Hər bir insanın həyatında məktəb mühüm rol oynayır. Bu danılmaz bir faktdır. Şübhəsiz, bizdə də belədir, bütün Şərqdə də, Qərbdə də, Amerika qitəsində də. Şəxsən öz həyatımda az-çox nə uğur qazanmışamsa, təhsil aldığım məktəbə, müəllimlərimə borcluyam. Çünki burada yazıb-oxumaqla, biliklərə yiyələnməklə yanaşı, kollektivdə ilk addımları atıb, başqaları ilə əlaqə, ünsiyyət qurmağı, davranmağı, cəmiyyət, Vətən, torpaq haqqında təfərrüatları öyrənməklə formalaşmışam.
Əslində məktəb gənc nəslə təlimlə birlikdə, tərbiyə də verir. Yəni, hər bir şagird tədris prosesində bilik və vərdişlər qazanmaqla bərabər, tərbiyə də alır, dünyagörüşü, əxlaqi dəyərlərlə silahlanır, ümumi davranış normalarına, mədəniyyətinə adaptasiya olunur. Doğrudur, uşağın tərbiyəsində ailə önəmli əhəmiyyət kəsb edir. Lakin bu sahədə məktəb daha böyük üstünlüklərə malikdir. Dəqiq desək, ailədə fərd kimi yetişən gənc nəslin nümayəndələri, məktəbdə ruhən milli psixologiyaya köklənir, cəmiyyət üçün hazırlanır, vətəndaş kimi böyüyür, həyata vəsiqə alır. Heç də gizli deyildir ki, hər bir azərbaycanlı ailəsində həmişə birmənalı olaraq, məktəb tərbiyə ocağı kimi dəyərləndirilir.
Təbiidir ki, tərbiyə işində ailə ilə məktəbin əlaqəsi, valideyn-məktəb münasibətləri xüsusi önəm daşıyır. Əvvəllər, biz oxuduğumuz illərdə bu vacib mexanizm çox dəqiq işləyirdi. Necə deyərlər, valideyn-məktəb əlaqələri zərgər dəqiqliyi ilə tənzimlənirdi. Bu, ilk növbədə, həm valideynin, həm də məktəb pedaqoji kollektivinin istəyindən, marağından və tələbkarlığından qaynaqlanırdı. Nəticə isə göz qabağında idi. Ailədə övlad, məktəbdə şagird hesab edilən yeniyetmə aldığı təhsil və tərbiyə sayəsində etimadı doğruldaraq, yararlı vətəndaş olduğunu təsdiqləyirdi. Belə olan halda, onun həyatda uğurlu addımlar atacağına heç kim şübhə etmirdi.
Təəssüflər olsun ki, hazırki dövrdə bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Biz bu gün hamımız həmin bağların qırıldığının şahidiyik. Valideynin məktəblə əlaqəsi demək olar ki, çox zəifdir. Açığı onlardan bunu kimsə düz-əməlli də tələb etmir. Halbuki hər bir valideyn övladının tərbiyəsi ilə yaxından məşğul olmalı, məktəblə əlaqəsini kəsməməlidir. Atalar demişkən, uşağım əzizdirsə, tərbiyəsi ondan da əzizdir. Məktəb də öz növbəsində bu əlaqədən yararlanmalıdır.
Zənnimcə, sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində yer alan, tez-tez nümayiş etdirilən və cəmiyyətdə ciddi rezonans doğuran məktəblilərin təhsil müəssisələrində qeyri-etik davranışları, artıq hərəkətlərə yol vermələri ilə əlaqədar faktların əsas səbəblərdən biri elə bununla əlaqədardır. Həmin xoşagəlməz halların səbəblərindən biri də, müəllimin, bütövlükdə məktəbin nüfuzu ilə bilavasitə bağlıdır. Mənə elə gəlir ki, hər bir müəllim təkcə biliyi, pedaqoji ustalığı ilə deyil, tələbkarlığı, şəxsiyyəti ilə də nümunəvi olmağı bacarmalıdır. Məsələ burasındadır ki, şagirdlər tərəfindən yol verilən bu xoşagəlməz, normal əxlaqa sığmayan halların məsuliyyəti ilk növbədə məktəb rəhbərlərinin üzərinə düşür. Ancaq nədənsə indiki bəzi məktəb direktorlarının fəaliyyətində tələbkarlıq, operativlik, prinsipial qərarlar çıxarmaq bacarığı yetərincə deyil. Qəribədir ki, onlar başçılıq etdikləri kollektivlərdə yol verilmiş neqativ halların əsas günahını müəllimlərdə axtarırlar.
İndi respublikamızda, eləcə də rayonumuzda qadın pedaqoqların direktor vəzifəsinə irəli çəkilməsi praktikası geniş yayılıb. Onların əksəriyyəti isə daşıdıqları vəzifələrin öhdəsindən layiqincə gələ bilmirlər. Bunu deyərkən, qadın və kişilər arasında ayrıseçkilik yaratmaq fikrindən tamam uzağam. Ancaq həqiqət belədir. Bu zaman mental dəyərləri də unutdurmamalıyıq. Kişi xarakteri ilə qadın xarakterini eyniləşdirmək olmaz. Etiraf edək ki, islaholunmaz, çətin tərbiyə olunan uşaqların qarşısının alınmasında qadın direktorlar mülayimlik cəsarətsizlik göstərir, belələri barəsində vaxtında ölçü götürmürlər. Nəticədə cəzasız qalan şagirdlər öz əməllərini davam etdirməkdən çəkinmirlər.
Yeri gəlmişkən qeyd edək ki, Ağcabədi məktəblərində şagirdlərin qeyri-etik davranışları ilə əlaqədar analoji faktlara sovetlər dönəmində də rast gəlinib. Nisbətən yaşlı nəslin nümayəndələri bunları yaxşı xatırlayarlar. Lakin Abdulla Zeyniyev, Xəlil Xəlilov, Əyyub Vəliyev, Əlaslan Bünyadov, Əziz Həsənov, Ağabala Kərimov, İsmayıl Qasımov, Əsgər Atakişiyev, Yasin Cəfərov və sair kimi adlarını çəkmədiyim məktəb rəhbərlərinin, zəngin təcrübəsi, qətiyyəti və fədakarlığı sayəsində həmin hallar tezliklə aradan qaldırılıb, təlim-tərbiyə sahəsində ciddi dönüş yaradılıb. Onların fəaliyyətləri, gördükləri işlər bu gün də əhali arasında ehtiramla xatırlanır.
Təqdim etdiyim bu yazıda şəxsi müşahidələrim əsasında yaranmış fikirlər əksini tapıb. Odur ki, gəldiyim qənaətləri sizinlə açıq bölüşməyi qərara aldım.
Yəhya PAŞAZADƏ