Hələ ötən əsrin ortalarında xalq şairi Rəsul Rza şeirlərindən birində yazırdı:
Mübarizə
bu gün də var,
Yarın da!
Mən də onun
ön sıralarında…
İlk misradakı kəlməni müharibə kimi işlətsək hər şey aydın olar. Əlbəttə, müharibənin özü elə mübarizə deməkdir. Özü də qanlı mübarizə. Həyatda insan oğlu əksər hallarda müharibə istəmir və ondan yan keçməyə üstünlük verir. Amma bəzən dünyamızda baş verən hadisələr ürəyimizcə olmasa da, vətənin qeyrətli oğulları bir an belə düşünmədən Ana Vətən, torpaq uğrunda savaşa atılır, onun hər qarış parçası üçün canlarından keçməyə hazır olurlar. Vətənpərvər oğullarda vətən sevgisi, torpaq eşqi o qədər böyükdür ki, onu sözlə ifadə etmək mümkün deyil…
Xəyal Elşad oğlu İsmayılov 1998-ci il mayın 11-də rayonumuzun Hindarx qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə E.İsmayılov adına 1 saylı qəsəbə tam orta məktəbini bitirib və elə həmin il hərbi xidmətə yollanıb. Naxçıvanda hərbi xidmətdə olan Xəyal ordu sıralarında qulluğu uğurla başa vurub və doğma qəsəbəyə qayıdıb. 2020-ci ilin sentyabr ayının 21-də yenidən ordu sıralarına çağrılıb, bir həftə təlim keçdikdən sonra, sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. Ön cəbhəyə atılan cəsur döyüşçünün savaş yolu Füzulinin Qaraxanbəyli kəndindən başlayıb. O, torpaqlarımızın düşməndən azad olunmasında yaxından iştirak edib. X.İsmayılov 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Xəyal İsmayılov hazırda dinc həyata qayıdıb. O, Ağcabədi Texniki Peşə məktəbinin elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru qrupunda təhsil alıb. Xəyalın qrup rəhbəri, Zabil Əhmədov söhbət zamanı onun olduqca nümunəvi, tərbiyəli, fəal gənc olduğunu söylədi və bildirdi ki, Xəyalın oxumağa, öyrənməyə böyük həvəsi var. İnanıram ki, o məktəbimizdə elektrik montyoru peşəsinə dərindən yiyələnəcək, əhaliyə lazımi xidmət göstərəcək.
Adil MİSİRLİ