyd edib ki, məclis bu il 9 yaşını qeyd edir. Bu illər ərzində burada istedadlı gənclər yetişib, onların yaradıcılığı diqqət çəkib və mətbuatda işıqlandırılıb, haqlarında tanınmış ədəbiyyat adamları xoş fikirlər bildiriblər. Məlum pandemiya səbəbindən məclislər bir müddət onlayn şəkildə təşkil olunub və bu zaman digər bölgələrdən olan şairlər də həmin görüşlərə qatılıblar.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gündüz Sevindik çıxış edərək 2022-ci il üçün təşkil olunan ilk görüşdə artıq yeni üzvlərin olduğunu vurğulayıb, onlara uğurlar arzu edib.

Daha sonra məclis üzvləri öz yaradıcılıq nümunələrini səsləndiriblər. Təqdim olunan şeirlər təhlil edilib, müəyyən nümunələri sizə təqdim edirik:

Qeyd edək ki, məclis ayda iki dəfə, həftənin şənbə günləri təşkil edilir.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Yaş gətirəndə

Həyat bəzən olur zalım-amansız,

Baharın yerinə qış gətirəndə.

Alır sevənlərdən sevinc payını,

Kirpiyə yük olan yaş gətirəndə.

Zamanın zərində nərd çaş-baş qalır,

Namərd oyununa mərd çaş-baş qalır,

O qədər dərd verir dərd çaş-baş qalır,

Göydən başımıza daş gətirəndə.

Əzaba yorğan tək bürünürük biz,

Qəm içində xoşbəxt görünürük biz

Hər gün son mənzilə sürünürük biz,

İllər yaş üstünə yaş gətirəndə.

Çox vaxt rişxənd edib güldük dünyaya,

Zərrə nəfsimizi böldük dünyaya,

Çıxıb nağıllardan gəldik dünyaya,

Alıb dimdiyinə quş gətirəndə.

Aynurə İNCİ

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Şəhid

Çöküm qarşısında haqqın, inamın,

Müqəddəs arzular gül açasıdır.

Əziz körpəsidir torpaq anamın,

Cənnət mələyidir gül parçasıdır

Şəhid.

Zəfər yollarına boylanıram mən,

Könlüm qürurumun şah sarayıdır.

Yığıb qucağına gətirmiş Vətən

Qeyrət müjdəsidir, qüdrət payıdır

Şəhid.

Haqdır ayrılığa tablamır ürək,

Körpə şəhidini hamı ağladı.

Qanın çiçək açıb, qanın mübarək

Qandı azadlığın birinci adı

Şəhid.

Yollara sərdiyim ömürdür, gündür

Məğrur yaşamağın dadı ayrıdır.

Yaşaya-yaşaya ölmək ölümdür,

Ölüb yaşamağın dadı ayrıdır

Şəhid.

Hər kəs köçəcəkdir bir gün dünyadan,

Hamının yurdunda Vətən qalası.

Əyməz qasırğalar, uçurmaz tufan,

Vətən qalasıdır, Vətən qalası

Şəhid.

Vəli QURBANOĞLU                                                                                                                                                                                                                                *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

        

Lövhələr

Ah bu şit adamlar,

Küt adamlar..

Əyni örtülü,

Beyni

lüt adamlar.

*   *   *

Mən sevmədim ki,

İlmə-ilmə hörüldüm sənə.

Bu ilmələrdə

Tanrı barmağını görmürsənmi?

*   *   *

Ən böyük ağrılar

qırmızı köynəklərin

altında gizlənər…

*   *   *

Atamın saralmış

əsgərlik fotosu kimisən.

Uzaqsan…

əzizsən…

        Məhsəti Musa                              

     *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***                                                             

Küçə

Ürəklər danışar yenə söz salar,

Kimi yolun əyri, kimi düz salar,

Yaxşı da iz salar, pis də iz salar,

Bu küçə hamının keçdiyi küçə.

Yüyürüb, yıxılıb, durduğum yoldu,

Xəyallar bəsləyib qurduğum yoldu,

Birindən məhəbbət umduğum yoldu,

Bu küçə hamının keçdiyi küçə.

Buludun göz yaşı gözəl tökülər,

Sevgisi sözündən əzəl tökülər,

Hərdən ayaqlara xəzəl tökülər,

Bu küçə hamının keçdiyi küçə.

Qəmli baxışların dolduğu yerdi,

Yanağın gültəki solduğu yerdi,

Dünyanın kimsəsiz olduğu yerdi,

Bu küçə, hamının keçdiyi küçə.

İllər rəndələyib ömrümü yondu,

Yağışda üşüyüb sazaqda dondum,

Kiminə əzəldi kiminə sondu,

Bu küçə, hamının keçdiyi küçə.

Xəzangül QƏDİMLİ

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Baxar korun nağılı

Hər bir işdə olur nəsə –

mükəmməliyi korlayan…

Yaranandan kimdi bizi,

Görəsən, öz gözümüzlə,

öz gözümüzə kor qoyan ?!

Bu bir nağıldırsa, kimə

danışaq nağılımızı ?…

Və beynimiz-ağlımız da

gözümüzün dalındadı,

görüb, qoruya bilmirik…

ona görə şeytan tez-tez

asanlıqla… ….

oğurlayır ağlımızı…

Yenə də günəş işığı…

bu, yanğındır, gündüz deyil.

Gecə – dünyanın canında

günəşdən yanıq izidir…

Cahandar AYBƏR

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Demək olmur…

Nakam bəxtin yüz rəngi var,

Qarasını demək olmur.

Sevgi dolu bir ürəyin,

Yarasını demək olmur…

Qırılmaz bənddi ki, sevgi

Keçilməz səddi ki, sevgi

Elə bir dərddi ki, sevgi

Çarasını demək olmur.

O qız bir yaz yağışıydı,

Naxışların naxışıydı,

Armudun ən yaxşısıydı,

Sonrasını demək olmur…

Gündüz SEVİNDİK

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

Şərhlər